Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Keçmiş prokurorun hamam görüntüləriylə şantaj işi: 46 ildən çox həbs tələbi... 


Tariyel Qurbanov
Tariyel Qurbanov

Əvvəllər Qaradağ, Hacıqabul rayonlarının prokuroru olmuş, daha sonra Abşeronda prokuror köməkçisi işləmiş Tariyel Qurbanovun şikayətilə həbs olunanlara 46 ildən çox cəza istənilib. Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Söhbət keçmiş prokuroru şantaj etməkdə və ona qarşı dələduzluqda ittiham olunan 7 nəfərdən gedir.

Prokuror Ümman Əliyevə 9 il, Elnur Eldarova 8 il 6 ay, İlqar Əliyev və Natiq Nuriyevin hər birinə 8 il, Ələkbər Nuriyevin 7 il, Sahilə Məmmədovanın 6 il azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən Pərvin Yusifova gəlincə, onun haqqında cinayət təqibinə xitam verilməsini təklif edib. Əsas kimi isə ona aid hissədə dəymiş ziyanı ödəməsi göstərilib - 3175 manat Baş Prokurorluğun depozit hesabına köçürülüb. Bu vəsaitin 25 faizi də (793 manat) dövlət büdcəsinə ödənilib.

Yusifovun vəkili də prokurorla razılaşıb.

Təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Məmmədovanın vəkili isə ona şərti cəza verilməsini istəyib.

Fotolarla hədələdikləri deyilir

Cinayət işinin materiallarında iddia olunur ki, Qurbanov Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza”da çəkilən görüntüləriylə şantaj olunub. Təqsirləndirilən şəxslərdən biri – Quba sakini Ümman Əliyev vaxtilə həmin hamamda işləyib, prokuroru da oradan tanıyıb.

İddia olunur ki, Qurbanovdan pulu öncə onu aldadıb alıblar. Bir müddət bu üsuldan istifadə edəndən sonra prokurorun artıq pul vermək istəmədiyini görəndə onu fotolarla hədələyiblər.

İttihamda yazılıb ki, Ümman Əliyev yıxılıb xəsarət aldığını deyib, müalicə üçün ondan pul istəyib. Qurbanov bir dəfə 300, ikinci dəfə 1500 manat olmaqla, iki dəfə ona pul göndərib. Pullar poçt vasitəsilə göndərilib, yaxud da Əliyevin tanışlarının bank kartlarına köçürülüb. Növbəti dəfə Qurbanov pul verməkdən imtina edib. Bundan sonra onu hamamda çəkilmiş fotolarını yayıb, biabır eləməklə şantaj ediblər.

20 min manat tələb olunanda...

Qurbanov şantajdan sonra 1000, 800, 1200 manat olmaqla, bir neçə dəfə pul verib. Sonuncu dəfə ondan 20 min manat tələb edəndə artıq şikayət etmək qərarına gəlib.

7 nəfərin əksəriyyəti özünü qismən təqsirli bilir. Ümumiyyətlə, özünü təqsirsiz sayanlar da var.

Bu işin əsas təşkilatçısı kimi təqdim olunan Ümman Əliyev də özünü qismən təqsirli sayır. O, dələduzluğu etiraf etsə də, şantaj ittihamıyla razılaşmır. Deyir ki, heç keçmiş prokurordan hədə-qorxu ilə pul tələb olunmasını təsdiqləyən sübut da yoxdur.

2001-ci ildə Qubadan Bakıya işləməyə gəldiyini deyən Əliyevin paytaxtda ilk iş yeri “Hamam Plaza” olub. Orada ofisiant işləyib: “Hamama gələnlərə çay, meyvə verirdim. Tariyel Qurbanovu da 2006-cı ildə oradan tanımışam. Ona bir ilə yaxın orada qulluq etmişəm”.

Zərərçəkmiş şikayətçi deyil

Qurbanov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Lakin o, artıq təqsirləndirilən şəxslərdən şikayətçi deyil. O, məhkəməyə bu barədə ərizə də təqdim edib.

Qurbanov əvvəllər müxtəlif rayonların prokuroru olmaqla yanaşı, həm də Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə 2023-cü il yanvarın 16-da xitam verilib: “Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil”.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

XS
SM
MD
LG