Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Taliban qadınlara xizək sürməyi də qadağan edir


Farahnaz Mohammadi
Farahnaz Mohammadi

Əfqanıstanın mərkəzi Bamiyan vilayətinin füsunkar dağları ölkənin xizəksürmə paytaxtı sayılır. 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirmiş Taliban isə qadınların bu dağlarda xizək sürməsini də qadağan edib.

Ölkənin qız və qadınlar üçün bu idman növü yüksəkliklərdə sığınacaq demək idi.

“Özümü xoşbəxt və azad hiss edirdim”, – atasıyla Kohe Babada xizək sürdüyünü xatırladan 16 yaşlı Elina Hüseyni danışır.

İndi dağ yamacında xizək sürmək bir çox əfqan qız və qadın kimi doqquzuncu sinif şagirdi üçün də xatirəyə çevrilib.

İslam Əmirliyi bərpa olunur...

Əfqanıstan Taliban idarəçiliyi altında artıq ikinci qışı geridə qoyur. Sərt xətt tərəfdarı olan bu ekstremist qruplaşma qadınların hüquq və fəaliyyətini məhdudlaşdıran bir sıra sərt qadağalar tətbiq edib. Elə 1996-2001-ci illərdə birinci hakimiyyət dönəmində də oxşar qadağalar qüvvədə olub.

Tədricən və qətiyyətlə İslam Əmirliyini bərpa edən Taliban yeniyetmə qızları və qadınları təhsildən və işdən uzaqlaşdırıb, onların ictimaiyyət arasına çıxmasına da qadağalar qoyub.

Xizəksürməyə qadağa qadın və qızların uzaqlaşdırıldığı idman növlərindən daha biridir.

Darıxdırıcı asudə vaxt

“İndi yalnız evlərimizə sıxışdırılmışıq”, – Hüseyni AzadlıqRadiosunun Radio Azadi xidmətinə deyib.

Hüseyni məktəbdən və idmandan kənarlaşdırılması nəticəsində qazandığı, heç də ürəyincə olmayan asudə vaxtını anasından naxış tikməyi öyrənməklə keçirir.

10-cu sinif şagirdi Farahnaz Mohammadi isə peşəkar xizəksürən olmaq istəyirdi. Bamyan vilayətində 50-dək qadın xizəksürən də Hüseyni ilə eyni duyğular keçirir.

“Çox darıxdırıcı, əzabvericidir. Taliban bizi təhsildən və asudə vaxtdan məhrum edib”, – Mohammadi Radio Azadi-yə deyib.

Bamyandakı Taliban rəsmiləri qadınların və qızların xizək sürməsinə qadağanı təsdiqləyib.

“Burada qadın atletlər var, ancaq onların dağlarda xizək sürməsinə icazə verilmir”, – Fiziki Tərbiyə və İdman Baş Direktorluğunun vilayət üzrə başçısı Ziauddin Begzad deyib.

Arenaları aşan qadağalar

Taliban 2021-ci ilin avqustunda Kabildə hakimiyyəti ələ keçirəndən bir neçə həftə sonra qadınların idmanla məşğul olmasını yasaqlayıb. Bir çox peşəkar və həvəskar idmançı qadınlar ya məşqləri gizli davam etdiriblər, ya da Əfqanıstandan gediblər.

Onlardan bəziləri ölkədən kənarda məşqlərini davam etdirmək imkanı əldə ediblər.

Əfqanıstanda qadınların futbol komandası da dağılıb, çünki üzvləri Taliban hakimiyyətə gələndən sonra Avstraliyaya qaçıb. Ölkənin mühacirətdə olan futbol federasiyası komandanın Əfqanıstanı təmsil etmək hüququnun bərpasına FIFA-nın dəstəyini alıb. Federasiya bu həftə elan edib ki, qadınların yığma komandası üçün tezliklə təlim düşərgəsi təşkil edəcək.

Talibanın idman qadağası arenaları da aşıb. Noyabrda qadınların idman zallarından istifadəsi yasaqlanıb, onlara idmanla evdə məşğul olmaq buyrulub.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə növbəti ay xəbərdarlıq edib ki, Taliban qadın atletlərin “təhlükəsiz və inklüziv çıxışı”na şərait yaratmasa, qadınların idman administrasiyasında iştirakına icazə verməsə, Əfqanıstanla işləməyi dayandıra bilər.

XS
SM
MD
LG