Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

'Gürcü Arzusu' niyə geri çəkildi. Gənclərin reaksiyasını gözləmirdi


Tbilisi, 9 mart, 2023-cü il
Tbilisi, 9 mart, 2023-cü il

Martın 10-da Gürcüstan parlamentinin deputatları ikinci səsvermədə “xarici agentlər” qanun layihəsinin əleyhinə səs veriblər. 35-1 səs fərqiylə rədd olunan qanun layihəsi 30 gün ərzində dəyişikliklər birlikdə yenidən təqdim oluna bilər.

Hakim “Gürcü Arzusu” partiyası bir gün öncə qanun layihəsini parlamentdən geri götürdüyünü açıqlayıb.

+++

Bu həftə Gürcüstan hökuməti qalmaqallı “xarici agentlər” qanun layihəsini parlamentdən geri götürməli oldu. Layihə martın 7-də birinci oxunuşda qəbul olunsa da, ikigünlük zorakı etirazlar hakim “Gürcü Arzusu” partiyasını geri çəkilməyə vadar etdi.

Qanuna görə, maliyyəsinin azı 20 faizini xaricdən alan qurumlar bunu bəyan etməliydilər, məqsəd “xarici təsirin şəffaflığını” təmin etməklə izah olunurdu. Tənqidçilər isə bu layihəni Rusiyanın 2012-ci ildə qəbul etdiyi “xarici agentlər” qanunu ilə müqayisə edirdilər. Etirazçılar “Rusiya qanununa yox!” şüarı səsləndirirdilər.

Qanunvericiliyi populist Xalqın Gücü partiyası hazırlayıb. Bu partiya avqustda Gürcü Arzusu-ndan ayrılan, ancaq hələ də hakim çoxluğu dəstəkləyən bir qrup tərəfindən təsis olunub.

Hakim partiya və Xalqın Gücü-nun qanun layihəsinə mümkün reaksiyanı yanlış hesabladığı görünür.

“Bu arzu yaşlı nəsildəkindən daha güclüdür”

Parlamentin keçmiş üzvü, konstitusiya hüququ üzrə ekspert Vaxtanq Xmaladze AzadlıqRadiosu-nun gürcü xidmətinə deyib ki, ola bilsin, hakim partiya daha gənc nəslin böhran anında hərəkətə keçəcəyini gözləməyib.

“Yeni nəslin dəyişiklik, daha çox azadlıq, mümkün qədər az məhdudiyyətlərlə bağlı güclü arzusu var. Bu arzu yaşlı nəsildəkindən daha güclüdür. Hökumət gənclərin belə intensiv, sürətli və emosional reaksiya verəcəyini gözləmirdi”, – Xmaladze vurğulayıb.

Ekspertin sözlərinə görə, hətta “xarici təsirin şəffaflığı” layihəsinin detallarını anlamayanlar belə onun əhəmiyyətini dərk edirdi.

Hökumət eyni zamanda “bu layihələrin opponentlərinə onların tərəfdarlarından daha güclü ictimai inamın” mövcudluğunu da görə bilməyib, Xmaladze vurğulayıb.

Gürcü Arzusu Aİ yolunda tikana çevrilib

Gürcü Arzusu hökumətinin ölkənin Avropa İttifaqı yolunda bir tikana çevrilməsi də ortadadır. İki il öncə Brüsselin vasitəçiliyi ilə müxalifət təmsilçilərinin ədalətsiz adlandırdığı 2020-ci il oktyabr seçkisindən sonra parlamentə getməsi üçün razılaşma əldə olundu, sonra pozuldu.

Keçmiş prezident Mixeil Saakaşvili hələ də həbsxanadadır, müttəfiqləri onun ağır xəstə olduğunu deyirlər. Ötən ilsə Tbilisinin siyasi və digər islahatlarla bağlı öhdəliklərini yerinə yetirə bilməməsi ona Aİ-yə namizəd statusu verilməsini önlədi. Ukrayna və Moldova bu statusu aldılar.

Aİ, ABŞ etirazlara səbəb olmuş layihədən “dərin narahatlıq” bildirmişdilər, onun geri çəkilməsini alqışlayıblar.

Bu qanunvericiliyi Rusiyanınkı ilə müqayisə etsələr də, əslində, Gürcüstanda Rusiyaya qarşı əhval adətən güclü olub. Rusiya qoşunları ölkə ərazisinin beşdə birinə nəzarət edir, onu da əsasən 2008-ci ilin qısa müharibəsi ilə ələ keçirib. Moskva Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını dəstəkləyir.

Kremlin ötən ilin fevralından Ukraynaya qarşı səbəbsiz müharibəyə başlamasından sonra Gürcüstana da əcnəbi axını artıb. Onminlərlə ukraynalı ölkədən qaçmalı olub. Rusiyalılar isə səfərbərlik səbəbindən ölkələrini tərk edirlər.

Vaxt da düzgün seçilməyib

Bu baxımdan, “xarici agent” qanunvericiliyi elə də əlverişli vaxtda təqdim olunmayıb. Çünki Rusiyada oxşar qanundan QHT-lərin, müstəqil medianın, Kremlin tənqidçilərinin susdurulması üçün istifadə olunub.

Gürcüstan ictimaiyyəti ukraynalıları dəstəklədiyi halda hakim Gürcü Arzusu Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb. Ancaq ötən ilin iyununda kütləvi etirazlar ictimaiyyətin səbr kasasının dolduğunu göstərib. Onlar hökumətin Brüsselin tələb etdiyi islahatları yerinə yetirməməsinə etiraz edirdilər.

Berlində yerləşən “Scripts” liberal təhlil mərkəzindən Anastasiya Mqaloblişvili “xarici agentlər” qanununun təqdimatını Kremlin “Gürcüstana qarşı boz zona əməliyyatlarında” “gizli qələbə” adlandırmışdı.

Konstitusiya hüququ eksperti Xmaladze isə qanun layihəsinin iflasında başqa faktor da görür: “Hökumət xalqın yalanları qəbul, yaxud rədd edəcəyini heç nəzərə almamışdı”.

Yanukoviç misalı

Şəffaflıq üzrə ekspert Hanz Gutbrod isə hakim partiyanın hərəkətlərini Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Aİ-yə inteqrasiya məsələsində sərt dönüşünə bənzədir. Nəticədə 2013-cü ilin sonunda ölkədə Avromaydan etirazları başlandı, bu isə on ildir davam edən siyasi çaxnaşmaya və müharibəyə yol açdı.

Tənqidçilər Gürcü Arzusu-nun son illər yerinə yetirmədiyi vədlərini də yada salırlar. 2019-cu ildə rusiyalı deputatın parlamentdə sədrin yerində oturmasının səbəb olduğu etirazlar qəddarlıqla yatırdıldı. Bundan sonra hakim partiyanın qurucusu, milyarder Bidzina İvanişvili 2020-ci il seçkisində etirazçıların tələblərindən proporsional sistemin tətbiqiylə bağlı vəd vermişdi. Ancaq bu heç vaxt baş vermədi.

Avropa Şurasının Prezidenti Şarl Mişel 2021-ci ilin aprelində Gürcü Arzusu ilə müxalifət arasında vasitəçilik edərək müxalifətin parlamenti boykot etməsinin qarşısını aldı. Ancaq iyulun sonunda partiya sədri Kobaxidze Gürcü Arzusu-nun razılaşmadan çıxdığını elan elədi.

XS
SM
MD
LG