Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Yeni Azərbaycan Partiyasının gəlirləri iki dəfə artıb


YAP tərəfdarları İlham Əliyevin prezident seçkisində qələbəsini bayram edirlər. 2013
YAP tərəfdarları İlham Əliyevin prezident seçkisində qələbəsini bayram edirlər. 2013

İqtidardakı Yeni Azərbaycan Partiyası (YAP) ötən ilin maliyyə hesabatını açıqlayıb. Açıqlanan bilgilərdən aydın olur ki, 2022-ci ildə hakim partiya toplam 26 milyon 794 min manat gəlir qazanıb. Müqayisə üçün: 2021-ci ildə toplam gəliri cəmi 13 milyon 156 min manat olmuşdu. Daha bir il öncə - 2020-ci ildə YAP-ın gəliri 12 milyon 300 min manat idi. Bu isə o deməkdir ki, YAP ötən il gəlirlərini iki dəfə artırıb. Yada salmağa dəyər ki, 2022-ci ilin əvvəlindən bəri iqtidar partiyası üzvlük haqlarını artırıb. Maliyyə hesabatından aydınlaşır ki, partiyanın gəlirlərindəki artımın başlıca səbəbi elə üzvlük haqlarının artırılmasıdır. Ötən il YAP üzvlərinin sayı 14 min nəfər çoxalıb və partiyanın üzvlük haqlarından əldə etdiyi gəlir 11 milyon manatdan 22 milyon manata yüksəlib. Bu isə o deməkdir ki, Yeni Azərbaycan Partiyasının 2022-ci ildə əldə etdiyi gəlirin 86 faizi üzvlük haqları hesabına təmin edilib. Ötən il bu göstərici 2 faiz bəndi daha aşağı – 84 faiz idi.

Üzvlük haqqı necə müəyyənləşir?

İndi YAP-da üzvlük haqları belə ödənir:

- muzdlu işçilər: aylıq əməkhaqqının 1 faizi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan partiya üzvləri: minimum aylıq əməkhaqqının 2 mislinin 1 faizi (başqa sözlə, 6 manat 90 qəpik);

- mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən Partiya üzvləri: minimum aylıq əməkhaqqının 1 faizi (3 manat 45 qəpik);

Sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və s.) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan partiya üzvləri, o cümlədən tələbələr üçün üzvlük haqqı könüllülük əsasında müəyyən edilir.

Üzvlük haqqına dair ötən il baş verən dəyişikliyədək YAP-da üzvlük haqları minimum 1 manat olaraq müəyyənləşdirilmişdi. O vaxt mediaya açıqlama verən partiyanın keçmiş icra katibi Siyavuş Novruzov bildirmişdi ki, partiyaya üzvlük haqqı aylıq minimum 1 manatdır, amma istəyən üzvlər daha çox ödəyə bilərlər.

Partiyanın rəsmi saytında yerləşdirilən statistikaya görə, hazırda YAP üzvlərinin sayı 774 min 563 nəfərdir. Bu, ölkədə 18 yaşını aşan vətəndaşların təxminən 10 faizi deməkdir. Partiyanın tənqidçiləri tez-tez bildirirlər ki, YAP-ın bu qədər çoxüzvlü olması inzibati resurslar hesabına təmin edilir. Özəlliklə büdcə təşkilatlarında çalışanlar bəzən heç razılığı alınmadan partiyaya üzv yazdırılır və onların əmək haqlarından partiyaya tutulmalar aparılır.

Digər gəlir və xərclər

Ötən il YAP-ın dövlət büdcəsindən qazandığı vəsaitin də həcmi artıb. Əgər 2021-ci ildə partiya dövlət büdcəsindən 1 milyon 888 min manat almışdısa, ötən il bu rəqəm 2 milyon 403 min manata yüksəlib. 2022-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 5 milyon manat ayrılmışdı. Deməli, ötən il dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin tən yarısı YAP-a çatıb. Məlumdur ki, Azərbaycanda siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitdə partiyanın parlamentdəki yerlərinin sayı mühüm rol oynayır. Sonuncu seçkilərdə partiyanın 70 üzvü parlamentdə yer qazanmışdı. Ancaq sonradan onların bir neçəsi müxtəlif səbəblərdən (ölüm, həbs, başqa vəzifəyə təyinat, seçkilərin ləğvi) vəzifəsini itirmişdi. Hazırda parlamentdə YAP-dan sonra ən çox üzvü olan partiyanın (VHP) cəmi üç üzvü fəaliyyət göstərir. Bu üzdən, dövlət büdcəsindən ayrılan vəsaitin də əsas hissəsi məhz YAP-a çatır.

Partiyanın xərclərinə gəlincə, burada əsas pay partiyanın saxlanması və informasiya təminatı ilə bağlı xərclərdir. Ötən il YAP bu istiqamətdə 13 milyon 606 min manat xərcləyib. Partiyanın toplam xərclərinin 15 milyon 878 min manat olduğu nəzərə alınsa, bu, bütün xərclərin 86 faizi deməkdir. Ötən illə müqayisədə YAP-ın saxlanma xərcləri 4 milyon manat artıb. Mediada çıxan xəbərlərdə bildirilirdi ki, 2022-ci ildə YAP-ın rayon və təşkilat sədrlərinin maaşları artırılıb və, üstəlik, onlara daha bahalı xidməti avtomobilləri alınıb.

Beləliklə, ötən il partiya 26 milyon 794 min manat qazanıb və bu məbləğin 15 milyon 878 min manatını xərcləyib. Nəticədə, YAP-ın 2022-ci ildə xalis mənfəəti 10 milyon 916 min manat olub. Bu, 2021-ci illə müqayisədə ( 2 milyon 506 min manat) dörd dəfə artım deməkdir.

XS
SM
MD
LG