Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Putinin həbs orderi Kremli əndişəyə salıb – Rusiya mediası


Niderlandda keçirilən anti-Putin aksiyasının plakatı
Niderlandda keçirilən anti-Putin aksiyasının plakatı

Rusiya prezidentinin administrasiyasında Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi üçün orderini Qərbin “ən gözlənilməz addımı” adlandırıblar.

Bunu Kremlə yaxın mənbələrə istinadla Rusiyanın Meduza qəzeti yazıb.

BCM Putini Ukrayna əhalisinin, o cümlədən Ukrayna uşaqlarının qanunsuz olaraq Rusiyaya deportasiyasında şübhəli bilir. Ekspertlərin fikrincə bu, müharibə cinayətlərinin ən ağır formalarından biridir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu orderin verilməsindən sonra Putini Haaqa Məhkəməsinin yursidiksayısını qəbul etmiş 123 ölkədə həbs edə bilərlər.

Meduza qəzetinin mənbələri bildirirlər ki, Kremldə yaranmış yeni vəziyyətdə prezidentin təhlükəsizliyinin necə təmin olunacağını bilmirlər.

Qəzetin mənbələri Putinin həbsini “qeyri-mümkün” hesab edirlər, sadəcə olaraq ona görə ki, Rusiya prezidenti həbsi üçün ən cüzi imkan olan ölkələrə səfər etməyəcək.

Bu 123 ölkənin arasında Rusiyanın daxil olduğu BRIKS təşkilatına üzv Cənubi Afrika Respublikası, habelə MDB-yə daxil Tacikistan da var. CAR artıq həbs orderini “nəzərə alacağını” bildirib.

BMT səfiri də əl-ayağa düşüb

Qəzet yazır ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra Putin nisbətən müntəzəm qaydada xaricə səfərlər edib. O son bir il ərzində MDB-nin 6 ölkəsində və İranda olub. Məhz bu səfərlərin sayəsində təbliğatçılar bəyan ediblər ki, “Rusiyanın dostları onu istəməyənlərdən çoxdur”.

Bu da qeyd olunur ki, Çin rəhbəri Si Tsinpinin Moskvaya səfəri Putin üçün bir az təsəlli ola bilər. Çin də BCM-in iştirakçısı deyil.

Bu arada Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bəyan edib ki, Ukrayna ərazisindəki uşaqları oradan “təhlükədən qorumaq üçün çıxarıblar və Rusiya bu təhlükə aradan qalxan kimi uşaqları Ukraynaya qaytaracaq”.

Nebenzyanın sözlərinə görə Rusiya aprelin əvvəllərində BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırmaq istəyir ki, orda Ukrayna uşaqlarının deportasiyası məsələsinin “şişirdildiyini” sübut etsin.

AzadlıqRadiosu yazır ki, Haaqa məhkəməsi BMT-nin orqanı deyil, amma BMT üzvlərinin əksəriyyəti BCM-in yurisdiksiyasını tanıyır.

Təkzibedilməz fərman

BCM-in ittihamnaməsində deyilir ki, Rusiya hakimiyyəti ötən ilin fevralında Ukraynaya qarşı tammiqyaslı müharibənin əvvəllərində Ukraynanın işğal olunmuş ərazilərindən Kiyevin və uşaqların valideynləri və ya hamilərinin icazəsi olmadan minlərlə uşağı Rusiya ərazisinə aparıb.

Rusiya səfiri Ukrayna uşaqlarının qaytarılacağını vəd etsə də, bu, hazırda o qədər də sadə məsələ kimi görünmür.

Ötən ilin may ayında Putin ukraynalı uşaqlara Rusiya pasportlarının verilməsini sadələşdirən fərman verib, bu isə öz növbəsində onların Rusiyada övladlığa götürülməsinə yol açıb.

Məsələn, BCM-in barəsində həbs orderi verdiyi ikinci şəxs - Rusiyada uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova Putinlə görüşdə demişdi ki, onun sayəsində Mariupoldan olan 15 yaşlı oğlanı övladlığa götürüb.

Buna görə də Nebenzyanın ukraynalı uşaqların Rusiyaya müvəqqəti aparıldığına dair dedikləri inandırıcı görünmür.

Kədərli statistika

Yeri gəlmişkən, Rusiya tərəfi bu istiqamətdə artıq praktik addımlar atmağa başlayıb.

Martın 21-də Ukrayna ombudsmanı Dmitri Lyubinets 15 ukraynalı uşağın, anaları ilə birlikdə evlərinə qaytarıldığını xəbər verib.

Bunlar hələ müharibənin əvvəllərində Xarkov və Xerson vilayətlərindən aparılmış uşaqlardır.

Müxtəlif hesablamalara görə hazırda Rusiya ərazisində Ukraynadan aparılmış 700 mindən çox uşaq var.

Mariupollu ata Yevgen Mejevoy uşaqlarını Rusiyadan geri qaytara bilib
Mariupollu ata Yevgen Mejevoy uşaqlarını Rusiyadan geri qaytara bilib

2022-ci ilin iyununda Rusiya müdafiəsinin idarə olunması üzrə milli mərkəzin rəisi Mixail Mizintsev demişdi ki, “xüsusi hərbi əməliyyat”ın gedişində “Ukraynanın və Donbas respublikalarının təhlükəli ərazilərindən 300 mindən çox uşaq çıxarılıb”.

2023-cü ilin fevral ayında Rusiyanın TASS dövlət xəbər agentliyin belə uşaqların sayının 730 min olduğunu bildirmişdi.

Ukraynanın uşaq ombudsmanı Darya Gerasimçuk bu rəqəmin daha böyük olduğunu deyir.

O bildirib ki, Ukrayna ərazisindən 16 min uşağın aparılması barədə təfərrüatlı informasiya var.

Bundan əvvəl Ukrayna aparılan uşaqlardan 2161-nin yetim olduğunu xəbər vermişdi.

Ukraynanın bu kəndi 14 dəfə əldən-ələ keçib
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Kremldə başqa oyunçular güclənir

Meduza qəzetində dərc olunmuş məqalənin müəllifi Andrey Pertsev CurrentTime kanalına deyib ki, Putin barədə həbs orderinin verilməsi Rusiya rəhbərliyində başqa fiqurları gündəmə gətirib.

“İdeologiya ilə məşğul olan adamlar deyirlər ki, indi Rusiyanın başqa danışıqçılarının rolu artıb. Bu order, belə çıxır ki, ABŞ və başqa ölkələrlə danışıqlar aparan başqa danışıqçıların rolunu gücləndirib. İndi danışıqları kim aparacaq? Məlumdur ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin ABŞ-ın xüsusi xidmətlərinin yüksək vəzifəliləri ilə danışıqlarda olublar.”

Pertsev Kreml mənbələrinə istinadən bildirib ki, həbs orderi Putini şəxsən bərk pərt edib:

“O yayın əvvəllərindən əsasən müxtəlif MDB ölkələrinə geniş səfərlər edirdi. Sammitlərə, müşavirələrə. Yəni o bu prosesdən xoşlanırdı. Burdan belə bir nəticə çxıara bilərik ki, həbs orderi şəxsən onun qanını qaraldıb.”

Ötən il dekabrın 27-də MDB-nin Moskvada keçirilən qeyri-rəsmi sammitində Vladimir Putin və qonaqları
Ötən il dekabrın 27-də MDB-nin Moskvada keçirilən qeyri-rəsmi sammitində Vladimir Putin və qonaqları

Hətta MDB ölkələri də...

Pertsev hesab edir ki, Putin belə səfərlərini davam etdirə biləcək, amma indi bunu etmək mürəkkəb olacaq:

“İndi yalnız onun yanına gələ biləcəklər...Amma indi liderləri belə səfərlərə zorla çəkib gətirmək lazım gələcək. Düşünürəm ki, hətta MDB liderləri bu yaxınlarda Moskvaya səfər etmiş Lukaşenka kimi “gəlməyə bilməzdim” deyə bilməyəcəklər”.

Jurnalist bildirib ki, məsələn Tacikistanın lideri belə bir görüşdən imtina edə bilərdi, çünki onun ölkəsi Haaqa məhkəməsinin iştirakçısıdır.

O xatırladıb ki, Emomali Rahmon ötən il keçirilmiş MDB sammitlərindən birində Putini açıq tənqid etmişdi. Rahmonov bildirmişdi ki, MDB xalqları heç kəsin kiçik qardaşı olmaq istəmirlər, onlara hörmət göstərilməsini istəyirlər:

“Belə bir sual doğacaq: bu necə çoxqütblü dünyanın sütunu və məzlumların müdafiəçisidir ki, öz ölkəsində oturub və heç yerə gedə bilmir”.

Şərhçilərin fikrincə BCM-in yurisdiksiyasını tanıyan 123 ölkənin rəhbərləri də Rusiyaya səfər etməməyə çalışacaqlar.

XS
SM
MD
LG