Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Sabiq müstəntiqlə bağlı məhkəmə: 'Pulu Baş Prokurorluqdakılara verdiyini deyir...'


 25 min manat rüşvət almaqda ittiham olunur.
25 min manat rüşvət almaqda ittiham olunur.

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində illərlə müxtəlif cinayətlərin istintaqını aparmış müstəntiq Nicat Acalov özü indi ağır cinayətdə ittiham olunur. O, hazırda həbsdə olmasa da, Bakı Hərbi Məhkəməsində mühakimə edilir. Təxminən bir ay öncə onun işi üzrə məhkəmə araşdırmaları başlayıb və proses aprelin 3-də davam edəcək.

Acalov icraatındakı cinayət işlərindən biri üzrə təqsirləndirilən şəxsin – Faiq Məmmədovun qohumlarından 25 min manat rüşvət almaqda ittiham olunur.

"Deyirdi ki, mənlik deyil"

Narkotik ittihamı ilə həbsdə olan Məmmədov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Hazırda onun işi Ali Məhkəmədədir.

Məmmədovun anası - Yevlax sakini Məhsəti Məmmədova iddia edir ki, oğlu taksi fəaliyyəti ilə məşğul idi və şərlənərək həbs olunub. Onun sözlərinə görə, müstəntiq də oğlunun təqsirsiz olduğunu bilirdi.

"Deyirdi ki, mənlik deyil, Baş Prokurorluqdakı yüksək vəzifəli adamların adlarını çəkirdi. Bildirirdi ki, onlara pul çatmasa, kömək eləmək mümkün deyil. Biz də məcbur olub yıxılıb-söküldük, bir neçə dəfəyə o 25 mini verdik", – Məmmədova belə deyir.

O bildirir ki, Acalova 25 min manat verdiklərini, həmçinin DSX müstəntiqinin vədlərini sübut edən faktlar var. Faiq Məmmədovun işi üzrə istintaq başa çatanda işin düzəlmədiyini anlayıb pulu geri tələb ediblər, prokurorluğa şikayətlər göndəriblər. Məmmədovanın dediyinə görə, müstəntiq öncə pul alması haqda iddiaları təkzib etsə də, sonradan pulu qaytarıb.

"Baş verənlərə həyat yoldaşımın ürəyi dözmədi"

Acalov 2022-ci ilin noyabrında vəzifəsindən azad edilib, fevralda isə məhkəmə qarşısına çıxarılıb. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunur. Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Amma bu, Məmmədovanı qane etmir. Səbəbini də belə izah edir: "Oğluma 13 il cəza verilməsinə, baş verənlərə həyat yoldaşımın ürəyi dözmədi, partladı öldü. Pulu tələb elədik deyə, birinci instansiyada oğluma qarşı adamı öyrətmişdi bu Acalov. O adam apellyasiya məhkəməsində etiraf elədi, hakim fikir vermədi. Səs yazılarında pulu Baş Prokurorluqdan yüksək vəzifəlilərə verdiyini deyir, bu niyə araşdırılmır? Araşdırılmasa, onları özüm yayacam".

Sabiq müstəntiq Nicat Acalov özünü qismən təqsirli bilir. O, rüşvət ittihamını qəbul etmir. Acalov Məmmədovun yaxınlarından alınan pulun yüksək vəzifəli şəxslərə çatdırılması məqsədilə alınması iddialarını da təsdiqləməyib. O vurğulayıb ki, əgər pulu rüşvət olaraq alsaydı, Məmmədovun işi üzrə istintaqa təsir göstərərdi.

Qarşı tərəf isə narahatdır ki, məhkəmə sonda sabiq müstəntiq haqqında rüşvət ittihamını dələduzluğa tövsif edəcək və onun barəsində cinayət işinə xitam veriləcək: "Bildiyimə görə, dələduzluqda əgər ziyan ödənilirsə, üstəlik, o məbləğin müəyyən faizi dövlətə keçirilirsə, cinayət işinə xitam verilir. Nicat Acalova da ad çəkməməyinin qarşılığında bunu edəcəklərini eşitmişəm…".

XS
SM
MD
LG