Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Tərtər işgəncələri: 'Su əvəzinə sidik verirdilər'. 'Polad Həşimov haqda ifadə tələb edirdilər'...


'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

Yevlax sakini Vasif Ağayev Tərtər hadisələri zamanı işgəncə nəticəsində sağlamlığını itirib, əlil olub. Onun həm hərəkətində, həm də nitqində problemlər yaranıb.

"Sağlamlığımı itirdim, ailəm dağıldı. Canlı-cüssəli bir oğlan idim. Məni o qədər toka veriblər, o qədər zülm çəkmişəm, bir Allah bilir. Bütün həyatımı darmadağın elədilər. İndi elə vəziyyətə düşmüşəm, özüm-özümə nifrət edirəm. Mənə pensiya kəsiblər, onu da bir ay 400 manat verirlər, bir ay 200 manat...", – Vasif Ağayev məhkəmədə ifadə verərkən danışıb.

30-yaşlı Ağayev 2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı hərbçilərə işgəncə verməkdə suçlanan dörd nəfərin işi üzrə 192 zərərçəkmişdən biridir. Söhbət Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdan gedir. Adları çəkilən dörd nəfər Tərtər işgəncələrində ittiham olunanların bir hissəsidir. Hələ ki, bunların mühakiməsi başlayıb. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.

"Yaş corab geyindirib tok verirdilər"

Hazırda bu məhkəmə prosesində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Martın 28-də dindirilən Vasif Ağayev deyir ki, 2017-ci ilin mayında postda xidmətdən düşürüb "Kamaz"la işgəncə verilən binaya gətiriblər.

"Başımıza torba keçirdilər, dizi üstə oturtdular. Nalayiq söyüşlər söyürdülər. Atamın goruna and içdim ki, mən erməniyə, rusa işləmirəm. Vüsal Ələsgərov atamın goruna da söydü. O binanı "ay ana..." naləsi, ulaşma səsi bürümüşdü. Yaş corab geyindirib tok verirdilər. Mənə o qədər işgəncə vermişdilər, özümdən getmişdim", - Ağayev ifadəsində danışıb.

Onun sözlərinə görə, vəziyyəti ağırlaşdığından Bakıya – Mərkəzi Hərbi Hospitala köçürülüb, lakin işgəncələr dayanmayıb. Deyir ki, orada onları çarpayıya bağlamışdılar, hətta tibb bacıları da pis rəftar edirdilər: "Əllərimiz bağlı, qaşığı ağzımıza soxurdular, az qalırdılar, xirtdəyimizi çıxaralar ki, "vətən xainisiniz".

Ağayev təqsirləndirilən şəxslərdən polkovnik Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb. Hesab edir ki, sağlamlığını itirməsinin səbəbkarı odur.

"Əllərimiz bağlı, it kimi yemək yemişik"

Digər zərərçəkmişlər İsabala Məmmədov, Bəhmən Məcidov da təqsirləndirilən şəxslərdən yalnız polkovnik Ələsgərovdan şikayətçi olub.

"Mən özümü zabit kimi hiss eləyə bilmirəm, çünki hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Bu, mənim ailəmi niyə söyməlidir? Mən niyə döyülməliyəm? Bizim zabit şərəfimiz alçaldılıb", – zərərçəkmiş Məcidovun sözləridir.

O, bədənində olan bıçaq, elektrik cərəyanının izlərini də məhkəmədə nümayiş etdirib. Məcidov deyir ki, ondan tabor komandiri Pərviz Pirməmmədovun üzünə durmaq tələb olunurdu.

Təxminən iki ay işgəncə altında saxlandığını deyən zərərçəkmişin sözlərinə görə, uzun müddət əlləri, gözləri bağlı vəziyyətdə saxlanılıb. O deyir ki, hətta yemək veriləndə də təhqir olunurdular: "Əllərimiz bağlı, it kimi yemək yemişik. Biz keçə-keçə, onların da əllərində çömçə bizə yemək veriblər. Onda da biri başımıza qapaz vururdu, biri kürəyimizə vururdu. Su yerinə bizə sidik gətirib verirdilər. Məni yerdə uzadırdılar, Vüsal Ələsgərov başımın üstünə ayağını qoyurdu, üstümdən keçirdi...".

"Polad Həşimov barədə bildiklərimi söyləməyi tələb edirdilər"

Zərərçəkənlər arasında polkovnik Pərviz Pirməmmədov da var. O, Tərtər hadisələri dövründə tabor komandiri olub. Pirməmmədovun dediyinə görə, bu hadisələrdən öncə polkovnik Ələsgərovla münasibətləri yaxşı deyildi. O, məhkəmədə 2017-ci ildə başına gələnləri - məruz qaldığı işgəncələri yadına salıb yenidən danışmaq istəməyib. Qısaca onu deyib ki, ona bir müddət Tərtərdə işgəncə verəndən sonra Bakıya – Mərkəzi Hərbi Hospitala gətiriblər. Onun sözlərinə görə, bir həftə ayaq üstə saxlanılıb.

İstintaqa ifadəsində isə o, polkovnik Vüsal Ələsgərovun qara maskalılarla birlikdə onu döyməsi, təhqir etməsindən bəhs edir. Pirməmmədov deyir ki, onu düşmənlə əməkdaşlıqda ittiham edirdilər.

"İşgəncə verib Polad Həşimov barədə bildiklərimi söyləməyi tələb edirdilər...", – bu da Pirməmmədovun ifadəsində yer alıb.

General Polad Həşimov 2020-ci il iyulun 12-də Tovuz istiqamətində döyüşlərdə həlak olub.

Zərərçəkənlər ifadələrində həmin dövrdə I korpusun komandiri olmuş general-mayor Hikmət Həsənovun da adını çəkiblər. Onlar bildirib ki, Həsənov işgəncələrdə birbaşa iştirak edib, onun göstərişi ilə bir çox addımlar atılıb.

Həsənovun barəsindəki ittihamlara münasibəti bəlli deyil.

Özlərini təqsirli bilmirlər

Zərərçəkənlərin ifadələrində səsləndirdikləri fikirlərə təqsirləndirilən şəxslərin heç biri, o cümlədən polkovnik Ələsgərov heç bir reaksiya verməyib. O, zərərçəkmişlərin dediklərini nə təsdiq, nə də təkzib edib.

Ələsgərov məhkəmədə ifadə verməkdən, zərərçəkənlərin suallarını cavablandırmaqdan imtina edib. Yalnız onu deyib ki, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.

Ümumiyyətlə, bu cinayət işi üzrə məhkəmə qarşısına çıxarılan dörd nəfərin heç biri özünü təqsirli bilmir.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib. Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfər aprelin 5-də məhkəmə qarşısına çıxarılacaq.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG