Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Putin Rusiyada terror aktlarına görə Qərbi ittiham edir


Prezident Vladimir Putin aprelin 5-də Rusiya Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında iddia edib ki, Rusiya ərazisində və Ukraynada Rusiyanın işğalı altında olan ərazilərdə törədilən diversiya və terror aktlarında “üçüncü ölkələrin, Qərb xüsusi xidmətlərinin potensialından” istifadə olunur.

Putin dediklərinə heç bir dəlil-sübut göstərməsə də, iddia edib ki, “bunun məhz belə olduğunu deməyə bütün əsaslar var”.

Putinin sözlərinə görə “hakimiyyət təmsilçilərinə və hüquq-mühafizə orqanlarına, jurnalistlərə və ictimai xadimlərə qarşı müntəzəm terror aktları törədilir”.

Rusiya Təhlükəsizlik Şurasının bu iclası Moskva tərəfindən ilhaqı keçən il elan edilmiş Ukrayna ərazilərində təhlükəsizliyin təminatı yollarına həsr olunmuşdu.

Putin həmin ərazilərdəki vəziyyəti “mürəkkəb” adlandırıb və hüquq-mühafizə orqanlarını təhlükəsizliyin təminatı üçün “maksimum iş görməyə” çağırıb.

Ukraynada Zaporojye, Xerson, Donetsk və Luhansk vilayətlərinin işğal edilmiş ərazilərində fəal döyüşlərin getməsi ilə yanaşı, Rusiya qüvvələrinin arxasında tez-tez partlayışlar və silahlı hücumlar baş verir.

Partizanlar barədə iddialar

Burada söhbət ilk növbədə Moskvanın təyin etdiyi Rusiya işğal administrasiyaları əməkdaşlarına və Rusiya hüquq-mühafizə orqanlarına qarşı hücumlardan gedir.

Ukrayna rəsmiləri bir qayda olaraq belə insidentləri şərh etmir və ya ara-sıra bildirirlər ki, belə aktları Ukraynaya tərəfdar olan yerli partizanlar törədir.

Aprelin 2-də axşam Sankt Peterburq şəhərindəki kafelərdən birində törədilmiş partlayış nəticəsində müharibəyönlü bloger Vladlen Tatarski həlak olub.

Rusiya istintaqı bu hadisəni “terror aktı” kimi araşdırır. Moskva rəsmiləri bu işlə Kiyevdən olan müəyyən adamların əlaqəli olduğunu deyirlər. Ukrayna bu iddiaları rədd edir.

Bundan əvvəl Qərb dövlətlərinin nümayəndələri hər hansı diversiya əməlləri ilə əlaqəli olmadıqlarını bildiriblər.

İşğal və “inteqrasiya”

Putin habelə işğal olunmuş ərazilərin “inteqrasiyasının” və döyüş əməliyyatlarında dağıntıya məruz qalmış şəhərlərin bərpasının sürətləndirilməsinə çağırıb.

Ukrayna hakimiyyəti və hərbçiləri daim bəyan edirlər ki, Kiyev hazırda Rusiyanın ilhaq və işğalında olan bütün ərazilər üzərində nəzarəti bərpa etmək niyyətindədir.

Bu məqsədlə Rusiya qüvvələri üzərinə genişmiqyaslı əks-hücum əməliyyatına hazırlıq görüldüyü bildirilir.

Ötən il Ukrayna artıq Xerson şəhərini, Xerson və Donetsk vilayətlərinin bəzi hissələrini işğaldan azad edə bilib.

XS
SM
MD
LG