Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:30

Ərdoğan virtual açılış mərasimində Putinlə danışıb


Akkuyu atom-elektrik stansiyasının üçüncü reaktorunun bünövrəqoyma mərasimi də 2021-ci ilin martında virtual rejimdə olmuşdu (Arxiv fotosu)
Akkuyu atom-elektrik stansiyasının üçüncü reaktorunun bünövrəqoyma mərasimi də 2021-ci ilin martında virtual rejimdə olmuşdu (Arxiv fotosu)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də Rusiyanın Türkiyədə tikdiyi atom elektrik stansiyasının virtual açılış mərasimində prezident Vladimir Putinlə danışıb.

Bundan əvvəl canlı televiziya müsahibəsini kəskin ağrılara görə yarımçıq kəsən 69 yaşlı Ərdoğan 14 may seçkisindən əvvələ planlaşdırılan kampaniya mitinqlərini ləğv edib.

Ərdoğan deyib ki, beş şəhərdə keçirilən mitinq və başqa ictimai tədbirlər zamanı səhhətində problem yaranıb.

Türkiyənin səhiyyə naziri Fehrettin Koca aprelin 27-də deyib ki, Ərdoğanda “infeksiyalı qastroenterit” müəyyən edilib.

Bu, həzm yollarının iltihabı ilə müşayiət olunan qısamüddətli xəstəlikdir.

Buna baxmayaraq, Ərdoğan aprelin 26 və 27-ə təyin edilmiş mitinqlərini və Akkuyu atom-elektrik stansiyasının açılışı mərasimində iştirakını ləğv etməli olub.

AFP agentliyi yazır ki, Ərdoğan videobağlantı zamanı gümrah görünməyə çalışsa da, rənginin qaçması və zəifləməsi hiss olunurdu.

Ən həlledici məqamda

Ərdoğan siyasi kampaniyaları xoşlayan və siyasi qarşıdurmalardan çəkinməyən bir siyasətçi kimi tanınır. Lakin onun səhhətində yaranmış problemlər həyatının ən həlledici seçki kampaniyası dövrünə təsadüf edib.

Son rəy sorğuları onun rəqibi, CHP lideri Kemal Kılıcdaroğlundan azacıq geri qaldığını göstərir.

Bu da xəbər verilir ki, onun Türkiyə parlamentinə nəzarət edən AKP-MHP alyansı da ciddi sınaq qarşısındadır.

Ərdoğan adətən seçki mitinqlərindən müxalifət üzərinə sərt tənqid hücumları üçün istifadə edib.

Prezidentin nüfuzlu media direktoru Fahrettin Altun özünün Twitter hesabında Çin dövlət mediasının və bir sıra populyar xəbər saytlarının ekran şəkillərini dərc edib. Bu xəbərlərdə Ərdoğanın sağlıq durumunun rəsmən açıqlandığından daha pis olduğuna dair şayiələrdən söhbət gedir.

Altun bu kimi xəbərlərin “tamamilə əsassız” olduğunu yazıb.

Onun sözlərinə görə “heç bir dezinformasiya AKP-nin 14 may seçkisində qələbəsinin qarşısını ala bilməz”.

Müxalifətdən “cansağlığı” mesajları

AFP yazır ki, Ərdoğanın səhhətindəki problemlər barədə şayiələr o 2011 və 2012-ci illərdə bir neçə mədə-bağırsaq sistemi cərrahiyyəsindən keçəndən bəri dolaşır.

Sosial media saytlarında dolaşan şayiələrə görə bu cərrahiyyə əməliyyatlarından sonra Ərdoğanda zəif axsama müşahidə olunur.

Türkiyədə dövlət başçısının sağlıq durumu barədə məlumatlar açıqlanmır.

Buna baxmayaraq Türkiyənin ana müxalifət partiyalarının liderləri Twitter vasitəsilə Ərdoğana “cansağlığı arzu edən” mesajlar yazıblar.

Aprelin 27-də Ərdoğanın Putinlə video bağlantısı ilə Akkuyu stansiyası istismara verilib.

Rusiya bu stansiyanın tikintisinə 2018-ci ildə başlamışdı.

Qərb tərəfindən Rusiya üzərinə qoyulan sanksiyalar bu stansiyanın tikintisini də təsirləndirib.

Ərdoğan dünya liderləri arasında Putinlə əlaqələrini kəsməyən azsaylı dövlət başçılarından biridir.

O Rusiyanın Ukraynaya müdaxiləsini pisləsə də, Moskvaya qarşı sanksiyalara qoşulmayıb.

XS
SM
MD
LG