Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Cənubi Afrika Putinə ‘sammitə gəlmə’ dedi - Qərb mediası


Vladimir Putin 2013-cü ildə BRICS-in Durbanda keçirilən sammitində
Vladimir Putin 2013-cü ildə BRICS-in Durbanda keçirilən sammitində

CAR hökuməti Rusiya prezidenti Vladimir Putindən BRICS təşkilatının bu yay Cənubi Afrika Respublikasında keçiriləcək sammitinə gəlməməyi rica edib.

Yerli Sunday Times qəzeti yazır ki, buna səbəb Putinin həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi orderdir.

Haaqa məhkəməsi Putini Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edir.

Cənubi Afrika Respublikası (CAR) Roma statutunu imzalamış ölkələrdən biri olduğuna görə BCM-in orderlərini icra etməyə məcburdur.

Haaqa məhkəməsinin yurisdiksiyasına daxil 123 ölkənin də belə bir öhdəliyi var.

CAR hökumətindəki mənbə qəzetə deyib “bizim Putini həbs etməkdən başqa yolumuz qalmaya bilər”.

Yalnız videobağlantı ilə

Sunday Times yazır ki, CAR prezidenti Siril Ramaposa ötən həftə vitse-prezidentin başçılığı altında xüsusi komitənin təşkilinə sərəncam verib.

Bu komitə Vladimir Putinin həbsinə verilmiş orderlə bağlı mümkün variantları öyrənməlidir.

Mənbənin bildirdiyinə görə komitə bu qərara gəlib ki, Putinin bu sammitdə yalnız videobağlantı ilə iştirakı mümkündür.

Hökumətin adları çəkilməyən vəzifəli məmurları bildiriblər ki, hazırda Pretoriya Moskva ilə bu məsələni müzakirə edir.

Aprelin sonunda CAR prezidenti mətbuat üçün keçirdiyi brifinqdə demişdi ki, hakim AMK ölkənin Roma statutundan çıxarılmasına dair qərar qəbul edib.

Lakin az sonra prezidentin ofisi bu xəbərin dəqiq olmadığını və ölkənin bütün beynəlxalq öhdəliklərinə əməl edəcəyini bildirib.

Martın sonlarında Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Putin sammitə rəsmi dəvət alıb, amma Rusiya prezidentinin Durbanda keçiriləcək sammitdə iştirakı məsələsilə bağlı qərar hələ ki, qəbul olunmayıb.

Ukrayna müharibəsində neytral mövqe

Cənubi Afrika Respublikasının Rusiya ilə sıx əlaqələri var. Vaxtilə Kreml Afrika Milli Komitəsinin (AMK) aparteid rejiminə qarşı mübarizəsinə dəstək verib.

Ötən ilin fevralında Rusiya Ukraynaya əsassız və səbəbsiz hücum edəndə Cənubi Afrika Moskvanın bu hərəkətini pisləməyib və neytral mövqe tutduğunu bildirib.

CAR hökuməti bildirir ki, o Ukrayna müharibəsinin dialoq yolu ilə bitirilməsinə tərəfdardır.

Martın 17-də Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə onun həbsinə order verib.

Qaydaya görə Roma statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.

XS
SM
MD
LG