Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Zelenskiyə ‘Türkiyəyə hücumu’ məsləhət görən Qazaxıstan deputatı istefa verdi


Almatı şəhərində Ukraynaya dəstək aksiyalarından birində
Almatı şəhərində Ukraynaya dəstək aksiyalarından birində

Qazaxıstanda Almatı şəhər şurasının hakim Amanat partiyasından olan deputatı - Anna Başinskaya onun Ukrayna prezidentinə ünvanlanmış şərhi kəskin ictimai etirazla qarşılaşandan sonra mandatından imtina edib.

O Ukrayna silahlı qüvvələrinin planlaşdırılan əks-hücumu barədə məqaləyə şərhində yazmışdı: “Türkiyə yaxşıdır, cənab Zelenski, ora il boyu istidir”.

AzadlıqRadiosu Qazax xidmətinin məlumatına görə Başinskaya yazdığı şərh üçün üzrxahlıq edib:

“Mən öz hərəkətlərimlə ölkəmizin sülhsevər siyasətinə kölgə salmaq istəmirəm. Bu günlər ərzində mən çox şey barədə düşünmüşəm və mənim hərəkətimi qınayanları dərindən başa düşürəm. Bir daha vurğulamaq istəyirəm ki, mənim şərhim bugünün sadə olmayan prosesləri şəraitində yersiz idi. Mən bu şərhimlə cəmiyyətin gözündə mürəkkəb vəziyyət yaratmışam”.

Deputatın şərhi

Aprelin sonlarında Almatı “maslixat”ının (bələdiyyəsinin – red) hakim Amanat partiyasından olan deputatı Anna Başinskaya Deutsche Welle (Alman dalğası) radiosunun bir məqaləsinə edilmiş şərhə şərh yazmışdı.

Həmin məqalədə deyilirdi ki, Ukrayna prezidenti Volodimir Zelenski gözlənilən əks-hücumla Krım da daxil bütün Ukrayna torpaqlarının işğalına son qoymaq istəyir.

Başinskaya buna şərh olaraq yazmışdı:

“Türkiyə daha yaxşıdır, cənab Zelenski, orada il boyu istidir”.

Bir çoxları bunu Başinskayanın Türkiyəyə hücum etməyi məsləhət görməsi kimi yozmuşdu.

Qazaxıstan istifadəçilərinin israrı

Mayın 1-də deputatın şərhi internetdən silinib. Lakin bundan əvvəl həmin şərhi Qazaxıstanın rəsmi xəbər agentliyi KazTag dərc etmişdi.

Bundan sonra Başinskaya özünün Facebook səhifəsində bildirmişdi ki, şərhi “düşünmədən” yazıb və heç də “Türkiyəni nəzərdə tutmayıb”.

Keçmiş deputat Qazaxıstan xalqı, “qardaş Türkiyə xalqı” və öz partiyası qarşısında üzrxahlıq etdiyini bildirmişdi.

Lakin istifadəçilər diqqət etmişdilər ki, Başinskaya Zelenskidən üzr istəməyib. İstifadəçilər buna görə hakim partiyadan izahat tələb edirdilər.

Bundan başqa bəzi istifadəçilər Türkiyə hakimiyyətinə müraciət edərək Başinskayanın bu ölkədə “arzuolunmaz şəxs” elan edilməsini istəyirdilər.

İstifadəçilər hətta bir az da irəli gedərək Qazaxıstanın antikorrupsiya xidmətindən Başinskayanın büdcə xərclərinin araşdırılmasını tələb edirdilər.

Başinskaya Almatının yaşıllaşdırılması və abadlaşdırılması ilə məşğul LEU şirkətinin həmtəsisçilərindən biridir.

Rəsmi Astananın mövqeyi

Mayın 2-də Amanat partiyası Almatı şöbəsinin sədri Stanislav Kankurov deyib ki, Başinskayanın hərəkəti partiyanın müvafiq orqanları tərəfindən araşdırılacaq.

Bundan əvvəl Qazaxıstan Milli Məclisinin ötən çağırış deputatı Azamat Abildayev Azattık radiosuna müsahibəsində demişdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir.

Bundan sonra Qazaxıstanın Ak Jol (Ağ Yol) partiyası Abildayevi sıralarından xaric etmişdi.

Rəsmi Astana Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsini dəstəkləməyib, amma həm də bu təcavüzü pisləməyib.

Müşahidəçilər bildirirlər ki, Qazaxıstan hakimiyyəti Rusiyaya Qərb sanksiyalarından yayınmaqda “məqsədyönlü” şəkildə kömək edir.

Qazaxıstan hökuməti bu iddiaları bir qayda olaraq təkzib edir.

XS
SM
MD
LG