Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Tacikistan və Özbəkistan vətəndaş cəmiyyətinə necə divan tutur


Qaraqalpaqıstanda etirazlar
Qaraqalpaqıstanda etirazlar

Tacikistan və Özbəkistan ötən il muxtar bölgələrindəki etirazları yatırtmaq üçün ölümcül təzyiqlərə əl atıblar.

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) və Özbəkistanın Qaraqalpaqıstan Muxtar Vilayətində onlarla insan öldürülüb, yüzlərlə insan həbs edilib.

Lakin ekspertlərin fikrincə, avtoritar ölkələrdə tanınmış hüquq müdafiəçilərinin, jurnalistlər və yerli liderlərin hədəfə alındığı bir dönəmdə ən çox vətəndaş cəmiyyəti əziyyət çəkir.

“Daşkənd və Düşənbənin Qaraqalpaqıstan və DBMV-dəki repressiyalarını birləşdirən xüsusiyyət – əyalətlərin idarəçiliyində daha çox söz sahibi olmaq istəyən yerli əhalinin şikayətlərini dilə gətirən vətəndaş liderlərini susdurmaqdır”, – Cənubi Kaliforniya Universitetinin müəllimi Stiv Sverdlov (Steve Swerdlow) bildirib.

Tacikistanda hökumətin 2022-ci ilin mayında Dağlıq Bədəxşanda etirazları yatırtması ən azı 16 nəfərin ölümü ilə nəticələnib. Amma AzadlıqRadiosunun jurnalistləri 34 nəfərin öldüyünü təsdiqlədib.

İyulda Özbəkistan təhlükəsizlik qüvvələri Qaraqalpaqıstanın statusuna təsir göstərə biləcək mübahisəli konstitusiya dəyişikliklərinə etirazları yatırmaqdan ötrü zorakılığa əl atıb, rəsmi məlumatlara görə, 21 nəfər həlak olub.

Tacikistan və Özbəkistan hakimiyyəti repressiyalarda hədəfə alınanların çoxunu separatizmin təbliği və zorakılığı qızışdırmaqda ittiham edir. İnsan haqları qrupları, bu ittihamların siyasi motivli olduğunu bildiriblər.

Hər cür potensial aktivliyin tamamilə aradan qaldırılması...

Tacikistanda repressiyalara məruz qalan önəmli simalardan biri də pamiri etnik azlığından olan hüquq müdafiəçisi və jurnalist Ülfətxonim Məmədşoyeva olub.

Hakimiyyət orqanları Dağlıq Bədəxşanın təxminən 250 minlik əhalisinin əksəriyyətini təşkil edən icmanın liderlərini regionda iğtişaşları qızışdırmaqda ittiham edib.

Məmədşoyeva dekabrda ekstremizmdə ittiham olunaraq 21 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkmək üçün bu ayın əvvəlində təcridxanadan qadın həbsxanasına köçürülüb.

Məmədşoyeva və onun keçmiş əri Xolbaş Xolbaşovun həbsindən az sonra dövlət televiziyası onların etirazların planlaşdırılması və təşkilinə kömək etdiklərini göstərən kadrlar yayımlayıb.

Amma bir neçə gün əvvəl Məmədşoyeva paytaxt Düşənbədə AzadlıqRadiosunun tacik xidmətinin müxbirlərinə müsahibəsində bu hadisəylə heç bir əlaqəsi olmadığını bildirib. Müsahibə bitdikdən sonra naməlum şəxslər jurnalistlərə hücum edərək onların avadanlığını müsadirə ediblər və müsahibə yayımlanmayıb.

Məmədşoyevanın işindən xəbərdar, adının çəkilməməsi şərti ilə AzadlıqRadiosuna danışan bir mənbə deyib ki, hüquq müdafiəçisi 2021-ci ildə Gülbidin Ziyobekov adlı gənc pamirinin Tacikistan təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlı davamlı paylaşımları və tənqidi jurnalistika fəaliyyətinə görə cəzalandırılıb. “Bir qadın və bir ana kimi bu hadisə ona çox təsir etdi. O, bu məsələyə birtərəfli baxa bilmədi”, – mənbə bildirib.

Ziyobekovun ölümü və Düşənbənin yerli məmurları işdən çıxarmaq qərarının doğurduğu qəzəb may etirazlarına səbəb olub.

Sülh müqaviləsi imzalanandan sonra

Dağlıq Bədəxşandakı problemlər və yerli əhali ilə mərkəzi hökumət arasında qarşılıqlı inamsızlığın kökü 1992-97-ci illərin vətəndaş müharibəsinə gedib çıxır.

Məmədşoyeva və Xolbaşov kimi yerli liderlər münaqişə zamanı Birləşmiş Tacikistan Müxalifətinin (BTM) tərəfində olublar.

Bunun ardınca sülh müqaviləsi bağlandı və Düşənbənin dağlıq bölgəni bəzən möhkəm idarə edə bilməməsi burada, ölkənin digər bölgələrində rast gəlinməyən yüksək vətəndaş iştirakçılığı mədəniyyətinin meydana çıxmağına səbəb oldu. Axı, Tacikistan Prezidenti Emoməli Rəhmon ölkədə rəsmi siyasi müxalifətin istənilən formasını darmadağın etmişdi.

Bu, Dağlıq Bədəxşanda qeyri-rəsmi liderlərin yüksəlişinə səbəb oldu. Düşənbənin narazılığına baxmayaraq, bu yerli liderlər öz icmaları arasında böyük nüfuza sahibdirlər.

Londondakı Ağa Xan İsmaili Tədqiqatları İnstitutundan Zamira Dildorbekova, sakinlərin vətəndaş cəmiyyətini “hökumət əleyhinə agent” kimi görmədiyini bildirib.

Pamirilərin çoxu şiə islamının bir qolu olan ismaililiyin ardıcıllarıdır. Qalan taciklərin əksəriyyəti isə sünni müsəlmanlardır. İsmaililərin xarici ruhani liderinə bağlı Ağa Xan Fondu Dağlıq Bədəxşan və Tacikistanın digər bölgələrində investisiya və xeyriyyə layihələrində iştirak edib.

Müşahidəçilərin fikrincə, hazırda vətəndaş cəmiyyəti sektoru kəskin daralır.

“Cinayətkar qruplarla əlaqədə olan” QHT-lər...

May etirazlarını yatırdıqdan sonra Tacikistan təhlükəsizlik qüvvələri Düşənbənin regiona nəzarət etmək cəhdlərinə qarşı çıxan bir sıra tanınmış qeyri-rəsmi liderləri hədəfə aldı, həbs etdi və bəzi hallarda öldürdü.

Bunun ardınca çoxlu həbslər baş verdi, o cümlədən Ziyobekovun ölümünün ədalətli araşdırılmasını tələb etmək üçün xüsusi komitə yaradan fəallar da saxlandı.

Bu ayın əvvəlində etirazların yatırdıldığı hərbi əməliyyatın birinci ildönümü ərəfəsində, Dağlıq Bədəxşandakı mülki qrupların beş nümayəndəsi təşkilatlarını könüllü buraxmaqdan ötrü hökumətin təzyiqlərinə məruz qaldıqlarından şikayətlənib.

“Görünür, hökumətin [bizim] təşkilatlarımıza ehtiyacı yoxdur”, – həmin qurumlara bağlı, cəzalandırılmaqdan qorxduğu üçün adının açıqlanmasını istəməyən bir mənbə AzadlıqRadiosunun tacik xidmətinə bildirib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iddialarını şərh edən DBMV hökumətinin sözçüsü yalnız “regionda cinayətkar qruplarla əlaqədə olan” QHT-lərin bağlanılacağını bildirib. O, bu təşkilatların nizamnamələrində və qeydiyyat sənədlərində çoxsaylı pozuntular olduğunu iddia edib.

"Hakimiyyətin öz səhvlərini üstünə yıxdığı siyasi məhbus"

Özbəkistanda hakimiyyət tanınmış vətəndaş liderlərini, o cümlədən açıq sözlü qaraqalpaq hüquqşünası və jurnalisti Dauletmurat Tajimuratovu da hədəfə alıb.

Tajimuratov ötən il Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında hökumət əleyhinə etiraz aksiyalarına görə yanvarda 16 il müddətinə azadlıqdan məhrum edilib. O, Qaraqalpaqıstanın idarəçiliyinə keçmək üçün yerli hökuməti devirməyə cəhddə ittiham olunurdu.

Onun vəkili Sergey Mayorov keçən həftə apellyasiya məhkəməsi zamanı AzadlıqRadiosuna müsahibəsində Tajimuratovu "hakimiyyətin öz səhvlərini üstünə yıxdığı siyasi məhbus" kimi təsvir edib.

Mayorovun qeyd etdiyi səhv, hakimiyyətin 2 milyonluq bölgənin Özbəkistandan ayrılmaq üçün referendum keçirmək hüququnu ləğv edən konstitusiyaya düzəlişlər hazırlamaq qərarı idi.

Tajimuratov və digər tanınmış şəxslər bu qərara açıq qarşı çıxıblar. Tajimuratovun həbsi iyulun 1-də regionun paytaxtı Nukusda kütləvi etiraza səbəb olub.

Dağlıq Bədəxşandan fərqli olaraq, Qaraqalpaqıstan muxtar respublikadır. Onun öz bayrağı və parlamenti var, qaraqalpaq dili isə qazax dilinə oxşar rəsmi statusa malikdir.

Təhlükəsizlik qüvvələrinin kütləyə atəş açdığı ölümcül etirazlardan sonra hökumət dəyişiklikləri geri götürdü.

Prezidentə tərif

Qaraqalpaqstanın xüsusi statusuna baxmayaraq, mərkəzi hökumətin respublika üzərində nəzarəti güclüdür.

Tajimuratov öz məhkəməsində, Özbəkistan prezidenti Şavkat Mirziyoyevi 2016-cı ildə hakimiyyətə gəldikdən sonra apardığı islahatlara görə tərifləyib. Bu islahatların fəallara öz problemlərini səsləndirməyə və müzakirə etməyə imkan verdiyini qeyd edib.

Amma bir çox ekspertlər, ötən ilki zorakılığın avtoritar rejimin parçalanmasının sonu ola biləcəyini bildirib.

Tajimuratov yanvarda təqsirli bilinən 20-dən çox müttəhimdən biridir. Martda isə daha onlarla şəxsə hökm oxunub.

“Deyə bilərik ki, Özbəkistanda islahatların və azadlıqların açarı hazırda Qaraqalpaqstanda baş verənlərdədir. Çünki bir bölgədə təzyiq olanda, digərində olmayanda etnik gərginlik daha da artacaq. Bu, davamlı olmayacaq. Daşkənd Qaraqalpaqıstanla bağlı hansı siyasi qərarı versə, onun təsirini bütün Özbəkistanda görəcəyik”, – uzun müddətdir Qazaxıstanda fəaliyyət göstərən qaraqalpaqıstanlı fəal Aqilbek Muratov deyib.

XS
SM
MD
LG