Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Rusiyanın Kiyevə zərbəsində biri uşaq olmaqla 3 nəfər həlak olub


Kiyev növbəti zərbədən sonra
Kiyev növbəti zərbədən sonra

İyunun 1-də Kiyevə yeni hava zərbəsi nəticəsində biri uşaq olmaqla azı üç nəfər həlak olub. Bu, Prezident Volodimir Zelenskinin avropayönlü sammit üçün Moldovaya səfəri ilə üst-üstə düşüb.

Hücumdan sonra Kiyev meri Vitali Kliçko 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün planlaşdırılan bütün tədbirləri ləğv edib.

Kliçko bildirib ki, hücum nəticəsində paytaxtın Desnyansk rayonunda yerləşən tibb klinikasına, uşaq bağçasına, məktəbə və polis bölməsinə qalıqlar düşüb. Yaşayış binalarına, su xəttinə və avtomobillərə ziyan dəyib.

Kliçko və Kiyev hərbi administrasiyası əvvəlcə ölən üç nəfər arasında iki uşaq olduğunu bildirsələr də, sonradan bir uşağın öldüyünü açıqlayıblar. Səlahiyyətlilər daha 11 nəfərin də yaralandığını qeyd edib.

İnfrastruktur “İsgəndər” raketləri ilə vurulub

Kiyev son bir ay ərzində Rusiyanın 17 hava hücumunun hədəfi olub.

Ukrayna hərbçiləri, Rusiyanın iyunun 1-də Kiyev vilayətindəki infrastruktura hücumda “İsgəndər” raketlərindən istifadə etdiyini bildiriblər.

“İlkin məlumatlara görə, 10 raketdən 10-u da Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib”, – ordunun səhər yaydığı hesabatda bildirilir.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski, 27 Aİ üzvünü və 20 tərəfdaşı bir araya gətirən Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirakdan ötrü Moldovadadır. Bu, Zelenskinin Rusiyanın işğalı başlayandan bəri Kişinyova ilk səfəridir.

Zelenski daha əvvəl Teleqram kanalında, Ukraynaya daha çox dəstək toplamaq üçün Aİ liderləri ilə ikitərəfli danışıqlar aparmağı planlaşdırdığını bildirib.

Hücumlar davam edir

Baş Qərargah iyunun 1-də gündəlik bülletenində, Ukrayna müdafiəçilərinin Donetsk, Luqansk və Xarkov vilayətlərində Rusiyanın 21 hücumunu dəf etdiklərini bildirib.

Hərbçilər uğursuz hücumlardan ikisinin, son bir neçə aydır Donbasda müharibənin mərkəzi olan Donetsk şəhərinin Baxmut bölgəsindəki Ukrayna mövqelərini hədəf aldığını deyib.

Rusiya ərazisinə istiqamətlənmiş transsərhəd hücumların artdığı bir vaxtda, Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin qubernatoru iyunun 1-də gecə saatlarında bir qəsəbənin “davamlı atəşə tutulduğunu” və nəticədə 8 nəfərin yaralandığını bildirib. Qubernator Vyaçeslav Qladkov Teleqram-da açıqlamasında ölən olmadığını qeyd edib. Məlumatı müstəqil yoxlamaq mümkün olmayıb.

Mayın 31-də Rusiyanın Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyev neft emalı zavodundakı yanğına dron hücumunun səbəb olduğunu iddia edib. Hücum nəticəsində ölən olmadığı bildirilir.

ABŞ Ukraynaya yardım paketi açıqlayıb

Mayın 31-də ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə batareyaları, sursat və digər müdafiə avadanlıqlarından ibarət yardım paketi göndərəcəyini elan edib. Ukrayna rəsmiləri isə Rusiya qoşunlarının hücumları zamanı Ukraynanın Donetsk və Xerson vilayətində iki nəfərin həlak olduğunu açıqladı.

300 milyon dollarlıq təhlükəsizlik yardımı paketini Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi (John Kirby) açıqlayıb. Pentaqonun bəyanatına görə, bu paket Müdafiə Departamentinin inventarından 39-cu avadanlıq partiyasıdır.

Paketə “Patriot”larla yanaşı, “Stinger” zenit sistemləri, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün raketlər, tank sursatları və digər avadanlıqlar daxildir

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni, ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli (Mark Milley) ilə telefonla danışdığını bildirib. Onlar cəbhədəki vəziyyəti, Ukrayna ərazisinin azad edilməsi ilə bağlı gələcək planları və qarşı tərəfin ata biləcəyi mümkün addımları müzakirə ediblər.

XS
SM
MD
LG