Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Mirzoyan: 'Biz Dağlıq Qarabağın statusuna dair danışıq aparmırıq'


Ararat Mirzoyan
Ararat Mirzoyan

“Biz Dağlıq Qarabağın statusu barədə danışıqlar aparmırıq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Heç kim inkar edə bilməz ki, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqları ilə bağlı çoxlu açıq suallar var. Bunu blokada, Laçın dəhlizinin qanunsuz bağlanması, qaz və elektrik kəsintiləri də sübut edir. Bu məsələləri biz yox, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağın seçkili orqanları müzakirə və həll etməlidirlər. Biz bu dialoqun başlanğıcını, mexanizmini, platformasını təmin etməyə çalışmalıyıq”.

Hansı xəritə?

Ermənistan xarici işlər naziri bunu da bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası üçün hansı xəritədən istifadə olunacağına dair hələ ki, razılaşma yoxdur, amma Yerevan problemin 1975-ci ilin xəritəsi əsasında həll olunmasını istərdi.

Mirzoyanın sözlərinə görə Bakı əvvəlcə 1975-ci il xəritəsinə etiraz edirdi, amma Kişinyov görüşü zamanı “Azərbaycan prezidenti, deyəsən buna etiraz etmədi və əleyhinə olmadığını dedi”.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziyanın efirində demişdi ki, Kişinyovda 1975-ci ilin xəritəsi də daxil, müəyyən uğurlar əldə olunub, hərçənd hələlik məsələnin həll olunduğunu demək olmaz.

Rəsmi Bakının etirazı

Rəsmi Bakı Qriqoryanın bəyanatına etiraz edərək bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyasının hər hansı konkret xəritə əsasında aparılmasına dair razılaşma olmayıb.

Azərbaycan Qriqoryanı “bir sıra məsələlərin mahiyyətini növbəti dəfə təhrif etməkdə” ittiham etmişdi.

Bakı bildirirdi ki, “Yerevan üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.

“Sülh müqaviləsi layihəsində anklavlar yoxdur”

Azərbaycan və Ermənistan ərazisindəki anklavlar məsələsinə toxunan Mirzoyan deyib ki, sülh müqaviləsinin layihəsində anklavlar məsələsi yoxdur.

Onun sözlərinə görə hazırda ərazi bütövlüyünün təsdiqinə dair məsələlər müzakirə olunur.

Azərbaycan tərəfi iyunun 5-də bildirib ki, yazılı və şifahi razılaşmaların olmasına rəğmən Ermənistan heç də bütün qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb və səkkiz kəndin Azərbaycana qaytarılmasına dair məsələni müxtəlif bəhanələrlə uzadır.

Ermənistan bildirir ki, Azərbaycanda da işğal olunmuş erməni kəndləri var.

Azatutyunun “bu kəndlərin qaytarılması və ya dəyişdirilməsinə dair məsələ gündəlikdədirmi” sualına Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycan kəndləri qaytarmağa hazırdırsa, biz də buna hazırıq” deyə cavab verib:

“Bizim də işğal olunmuş kəndlərimiz var. Söhbət təkcə kənd administrasiyasının binasından getmir. Azərbaycan Berkaber, Vazaşen, Aygeovit, Paravakar kəndlərini qaytarmağa hazırdırsa, biz də hazırıq. Amma burda başqa məsələ var. Deyək ki, Azərbaycan və ya Ermənistan ordusu bu xəttə dayanıb və indi o xəttə çəkilməlidir. Biz bununla prinsipcə razıyıq, amma ordu çəkilsə harda dayanmalıdır? Bu yer, bu xətt necə müəyyənləşir? Deməli orda sərhəd var və əgər sərhəd varsa, gəlin sərhədi əsas götürək, Azərbaycan ordusu sərhəd xəttinin o tərəfində, Ermənistan ordusu isə bu tərəfində olmamalıdır”.

Armen Qriqoryan: İlin sonunda sülh sazişi bağlamaq imkanı var

“Danışıqlar çox intensiv gedir və belə davam etsək, ilin sonunda sülh sazişi bağlamaq imkanı yaranır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Radionun efirində deyib.

“Biz həll yolları tapmaq və bu həllər çərçivəsində sülh gündəmini irəli sürmək və sülh müqaviləsi bağlamaq əzmindəyik", – o, sözlərinə əlavə edib.

Qriqoryanın sözlərinə görə, Yerevan liderlərin iyunun 1-də Kişinyovda keçirilən görüşünü müsbət qiymətləndirir:

“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Bu gündəliyə beynəlxalq ictimaiyyətin dəstəyi çox vacibdir”.

Qriqoryanın sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı bir vacib məsələ var ki, bu da bütün iştirakçılara aydındır: “Sərhədlər Ermənistan tərəfinin nəzarəti altında olacaq, yəni Ermənistan daxilində blokun açılması zamanı bütün sərhəd xidmətlərini yalnız Ermənistan orqanları həyata keçirəcək”.

İyunun 1-də Moldovada Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Mişel bildirib ki, görüşdə hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası müzakirə edilib. Onun sözlərinə görə, bu müzakirələr Brüsseldə iyulun 21-də baş tutacaq növbəti görüşə hazırlıq olub.

Ceyhun Bayramov: Sülh qaçılmazdır... proqnozlaşdırmaq çətindir

"Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir". AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 5-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşün yaxın zamanlarda Vaşinqtonda keçirilməsi nəzərdə tutulub: "Sülh müqaviləsi işlərinin başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub".

C.Bayramov deyib ki, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə edilməsi qaçılmazdır. "Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq çətindir", - nazir qeyd edib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG