Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Azərbaycanda yaşam sığortasına maraq artır


Könüllü sığortanın 58 faizi yaşam sığortasıdır
Könüllü sığortanın 58 faizi yaşam sığortasıdır

Mərkəzi Bankın açıqladığı bilgilər göstərir ki, ötən illə müqayisədə bu il yaşam sığortasına ödənişlər kəskin artıb. İlk beş ayda Azərbaycanda bu sığorta növü üzrə 239.3 milyon manat sığortahaqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74.5 milyon manat və ya 45 faiz artım deməkdir. İlk beş ayda könüllü sığorta növləri üzrə toplam 410.6 milyon manat sığortahaqqı toplanıb. Bu o deməkdir ki, ölkədə könüllü sığorta növləri üzrə toplanan vəsaitin 58 faizi məhz yaşam sığortası ilə bağlıdır.

İndi ölkədə cəmi beş həyat sığortası şirkəti fəaliyyət göstərsə də, yaşam sığortası bazarında əsas pay "Paşa Holdinq"ə daxil "Paşa Həyat Sığorta"ya məxsusdur. Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda həyat sığortası növləri üzrə 425 milyon manat sığorta haqları toplanıb. "Paşa Həyat Sığorta"nın 2022-ci il üzrə maliyyə hesabatında qeyd edilir ki, şirkət həmin il 407 milyon manat sığortahaqqı toplayaraq yeni rekorda imza atıb.

Yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalanın vəfatına və ya sığorta müqaviləsində müəyyənləşdirilən yaşa, yaxud müddətədək yaşadığı halda, sığorta ödənişi aparılmasını nəzərdə tutur. Bu o deməkdir ki, sığortaolunan yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonunadək yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat edərsə, sığorta məbləği faydalanan şəxsə, yəni sığortaolunanın varisinə ödənilir. Beləliklə, yaşam sığortasının mahiyyəti ondan ibarətdir ki, istər sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, istərsə bu müddətin sonunadək yaşadığı halda sığortaçı sığorta ödənişini ödəməlidir. Bu yığımların müddəti, adətən, 3-5 illik olur.

Yaşam sığortasını cəlbedici edən amillər

Ancaq bu sığorta növünü cəlbedici edən digər məqamlar da var, çünki ondan faydalanan muzdlu işçilərə vergi və sosial ödənişlərini də əldə etmək imkanı yaradır. Həmin sığorta növünə qoşulmaq istəyən işçilər hər ay maaşının bir bölümünün bu sığorta üzrə tutulmasına razılıq vermiş olur. Uyğun qanunvericiliyə görə, maaşdan ayrılan həmin hissə üçün dövlətə ödənilməli olan gəlir vergisi və sosial ödənişlər də sığortahaqqı kimi müştərinin hesabına yığılır. Beləcə, müddətin sonunda vətəndaş həmin sosial ödəniş və vergiləri də əldə edir.

Azərbaycanda sosial müdafiə sisteminin, özəlliklə pensiya sisteminin cəlbedici olmaması bir çoxlarını bu vəsaitləri dövlətə ödəməkdənsə, yaşam sığortası vasitəsi ilə əldə etməyə həvəsləndirir. Belə sığorta, əsasən, yüksək gəlir qazanan şəxslər arasında yayğındır, çünki gəliri daha çox olanın daha çox da yığım etmək imkanı var. O biri yandan, bu şəxslərin ödədiyi vergi və sosial ödənişlər də çox olduğundan onlar ödədiyi vergiləri daha çox geri almaqda maraqlıdırlar. Üstəlik, sığorta şirkətləri sığorta haqları üçün depozit faizləri də hesabladığından bu məqam müştərilərin gəlirlərini də artırır.

Bəs sığorta ödənişləri?

Mərkəzi Bankın açıqladığı bilgilər göstərir ki, bu il yaşam sığortası üzrə 239.3 milyon manat sığortahaqqı yığımı olsa da, cəmi 93.3 milyon manat sığorta ödənişi aparılıb. Deməli, yaşam sığortası üzrə sığorta şirkətlərinin gəlirləri onların xərclərini 2.6 dəfə üstələyib.

İlk beş ayda bütün həyat sığortası növləri üzrə toplam 251.8 milyon manat sığortahaqqı toplanılıb. Bunun 95 faizi məhz yaşam sığortası ilə bağlı toplanıb. Yaşam sığortasından sonra ən çox sığortahaqqı toplanılan həyat sığortası növü həyatın ölüm halından sığortasıdır. Bu sığorta növü üzrə ilk beş ayda 11 milyon manat sığortahaqqı toplanılıb. Tutalım, sığorta müqaviləsi 10 il müddətinə bağlanıbsa, sığortalanan həmin müddətdə ölərsə, faydalanan şəxs sığorta ödənişi alacaq. Sığortalanan şəxs bu müddət başa çatdığı anda yaşarsa, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir. İlk beş ayda sığorta şirkətləri bu sığorta növü üzrə müştərilərinə 589 min manat ödəniş edib.

Digər bir həyat sığortası növü sağalmaz xəstəliklərdən sığortadır. Bu sığorta növü sığortalanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyənləşərsə, sığorta ödənişlərinin gerçəkləşdirilməsini nəzərdə tutur. Sağalmaz xəstəliklərdən sığorta – xərçəng, miokard infarktı, insult, terminal böyrək çatışmazlığı, tac arteriyaların cərrahi yolla müalicəsi, həyati önəmli orqanların köçürülməsi kimi xəstəlikləri əhatə edir. Bu ilin ilk beş ayında bu sığorta növü üzrə 914 min manat sığortahaqqı ödənilib. Bunun qarşılığında sığorta şirkətləri adıçəkilən sığorta çərçivəsində müştərilərinə, demək olar, heç bir ödəniş etməyib.

Dördüncü həyat sığortası növü əmək qabiliyyətinin sığortasıdır. Bu sığorta sığortalanan şəxsin xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə yaradılıb. Bu il ərzində sığorta şirkətləri əmək qabiliyyətinin itirilməsi ilə bağlı 697 min manat sığortahaqqı toplayıb və cəmi 8 min manat sığorta məbləği ödəyib.

XS
SM
MD
LG