Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:29

Oskanyan Paşinyana Qarabağ barədə nə məsləhət verir?


Vardan Oskanyan
Vardan Oskanyan

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyana “konkret təklifinin” olduğunu bildirib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, onun fikrincə bu təklif qəbul olunsa Azərbaycan-Ermənistan danışıqlarının məntiqi və gündəliyi dəyişər və Qarabağ məsələsinin həllində erməni tərəfi üçün daha əlverişli mövqe yaranar.

Oskanyanın fikrincə, Paşinyan Şarl Mişelİlham Əliyevlə məhz bu görüşdə Dağlıq Qarabağın sovet vaxtında muxtar vilayət statusuna malik olması faktını danışıqların gündəliyinə salınmasını təklif etməlidir.

Keçmiş nazirin fikrincə, bu təklifi ilk növbədə Avropa Şurasının prezidenti Mişel yaxşı başa düşər, çünki o bütün icmaların bərabər hüquqlara malik olduğu Belçikanın baş naziri olub.

Oskanyan vurğulayıb ki, Qarabağ məsələsi adi xarici siyasət məsələsi yox, ümummilli, həyati məsələdir və Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması üçün nə mənəvi, nə də hüquqi haqqı var.

Oskanyana lazım bilinsə, cavab veriləcək

Oskanyan deyib ki, bunun alternativi ümumiyyətlə sülh müqaviləsini imzalamamaqdır:

“Sən Artsaxı (Qarabağ-red) təhvil verirsən, Artsaxı (Qarabağ-red) Azərbaycana bağışlayırsan, sən vətəni, bizim tarixi torpaqlarımızı verirsən. Bu sənin eşitməzliyə vuracağın və qulaq asmayacağın bir məsələ deyil”.

Oskanyan iddia edib ki, Ermənistan əhalisinin 90 faizi Qarabağın Azərbaycanın tərkibində olmasına qarşıdır:

“Sən Ermənistan Respublikasının konstitusiyasına qarşı çıxırsan, Qarabağ məsələsində öz seçki prinsiplərini inkar edirsən, halbuki bunlar sənin hökumətinin beşillik proqramında var”.

Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Oskanyanın təklifi ilə bağlı deyib ki, bu çıxışa zərurət olarsa açıq cavab veriləcək.

Oskanyan Paşinyana bundan əvvəlki müraciətində demişdi ki, “o və bir qrup diplomat” üç ay ərzində danışıqlar prosesində dəyişikliyə nail ola bilər, amma həmin müddətdə Paşinyan susaraq heç bir bəyanat verməməlidir.

“Ekzotik təkliflər”

Keçmiş xarici işlər nazirinin təkliflərinə hakim “Vətəndaş müqaviləsi” partiyasından millət vəkilləri də münasibət bildiriblər.

Milli Məclisin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan deyib ki, ölkənin seçilmiş baş naziri, xarici işlər naziri var və bugün bu məsələ barədə danışıqları onlar aparırlar:

“Mən artıq bilmirəm ki, müntəzəm şəkildə gələn bu ekzotik təkliflərə necə reaksiya verim?”

Hakim partiyadan başqa bir deputat Lilit Minasyan Oskanyanın Qarabağ barədə məsləhətinə sualla cavab verib:

“Cənab Oskanyan...deyir: “Mən cənab Paşinyandan rica edirəm ki, danışıqlar prosesinə muxtar vilayət ideyasını daxil etsin”. Üzr istəyirəm, cənab Oskanyan, siz muxtar vilayəti hansı dövlətin tərkibində nəzərdə tutursunuz?”

Vardan Oskanyan 1998-2008-ci illərdə, Robert Koçaryanın prezidentliyi dövründə xarici işlər naziri olub.

Nikol Paşinyan çıxışlarında dəfələrlə Qarabağ probleminin “indiki vəziyyətə salınmasına” görə özündən əvvəlki hakimiyyətləri ittiham edib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG