Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

İsrailin yeni məhkəmə qanunu niyə etirazlar doğurur


İsraildə etiraz aksiyası
İsraildə etiraz aksiyası

İsrail parlamenti bu həftə kütləvi etirazlara və ABŞ-ın tövsiyələrinə məhəl qoymayaraq Ali Məhkəmənin bəzi səlahiyyətlərini əlindən alan qanunu ratifikasiya edib.

Baş nazir Benyamin Netanyahu bu dəyişikliklərin qərarlara həddindən çox müdaxilə edən məhkəməni cilovlamaq üçün vacib olduğunu deyir. Tənqidçilərsə onu avtoritarizmdə günahlandırırlar. “Reuters” böhranın bəzi detallarından yazır.

Yeni qanun Ali Məhkəmənin nazirlərin qərarlarını ləğvi səlahiyyətlərinin hamısını deyil, birini aradan qaldırır. Bu vaxtadək məhkəmə icraedici hakimiyyətin hər hansı qərarını “qeyri-məqbul” saydığı halda onu ləğv edə bilirdi. Qanun qüvvəyə mindiyi andan hakimlər daha bunu edə bilməyəcəklər. Ancaq onlar hələ də digər səlahiyyətlərindən yararlanaraq icraedici hakimiyyətə qarşı qərarlar qəbul edə biləcəklər.

Korrupsiya sarıdan narahatlıq

Bəs indi nə dəyişəcək? Güman ki, tez zamanda heç nə dəyişməyəcək. Ancaq hüquq ekspertləri, habelə hökumət və parlamentin məsləhətçiləri bunun korrupsiyaya qapı açacağı haqda xəbərdarlıq edirlər. Çünki bundan sonra hökumət və ayrı-ayrı nazirlər məmurları yanlış səbəblərlə işə götürmək, yaxud qovmaq istəyəndə bunu daha asanlıqla edə biləcəklər.

Tənqidçilər bunun hökuməti nəzarətdə saxlayan mexanizmləri axsadacağından narahatdırlar. Onlar deyirlər ki, baş prokuror və ya nazirliklərin hüquq müşavirləri kimi dövlət qulluqçuları asanlıqla hər şeyə “baş üstə” deyən adamlarla əvəzlənə bilər. Hökumətsə belə planlarının olmadığını deyir. Hökumət deyir ki, bu dəyişiklik idarəetməni və demokratik yolla seçilmiş rəsmilərin öz siyasətlərini gerçəkləşdirməsini asanlaşdıracaq.

Tənqidçilər həmçinin xəbərdar edirlər ki, nazirlər qərarlarının əvvəlki kimi sorğulanmayacağını bildiklərindən onları yetərincə yaxşı götür-qoy etməyə bilərlər; bu isə ədalətsizliyə yol aça bilər. Uzunmüddətli perspektivdə isə daha zəif məhkəmə sistemi biznesə mənfi təsir göstərə, İsrailin xaricdəki hüquqi müdafiəsinə xələl gətirə bilər. Ancaq bu həm də məhkəmə sistemi ilə bağlı bundan sonrakı mümkün dəyişikliklərlə bağlıdır.

Ali Məhkəmənin rolu

İsraildə bu qanunun parlamentdən keçməsi ilə bağlı narahatlıq var idi. Bir çoxları bunun demokratiyanı təhlükəyə salan sürüşkən yoxuşda ilk addım olmasından qorxurlar.

Dini və millətçi partiyaları təmsil edən hökumət bütövlükdə bu qanunvericilik paketini yanvarda təqdim edib. Hökumətin ifrat mövqeli bəzi nazirləri, etirazlara baxmayaraq, bu yöndə daha çox dəyişiklik istəyir.

İsrailin konstitusion əsaslarına birbaşa toxunan bu qanun layihəsinin parlamentdən cəmi bir ay içində keçirilməsi və bunun həm parlament, həm də küçələrdə qızğın etirazlar fonunda edilməsi daha çox həyəcana səbəb olub.

İsrailin demokratik əsasları nisbətən həssasdır. Bu dövlətin konstitusiyası yoxdur. Birpalatalı Knessetdə hökumət 64-56 çoxluğuna malikdir. Prezident postu isə əsasən rəmzi xarakter daşıyır. Buna görə də Ali Məhkəmə vətəndaş hüquqları və qanunun aliliyinin qorunması baxımından çox vacibdir.

Bundan sonra nə olacaq?

Netanyahu qanunvericilik paketinin bir hissəsindən birdəfəlik imtina edildiyini deyib. Ancaq o hakimlərin seçilmə qaydasının da dəyişdirilməsini istəyir. İndi əsas sual ondan ibarətdir ki, bundan sonrakı dəyişikliklər ABŞ Prezidenti Co Baydenin (Joe Biden) çağırışına uyğun olaraq geniş konsensusla qəbul ediləcək, yoxsa yox. Netanyahu noyabradək bu dəyişiklikləri müxalifət partiyaları ilə razılaşdıracağını deyir. Ancaq bunun baş verəcəyinə təminat yoxdur.

Növbəti dəyişikliklərin müxalifət partiyaları ilə geniş konsensus əsasında qəbulu İsrailin Qərb müttəfiqlərini sakitləşdirmək, habelə xarici investorları və beynəlxalq kredit təşkilatlarını razı salmaq baxımından ciddi üstünlüklər qazandıra bilər. Bu oyunçuların hər biri hökumətin son addımlarından narahatdır. Bu eyni zamanda İsraildə on illər ərzində görünməmiş daxili böhranın yatırdılmasına kömək edərdi.


Netanyahu uzun zamandan bəri məhkəmə qarşısında korrupsiya ittihamlarından müdafiə olunur. O özünün günahsız olduğunu deyir. Tənqidçilərsə baş nazirin sözügedən məhkəmə dəyişikliklərindən bu məsələdə öz xeyrinə yararlanmağa, nəticələrə təsir etməyə çalışacağından narahatdırlar. Netanyahu öz məhkəməsi ilə dəyişikliklər arasında hər hansı əlaqəni qətiyyətlə inkar edir. O bu dəyişikliklərin yalnız İsrailin demokratiyasına xidmət edəcəyini bildirir. O, İsrailin məhkəmə sisteminin güclü və müstəqil qalacağına, vətəndaş hüquqlarına hər hansı xələl gəlməyəcəyinə söz verir.

XS
SM
MD
LG