Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Peyk fotoları Vaqner qrupunun Belarusdakı düşərgəsinin söküldüyünü göstərir


Planet Labs peykinin avqustun 23-ə aid fotosunda görünür ki, 273 xüsusi hərbi çadırdan 101-i sökülüb
Planet Labs peykinin avqustun 23-ə aid fotosunda görünür ki, 273 xüsusi hərbi çadırdan 101-i sökülüb

AzadlıqRadiosunun əldə etdiyi peyk fotolarından Belarusun Tsel kəndində Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdluları üçün nəzərdə tutulduğu deyilən çadır düşərgəsinin söküldüyü görünür.

Planet Labs peykinin avqustun 23-ə aid fotosunda görünür ki, 273 xüsusi hərbi çadırdan 101-si sökülüb.

Belə çadırların hər birində 20-dək hərbçi yerləşə bilir. Belə çıxır ki, ümumilikdə 2000 döyüşçü üçün nəzərdə tutulmuş çadır sökülüb.

Bundan əvvəl verilən xəbərlərdə Belarusa 5000 vaqnerçinin gətirildiyi deyilirdi.

Çadırların və vaqnerçilərin hara aparıldıqları məlum deyil.

Vaqnerçiləri hara aparıblar?

Planet Labs peykinin fotolarından görünür ki, düşərgənin sökülməsi prosesinə avqustun 1-dən başlanıb.

Amma fotolardan bu da məlum olur ki, dəyişiklik bu ərazidəki texnika və qurğuların kiçik bir hissəsinə aiddir.

Vaqner qrupuna bağlı teleqram kanalları yazırlar ki, muzdlulardan bəziləri Rusiyaya tətilə gedib, bir başqaları isə Afrikaya göndərilib.

Amma bu da ola bilər ki, bəzi muzdlular Belarusun daxilində başqa ərazilərə köçürülüb.

Suvalki arakəsməsi

Planet Labs peykinin bundan əvvəlki fotolarında Tsel kəndinin 15 kilometrliyində yerləşən Repişşa poliqonunda yeni səngərlərin qazıldığı görünürdü.

Polşanın baş naziri Mateuş Moravietski iyul ayında demişdi ki, 100-dək vaqnerçinin Belarusun qərbinə, Polşanın Suvalki şəhəri ilə həmsərhəd bölgəyə gətirildiyi ehtimal olunur. Burada 80 kilometr uzunluğu olan və “Suvalki arakəsməsi” kimi tanınan zolaq yerləşir.

Bu zolaq NATO-nun Baltikadakı üzvləri Litva, Latviya və Estoniya ilə yeganə torpaq yolu əlaqəsidir.

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Polşa baş nazirinin iddialarını təkzib etmişdi.

Təyyarə qəzasından dərhal sonra

Planet Labs-in son fotoları yayılandan bir gün əvvəl verilmiş xəbərlərdə deyilir ki, Rusiyada qəzaya uğramış təyyarənin sərnişinlərinin siyahısında Vaqner qrupunun təsisçisi Yevgeni Priqojinin də adı olub.

Rəsmilər Priqojinin bu qəzada həlak olmasını hələ ki, təsdiq etməyiblər. Xəbərdə təyyarədəki 10 nəfərin hamısının həlak olduğu deyilirdi.

Vaqner qrupunun muzdlu döyüşçüləri Belarusa Priqojinin yarımçıq qalmış qiyamından sonra, Lukaşenkanın Putinlə əldə etdiyi sövdələşmənin ardınca köçürülməli idilər.

Vaqner döyüşçüləri Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsində əsas rollardan birini oynayıblar.

XS
SM
MD
LG