Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Polşa, Litva, Latviya və Estoniya 'Vaqner' muzdlularının Belarusdan çıxarılmasını tələb edirlər


Vaqner muzdluları Belarusda
Vaqner muzdluları Belarusda

Polşanın daxili işlər naziri Mariuş Kaminski Baltik ölkələrindən olan həmkarları ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Polşa, Litva, Latviya və Estoniya Vaqner muzdlularının Belarusdan çıxarılmasını tələb edirlər.

Kaminski deyib ki, Belarusda bir neçə min silahlı muzdlu əsgərin olması bu ölkənin və bütün regionun vətəndaşları üçün təhlükə yaradır.

Nazirin sözlərinə görə Avropa İttifaqı ölkələri vaqnerçilərin iştirakı ilə mümkün insidentləri istisna etmirlər.

Kaminski bildirib ki, belə olduğu halda onun ölkəsi və Baltik ölkələri özlərinin Belarusla olan sərhədlərini tam bağlamağa hazırdırlar.

Bundan başqa Kaminski qeyd edib ki, son vaxtlar sərhədin Belarus tərəfində Avropa İttifaqı ərazisinə keçmək istəyən miqrantların sayı artıb.

Nazirlər habelə Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenkadan bu miqrantları mənsub olduqları ölkələrə qaytarmağı və qaçqın böhranını dərinləşdirməməyi tələb ediblər.

Birgə hərəkət planı

Litvanın daxili işlər naziri Aqne Bilotayte deyib ki, görüşdə iştirak edən ölkələr kritik insidentlərin baş verdiyi təqdirdə birgə hərəkət etmək barədə razılığa gəliblər.

Hazırda Vilnüs Belarus və Litva arasında daha iki sərhəd keçidinin – Lavorişkes və Rayqardas keçidlərinin bağlanmasını nəzərdən keçirir.

Litva avqustun 18-dən artıq Belarusla sərhəddə 6 keçiddən ikisini – Şumskas və Tveryaçus keçidlərini bağlayıb.

Vaqner muzdluları Belarusa bu şirkətin təsisçisi Yevgeni Priqojinin yarımçıq qiyamının ardınca, iyunun sonlarından köçürülürlər.

Lukaşenka bəyan etmişdi ki, muzdlular onun ölkəsinin hərbçilərinə təlim keçəcəklər.

Bu da qeyd olunur ki, muzdlular Belarus ərazisinə ağır texnika olmadan gətirilir. Onların əsas düşərgəsi Mogilyov vilayətində yerləşir.

Sərhədlər möhkəmləndirilir

Vaqner döyüşçüləri Belarusa gətirildikdən sonra Polşa və Baltik ölkələri bu ölkə ilə sərhədlərinin möhkəmləndirilməsinə başlayıblar.

Polşa sərhəddə əlavə gözətçi qurğuları yerləşdirir və sərhəd bölgəsindəki hərbçilərinin sayını artırır.

Polşa Belarusla həmsərhəd bölgələrdəki əsgərlərinin sayını 10 minə çatdırmaq niyyətindədir.

Latviyanın sərhəd xidməti də gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

Riqa bildirib ki, sərhədin qanunsuz keçilməsi cəhdləri artıb.

Latviya Belarusu vəziyyəti sabitsizləşdirmək cəhdlərində ittiham edir.

XS
SM
MD
LG