Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Azərbaycan-Fransa parlament əlaqələri dayandı


Paris
Paris

+++

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyətini dayandırır.

Bu barədə "Turan"a işçi qrupun rəhbəri deputat Soltan Məmmədov məlumat verib.

Bundan bir neçə gün öncə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdığını açıqlamışdı. Bu, Qarabağ bölgəsində son baş verən olaylarla izah edilirdi.

+++

Oktyabrın 3-ü günorta 12:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 100 min 617 nəfər gedib. Bu haqda Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Onun sözlərinə görə, Həkəri çayını 21 min 191 nəqliyyat vasitəsi keçib.

Baqdasaryan 91 min 918 nəfərin qeydiyyata alındığını vurğulayıb.

Həlak olanların sayı 200-ü keçib

Azərbaycan Müdafiə Nazirliyi (AMN) Qarabağda son hərbi əməliyyatlarda həlak olan hərbi qulluqçularının siyahısını yenilənib.

Siyahıya daha beş hərbi qulluqçunun adı əlavə edilib. Beləliklə, onların sayı 191 nəfərə çatıb.

Səhiyyə Nazirliyi sentyabrın 27-də həmin hadisələr zamanı ümumilikdə Azərbaycan tərəfdən 193 şəxsin həlak olduğunu, 512-nin isə yaralandığını açıqlamışdı. Həlak olanların 180-nin Müdafiə Nazirliyinin, 12-sinin daxili qoşunların hərbi qulluqçusu, bir nəfərin isə mülki şəxs olduğu deyilirdi.

Səhiyyə Nazirliyi habelə 11 nəfərin də şəxsiyyətinin müəyyən edilmədiyini vurğulamışdı. Sonradan siyahıya əlavə edilən 11 nəfərin də onlar olduğu deyilir.

XİN rəhbəri: Tərksilah prosesi yekunlaşıb

Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov deyib ki, Qarabağda qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması yekunlaşıb.

"30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb".

Bu açıqlamaya, hələlik, Ermənistanın rəsmi qurumları və Qarabağda keçmiş tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Azərbaycan 300 nəfəri axtarışa verib

Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı 300 nəfəri axtarışa verib.

Bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 1-də açıqlama verib.

O, 103 cinayət işinin başlanıldığını bildirib: "Həmin cinayətlərin törədilməsində iştirak edən 300-dən çox şəxs axtarışa verilib".

Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Xankəndidə qeydiyyat işləri aparılır

"Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar". Bunu oktyabrın 1-də Prezident Administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında aparılır.

Azərbaycanın 200 nəfərlik həbs siyahısı var? - 'Reuters' yazır
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Qarabağdan Ermənistana 'axırıncı avtobus'un çatdığı bildirilir

Qarabağdakı rejimin "ombudsmana"ı Qeqam Stepanyanın sözlərinə görə, bazar günü Qarabağdan Gorisə qaçqınlarla dolu sonuncu avtobus çatıb. Avtobusa 15 nəfərin olduğu deyilir. Stepanyan deyib ki, könüllülər kənar, kömək olmadan evdən çıxa bilməyənlərə yardım ediblər. O, Qarabağda qalmış tənha, köməksiz şəxslər barədə bilgisi olanları Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlamağa çağırıb.

Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gedib. İlin əvvəlinə Qarabağ əhalisinin sayının 120 min nəfər olduğu bildirilirdi. Ancaq dəqiq məlumat yoxdur. Keçmiş rejim rəsmiləri hazırda regionun praktik olaraq boşaldığını deyirlər.

İşçi qrup Xankəndiyə səfər edəcək

"Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub". Bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Bir müddət öncə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

Bir günə 192 itki: 'Bu qədər olmamalıydı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Azərbaycan Sərsəng su anbarına nəzarət edir

Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, artıq Sərsəng su anbarı da Azərbaycanın nəzarətinə keçib. "Su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir", - məlumatda vurğulanır.

Tərtərçayın üzərində tikilən Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Anbarın ümumi həcmi 565 milyon kubmetr dəyərləndirilir. Sahil xəttinin uzunluğu 50.25 kilometrdir.

Sentyabrın 28-də Qarabağdakı tanınmayan qurum yanvarın 1-dək fəaliyyətini dayandıracağını açıqlayıb.

Həlak olan hərbçilərin borcları silinir

Son hərbi əməliyyatlarda həlak olanların bank borcları silinəcək. Bununla bağlı Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Qərara alınıb ki, həlak olan hərbiçilərin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin.

Habelə, qərara görə, yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə 2023-cü il sentyabrın 19-dan ilin sonuna kimi hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinməlidir.

"Artsax prezidenti" Samvel Şahramanyanın "Daxili İşlər Nazirliyi"nin rəhbərliyi ilə işgüzar görüşü
"Artsax prezidenti" Samvel Şahramanyanın "Daxili İşlər Nazirliyi"nin rəhbərliyi ilə işgüzar görüşü

Qarabağdakı tanınmayan qurum ləğv edilir

Qarabağ separatçılarının lideri Samvel Şahramanyan tanınmamış qurumun buraxılması barədə sərəncam imzalayıb. Bildirilir ki, "Dağlıq Qarabağ (Artsax) Respublikası" ləğv olunur, 2024-cü il yanvarın 1-dən gec olmayaraq Qarabağdakı "bütün dövlət müəssisələri və təşkilatları" öz fəaliyyətini dayandırır.

Razılaşmaya görə, Qarabağ əhalisi, həmçinin regiondan kənarda yaşayanlar sərəncam qüvvəyə minəndən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olacaqlar.

Açıqlamaya görə, bununla da onlar gələcəkdə Qarabağda qalmaq (qayıtmaq) imkanı ilə bağlı müstəqil və fərdi şəkildə qərar verməlidirlər.

Ruben Vardanyan saxlanılıb

"Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyan sentyabrın 27-də "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, o, DSX əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. "Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib", - məlumatda vurğulanır.

Ruben Vardanyan saxlanılıb
Ruben Vardanyan saxlanılıb

Almaniya Qarabağa müşahidəçilər göndərməyə çağırır

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok sentyabrın 27-də Azərbaycanı beynəlxalq müşahidəçiləri Qarabağa buraxmağa çağırıb. O, Berlinin qaçqınlara humanitar yardımı gücləndirdiyini bildirib.

Berbok deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə əlavə maliyyəni 2 milyondan 5 milyon avroya (5.28 milyon dollar) qaldırırlar.

Bakı isə Qarabağdan qaçan erməni sakinlərə bərabər yanaşma vəd edir.

Partlayışdan sonra 100-dən çox adamdan xəbər yoxdur

Sentyabrın 25-də Əsgəranda yanacaqdoldurma məntəqəsində partlayışda ölənləri sayı 68-ə çatıb.

Qarabağda tanınmayan qurumun təmsilçilərinin "ombudsman" kimi təqdim etdikləri Qeqam Stepanyan deyib ki, partlayışda təsdiqlənmiş ölü sayı 68 nəfərdir, yalnız 21 nəfərin şəxsiyyəti müəyyənləşib.

Partlayışın Qarabağı tərk edən ermənilərin maşınlarına yanacaq vurmaq üçün növbədə gözlədiyi vaxt baş verdiyi bildirilir.

Onun səbəbi müəyyənləşdirilməyib.

290 nəfər xəsarət aldığı bildirilir.

Stepanyanın sözlərinə görə, partlayışdan sonra 105 nəfərin taleyi naməlum qalır.

Böyük Qaladərəsi də boşalıb

Şuşanın Böyük Qaladərəsi kəndi də tamamilə boşalıb.

Ermənilərin "Mets Şen" adlandırdıqları bu kəndin icma başçısı David Davidyan 80 sakinin hamısının kəndi tərk etdiyini bildirib: "Biz hər şeyi qoyub bir maşınla oradan çıxdıq. Mal-qaranı, arılarımızı, yaşayış vasitələrimizi – hamısını qoyub çıxdıq... Bu da axırı... Artsax həmişəlik itirildi, biz onu itirdik, satdıq, xəyanət etdik. Ana Ermənistan öz körpəsini satdı. Hətta heyvanlar aləmində də belə olmur...".

Davidyan artıq Ermənistanın Kornidzor kəndinə çatdığını deyib. Onun sözlərinə görə, yollarda yaranmış tıxaca görə səfər iki-dörd gün çəkir.

ABŞ Qarabağla bağlı beynəlxalq missiya yaratmağı təklif edir

Qarabağda beynəlxalq missiyanın yaradılması yalnız Bakının razılığı ilə mümkün ola bilər. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatını şərh edərkən deyib: "Yox, biz burada heç bir konkretlik görmürük. Həm də missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər".

Peskov əlavə edib ki, Moskva Yerevanla, Bakı ilə, habelə Qarabağ erməniləri ilə daimi əlaqədədir.

ABŞ-ın Qarabağla bağlı təşəbbüsü: Azərbaycan razı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

***

"Hesab edirik ki, Azərbaycanın ictimai bəyanatlarına uyğun olaraq şəffaflığı təmin edəcək. Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verəcək beynəlxalq missiya olmalıdır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya güvənə bilinəcək təhlükəsizlik tərəfdaşı olmadığını göstərib.

Miller vurğulayıb ki, Qarabağın etnik erməni sakinlərinin, istəsələr, öz evlərində qalmaq, dinc, ləyaqətli şəraitdə yaşamaq imkanı olmalıdır, onların hüquq və təhlükəsizliyinə sayğı ilə yanaşılmalıdır: "Dağlıq Qarabağı tərk etmək istəyənlərə gəlincə, onların təhlükəsiz şəkildə, müstəqil, üçüncü tərəfin nəzarəti altında ölkədən çıxması təmin edilməlidir".

Dövlət Departamentinin sözçüsü bir daha vurğulayıb ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, sülh sazişi əldə edilə bilər. "Aydındır ki, biz son bir neçə ayda belə bir şey görməmişik. Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Onların görüşməsinin və nəticədə iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasının vacib olduğuna inanırıq", - Miller bildirib.

+++

Xankəndi-Əsgəran yolunun yaxınlığındakı benzin anbarında güclü partlayış baş verib.

Ölənlərin və yaralıların olduğu xəbər verilir.

Ağdərə tamamilə boşalıb

Ağdərə şəhərinin sakinləri evakuasiya olunub.

"Mardakertin meri" kimi təqdim olunan Mişa Gürcüyan deyib ki, şəhər tamamilə təslim edilib.

Şəhərin son sakinləri onu sentyabrın 24-də axşam saatlarında tərk ediblər. Minədək maşın Ağdərədən çıxaraq Xankəndiyə gəlib.

Xocalı görüşündə nələr razılaşdırılıb...

Azərbaycan Prezidentinin Administrasiyası Xocalı görüşünün yekunu ilə bağlı məlumat yayıb. Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib.

"Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrupun üzvlərinin... ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili, birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub", - məlumatda vurğulanır.

Açıqlamaya görə, təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması istənilən səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyəti birgə çalışsın: "Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib".

Bildirildiyinə görə, həmçinin görüşdə Qarabağda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya, Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb.

Bu açıqlamaya, hələlik, Qarabağ əhalisinin təmsilçilərinin münasibəti bəlli deyil.

İlham Əliyev: 'Erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinin uğurlu olacağına əminəm'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Əliyev: 'Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyin tam təmin edib'

"Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyin tam təmin edib". AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

"Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik", - o bildirib.

Hərçənd Azərbaycan prezidenti 3 il əvvəl də çıxışlarında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini söyləmişdi.

İ.Əliyev habelə Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı deyib ki, onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Bakı Xankəndinə işıq verir

Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulmasının təmin edildiyi bildirilir. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasından sentyabrın 24-də məlumat yayılıb.

Məlumatda bu, sentyabrın 21-də Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə görüşdə müzakirə olunan məsələlərin həlli istiqamətində "təxirəsalınmaz işlər" kimi təqdim edilir: "2021-ci ildə "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb... Artıq Xankəndidə Azərbaycan işığı yanır".

Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Buna qədər

  • Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
  • Sentyabrın 21-də də Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü açıqlanıb. Bundan sonra Azərbaycan hökuməti Qarabağa ərzaq və zəruri tibbi ehtiyaclar göndərdiyini bildirib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG