Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Hesabat: ABŞ Çin və Rusiyaya qarşı eyni vaxtda müharibəyə hazır olmalıdır


Çin və Rusiya prezidentləri Si Tsinpin və Vladimir Putin
Çin və Rusiya prezidentləri Si Tsinpin və Vladimir Putin

Birləşmiş Ştatlar Rusiya və Çinlə eyni vaxtda müharibəyə hazır olmalıdır.

Bu barədə ABŞ Konqresinin strateji planlaşdırma komissiyasının hazırladığı 145 səhifəlik hesabatda qeyd olunur:

"Bugün Birləşmiş Ştatlar nüvə potensialı ona bərabər olan bir yox, iki rəqibin peyda olmasının astanasındadır. Onların, hər birinin, lazım gələrsə beynəlxalq status-quo-nu dəyişdirmək üçün öz ambisiyaları var. Birləşmiş Ştatlar bu situasiyanı öncədən görə bilməyib və buna hazır deyil”.

Təhlükələr 2027-2035-də kəskin arta bilər

Reuters agentliyinin bu hesabatın işlənməsində iştirak etmiş yüksək vəzifəli rəsmi mənbələrindən biri deyib ki, ABŞ eyni vaxtda iki müharibə nəzərdə tutmalıdır, çünki Rusiya və Çin arasında “maksimal əlaqələndirmə” ola bilər.

Mənbə sözü gedən iki dövlətin nüvə silahı sahəsində əməkdaşlıq etməsinin ABŞ kəşfiyyatına məlum olub-olmaması barədə suala cavab verməyib.

Hesabat müəllifləri ehtimal edirlər ki, Çin və Rusiya tərəfindən təhlükələr 2027-2035-ci illərdə kəskinləşəcək və buna görə də müvafiq qərarlar indi qəbul olunmalıdır.

Sənəddə vurğulanır ki, ABŞ və onun müttəfiqləri hər iki rəqibi eyni vaxtda cilovlamağı və məğlub etməyi bacarmalıdırlar.

Bayden inanmır

Konqresin strateji planlaşdırma komissiyası ABŞ hakimiyyətinə tövsiyə edir ki, “büdcə reallıqlarına” baxmayaraq adi silahlar artırılmalı və nüvə silahının modernləşdirilməsi proqramı genişləndirilməlidir.

Reuters qeyd edir ki, ümumilikdə bu hesabat prezident Co Baydenin mövqeyi ilə ziddiyyət təşkil edir.

Bayden hesab edir ki, ABŞ Çin və Rusiyanın birgə cilovlanması üçün kifayət qədər nüvə cəbbəxanasına malikdir.

2022-ci ildə yaradılmış Konqres komissiyasının məqsədi ABŞ-ı gözləyən uzunmüddətli hədələri qiymətləndirmək, adi və nüvə silahlarının dəyişdirilməsinə dair tövsiyələr verməkdir.

XS
SM
MD
LG