Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Regionlara yatırılan 104 milyard manat regional fərqləri azaltdımı?


Qaz ola-ola odun yandıran kənd - Xaçmazdan REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Qaz ola-ola odun yandıran kənd - Xaçmazdan REPORTAJ

İlham Əliyev hakimiyyətə gələndən az sonra - 2004-cü ildən bəri Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları icra edilməyə başlanıb. İndi qüvvədə olan proqram 2019-2023-cü illəri əhatə edir. Bu proqramların hədəfi - ölkənin regionlarında sosial-iqtisadi inkişafı dəstəkləmək və ölkədə regional bərabərsizlikləri aradan qaldırmaqdır. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə bağlı tədbirdəki çıxışında bildirib ki, "son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manatdır". İqtisadiyyat nazirinin açıqlamasından bəlli olur ki, hər il ölkədə regionların sosial-iqtisadi inkişafı proqramına ortalama 5 milyard manat ayrılır. Bu, ölkənin büdcə xərclərinin təxminən 15 faizinə yaxın bir vəsait deməkdir. Bəs xərclənən milyardların geridönüşü varmı? Azərbaycanda regionların inkişaf səviyyəsi paytaxtla müqayisədə necədir?

Əmək bazarının durumu

Ölkədə regionların inkişaf səviyyəsinin qiymətləndirilməsi baxımından ən vacib göstəricilərdən biri əmək bazarının durumudur. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərdən aydın olur ki, bu ilin ilk altı ayının sonuna Azərbaycanda 1 milyon 726 min muzdlu işçi var. Bu işçilərin 1 milyon 15 min nəfəri - təxminən 60 faizi paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasında çalışır. Ölkənin digər bütün ərazisində çalışanlarsa muzdlu işçilərin cəmi 40 faizi qədərdir.

Sektorlar üzrə bu fərq daha böyükdür. Rəsmi rəqəmlərdən görünür ki, ölkənin regionlarındakı rəsmi iş yerlərinin bir çoxu, sadəcə dövlət sektoru ilə bağlıdır və özəl sektor çox zəif gəlişib. Belə ki, 2023-cü ilin göstəricilərinə görə, Azərbaycanda özəl sektorda çalışan 831 min nəfərin 565 min nəfəri - 68 faizi Abşeron yarımadasındadır. Deməli, özəl sektorda çalışan hər üç nəfərdən ikisi Bakıda, biri ölkənin onlarla digər rayon və şəhərində fəaliyyət göstərir. Regionların məşğulluğunda özəl sektorun payının aşağı olması ölkənin regionlarında iqtisadi fəaliyyətin məhdud inkişafının göstəricisidir.

İş yerlərinin sayı ilə yanaşı, regionlar əməkhaqqı məbləğinə görə də Bakıdan kəskin geri qalır. DSK-nın açıqladığı sonuncu rəqəmlərə görə, paytaxtda orta aylıq əməkhaqqı 1 min 177 manatdır. Abşeron yarımadasından kənarda yerləşən iqtisadi rayonlardasa orta aylıq maaş məbləği 570-690 manat arasında dəyişir. Deməli, orta aylıq əməkhaqqı baxımından, Bakı ilə digər regionlar arasında iki dəfəyə yaxın fərq var. Yeni iş yerlərinin açılması baxımından da regionların toplam nəticəsi Bakıdan qat-qat aşağıdır. Hər il ölkədə açılan yeni iş yerlərinin 80 faizindən çoxu təkcə Bakının payına, qalan 20 faizə yaxını isə ölkənin bütün digər rayon və şəhərlərinin payına düşür.

Ölkə iqtisadiyyatının formalaşmasında regionların payı

Gəlir və iş yerlərinin azlığı ilə yanaşı, Azərbaycanın regionları ölkədə istehsal baxımından da Bakıdan çox geri qalır. Ötən il ölkədəki sənaye məhsulunun 90 faizə yaxını paytaxt Bakıda istehsal edilib. Əsas kapitala qoyulan sərmayənin yarıdan çoxu tək Bakının payına düşüb. Ölkə üzrə ictimai iaşə dövriyyəsinin də 60 faizdən çoxu Bakıda baş verir. Ötən ilin nəticələrinə görə, Azərbaycanın ixracdan qazandığı gəlirin təxminən 92 faizi neft və qaz məhsulları hesabına təmin edilib. Bu baxımdan, Azərbaycan regionlarının ölkənin ixrac gəlirlərinin formalaşmasındakı payı cəmi bir neçə faizdir.

Bütün bu iqtisadi çətinliklər əhalinin ölkədaxili miqrasiyasına da təsirsiz ötüşməyib. Hökumətin 2019-cu ildə gerçəkləşdirdiyi əhali siyahıyaalınmasının nəticələri göstərmişdi ki, Abşeron yarımadasında yaşayanların gerçək sayı rəsmi qeydiyyatda olanların sayından təxminən 1 milyon nəfər çoxdur. Hazırda Azərbaycanda yaşayan insanların, az qala, yarısına yaxını paytaxt və ona yaxın ərazilərdə məskunlaşıb. Onu da unutmaq olmaz ki, iqtisadi göstəricilərlə yanaşı, sosial istiqamətlərdə də ölkənin regionları Bakıdan qat-qat geri qalır. Rəsmi rəqəmlərdən aydın olur ki, adambaşına düşən təhsil və səhiyyə işçiləri, eləcə də kommunal xidmətlərlə təminat baxımından Bakıda qeydə alınan göstərici ölkə ortalamasının çox üzərindədir.

Bütün bu rəqəmlərdən aydın olur ki, iqtisadiyyat naziri son 20 ildə regionların sosial-iqtisadi inkişafına 104 milyard manat xərclənməsi ilə öyünsə də, rəsmi rəqəmlər ölkə regionlarının inkişaf səviyyəsinin hələ də Bakıdan qat-qat geridə qaldığını göstərir. Müstəqil ekspertlər bunun əsas səbəbimi vəsaitin şəffaf və hesabatlı xərclənməməsində görürlər. Bir çox müstəqil araşdırma göstərir ki, Azərbaycanda iri infrastruktur layihələrinə xərclənən vəsaitlə bağlı korrupsiya hallarına rast gəlinir. Deməli, vəsaiti xərcləyən qurumların şəffaf və hesabatlı olmaması ilə bağlı narahatlığın ciddi əsası var. Eyni zamanda, ölkədə qanunun aliliyinə çağırışların olmaması, rəqabət ortamının əlverişsizliyi kimi amillər istər xarici, istərsə yerli sahibkarların bazara girişini çətinləşdirir.

Onu da unutmaq olmaz ki, hökumət regionların inkişafı proqramları çərçivəsində yeni iş yerlərinin açılmasından çox, inşaat işlərinə önəm verir. Ölkənin bir çox rayonunda olimpiya idman kompleksləri, Heydər Əliyev mərkəzləri və bu qəbildən binalar var. Di gəl, iş yerlərinin sayı və gəlir imkanları baxımından köhnə problemlər qalmaqdadır. Bütün bunların nəticəsində həm regionlarda yaşayan insanların sosial rifahı aşağı düşür, həm də ölkə iqtisadiyyatı regionların potensial qatqısından məhrum qalır.

XS
SM
MD
LG