Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Gələn il xarici borclanma limiti iki dəfədən çox artırılır


2023-cü il oktyabrın 1-nə Azərbaycan Respublikasının dövlət borcunun toplam məbləği 17 milyard 203 milyon manatdır.
2023-cü il oktyabrın 1-nə Azərbaycan Respublikasının dövlət borcunun toplam məbləği 17 milyard 203 milyon manatdır.

Hər il Azərbaycanda büdcə ili ərzində cəlb edilən daxili və xarici dövlət borcunun, eləcə də ilboyu veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri müəyyənləşdirilir. Bunu "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının qanunu tələb edir. "2024-cü il dövlət büdcəsi haqqında" Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, gələn il hökumətin xarici borc cəlbi ilə bağlı limiti 1.7 milyard manat səviyyəsində nəzərdə tutulur. Müqayisə üçün: Bu il həmin məbləğ 750 milyon manat səviyyəsində nəzərdə tutulmuşdu. Bu baxımdan, bəlli olur ki, yeni dəyişikliklərlə birlikdə hökumətin 2023-cü illə müqayisədə 2.3 dəfə daha çox xarici borc cəlb etmək imkanı olacaq. Son illər hökumətin xarici borclanma limiti ardıcıl artırılır. Ötən il sözügedən göstərici 600 milyon manat idi.

Hökumət 2024-cü il üçün xarici borclanma ilə yanaşı, daxili borclanma limitini də artırmağı planlaşdırır. Qanun layihəsindən görünür ki, gələn il daxili borclanmanın maksimum 2 milyard 300 milyon manat olması nəzərdə tutulub. 2023-cü ildə həmin göstərici 1 milyard 800 milyon manat idi. Bu, bir il ərzində limitin yarım milyard manat və ya 28 faizə yaxın artırılması deməkdir.

Hökumət 2024-cü ildə xarici və daxili borclanma limitini artırsa da, dövlət zəmanəti ilə cəlb edilmiş borc həcmini azaltmağı düşünür. Gələn il dövlət zəmanəti ilə cəlb ediləcək borcun yuxarı həddinin 700 milyon manat olması nəzərdə tutulub. Bu il uyğun göstərici 1 milyard manat idi. Deməli, 2024-cü ildə hökumət 2023-cü illə müqayisədə 30 faiz daha az borca dövlət zəmanəti verəcək. Belə borclara müxtəlif dövlət qurumlarının cəlb etdikləri borclar daxildir. Həmin borcların qaytarılmasına dövlət zamin durur.

Dövlət borcunun ÜDM-ə nisbəti artır

Dövlət borclarına dair qanunda qeyd edilir ki, daxili və xarici borclanma ilə bağlı limitlər müvafiq il üçün "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda müəyyənləşdirilir. Bu zaman ölkənin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının gerçəkləşdirilməsinə gərəkəcək əlavə maliyyələşməyə tələbat nəzərə alınır. Bununla yanaşı, borcun ümumi daxili məhsula (ÜDM-ə) nisbəti, borcun mal və xidmət ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti kimi göstəricilər də həmin limitlərin müəyyənləşdirilməsinə təsir göstərir.

Hökumətin borclanma limitlərinin kəskin artırılmasının hüquqi təməli hələ bir neçə ay öncə yaradılmışdı. Avqustun 4-də prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyada (2022-2025) dəyişiklik haqqında sənədi təsdiqləmişdi. Həmin dəyişikliyə görə, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 2025-ci ilin sonunadək 30 faizi üstələməməlidir. Dəyişiklikdən öncə bu hədd 20 faiz idi. Deməli, bu dəyişiklik hökumətə dövlət borcu məbləğinin ÜDM-ə nisbətini 20 faizdən 30 faizədək artırmağa, başqa sözlə, ÜDM barədə proqnozlara uyğun olaraq 50 faizədək daha çox borclanmağa imkan verəcək. Bundan başqa, strategiyadakı digər dəyişikliyə əsasən, 2026-cı ilədək Azərbaycanın xarici dövlət borcu 10 milyard ABŞ dollarını aşmamalıdır. Öncəki versiyada xarici borcun məbləği konkret məbləğlə ifadə edilməmişdi. Əvəzində hökumət xarici borcun ÜDM-ə nisbətinin 15 faizi üstələməməsini hədəfləyirdi.

Borc ödənişləri də artır

Gələn ilin dövlət büdcə layihəsindən o da bəlli olur ki, hökumət aldığı borclara görə ödənişlərini də artıracaq. 2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmətlə bağlı 1 milyard 972 milyon manat xərc nəzərdə tutulub. Bu il eyni göstərici 1 milyard 182 milyon manat idi. Başqa deyimlə, 2024-cü ildə hökumət 2023-cü illə müqayisədə 790 milyon manat və ya 67 faiz daha çox borc ödəyəcək. Bu məbləğə həm faiz, həm də əsas borc ödənişləri daxildir. İndiki rəqəmlərdən aydın olur ki, gələn il Azərbaycanın büdcə xərclərinin 5.3 faizi sırf dövlət borcunun qaytarılması ilə bağlı olacaq.

Büdcə layihəsində açıqlanan rəqəmlərdən bilinir ki, dövlət borcu ilə bağlı xərclər, əsasən, xarici borclarla bağlıdır. 2024-cü ildə dövlət borcu üçün nəzərdə tutulan 1 milyard 972 milyon manatın 1 milyard 472 milyon manatı - 75 faizi xarici, 500 milyon manatı (25 faizi) daxili borcla bağlı olacaq. Dövlət borcu ilə bağlı bir məqam da diqqət çəkir: Ödəniləcək məbləğin əsas bölümü faiz borcudur. Gələn il xarici dövlət borcu ilə bağlı ödənilməsi nəzərdə tutulan 1 milyard 472 milyon manatın 622 milyonu faiz borcudur. Daxili dövlət borcu ilə bağlı ödəniləcək məbləğinsə 100 faizi (500 milyon manat) faiz borcudur. Deməli, gələn il daxili dövlət borcunun əsas borc hissəsi ilə bağlı heç bir ödəniş edilməyəcək, sadəcə faiz ödəniləcək.

Maliyyə Nazirliyinin açıqladığı sonuncu göstəricilərə görə, 2023-cü il oktyabrın 1-nə Azərbaycan Respublikasının dövlət borcunun toplam məbləği 17 milyard 203 milyon manatdır və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 14.4 faizi qədərdir. Bu borcun 6 milyard 535 milyon dolları (11 milyard 109 milyon manatı) xarici dövlət borcu, 6 milyard 94 milyon manatı isə daxili dövlət borcudur.

XS
SM
MD
LG