Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Xaçatryan: 'Necə olur ki, eyni vaxtda mən bu yerlərin hamısında oluram?'


Vaqif Xaçatryan
Vaqif Xaçatryan

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham olunan Vaqif Xaçatryanın Bakıda keçirilən məhkəməsində zərərçəkmişlər dindirilir. Zərərçəkənlər Meşəlidə qətlə yetirilənlərin hüquqi varisləri, eləcə də orada xəsarət almış şəxslərdir. Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb və bu qurumun hüquq şöbəsinin müdiri məhkəmədə iştirak edir.

68 yaşlı Xaçatryanın işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və daha iki hakimi baxır. Amma məhkəmə iclasları Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

"Bir evdə beş nəfəri od vurub yandırdılar"

Oktyabrın 18-də dindirilən zərərçəkənlər iddia ediblər ki, Xaçatryan Meşəlidə qətliam törədən əsas şəxslərdən biri olub. Onlardan bəziləri Xaçatryanı həmin gün şəxsən gördüyünü bildirib. Bəziləri isə deyir ki, öz ailə üzvləri ilə söhbətlərdə təqsirləndirilən şəxsin də Meşəli hadisələrində iştirakını eşidib.

"Hadisə günü hamı Vaqif deyirdi. Mən bilmirdim ki, bu kimdir. Hadisədən sonra da deyirdilər ki, Vaqifin dəstəsi gəlib eləyib bütün bunları...", – zərərçəkən Bayram Hacıyevin sözləridir.

Ədalət Salmanov danışır ki, 1991-ci ildə dekabrın 23-də səhər tezdən Azərbaycan dilində Meşəli sakinlərinə xəbərdarlıq olunub. Onlardan kəndi tərk etmələri tələb edilib. Ardınca isə güllə səsləri eşidilib.

Zərərçəkmiş Fazil Hacıyev də Xaçatryanı Meşəli qətliamının əsas səbəbkarı sayır. O, həmin gün kənddə baş verənləri belə xatırlayır: "Kənddən çıxışı kəsmişdilər. Bir evdə beş nəfəri od vurub yandırdılar. Təsəvvür edin, evi yandırırlar, qapıya da güllə atırlar ki, evdən çıxa bilməsinlər. Məktəbdə də beş-altı nəfər diri-diri yandırılmışdı. Əvəz dayı, Qönçə xala, Allahverdi dayı...".

"Axşama qədər işləyib, ailəmə çörək qazanan biri olmuşam..."

Xaçatryan isə ünvanına səslənən ittihamların hamısını rədd edib. O bildirib ki, zərərçəkənlərin onu həmin hadisələr vaxtı Meşəlidə görməsi haqda dedikləri doğru deyil: "Allaha and olsun ki, mən orada olmamışam. Biri gəlib deyir ki, kəndin aşağısında görmüşəm. Biri deyir ki, guya, kəndin başında olmuşam. Biri deyir ki, nohurun yanında görmüşəm. Necə olur ki, eyni mən bu yerlərin hamısında oluram? Mən orada necə olmuşam ki, bir güllə yarası almamışam? İndi mən burdayam, məni tutublar. Ona görə tanıyan da, tanımayan da gəlib deyir ki, budur...".

O əlavə edib ki, əgər belə bir cinayətdə iştirakı olsaydı, çəkinərdi, sərhəd-buraxılış məntəqəsindən qanuni yolla Ermənistana getməzdi: "Elə olsaydı, mən də başqaları kimi qanunsuz yolla keçərdim...".

Meşəlidəki qətliamın başvermə səbəblərinə gəlincə, o iddia edib ki, həmin hadisələr bir gün öncə Qarabağın mərkəzi şəhəri Xankəndidə hazırlanmışdı. Onun sözlərinə görə, təşkilatçılar da Ermənistandan, xarici ölkələrdən gələnlər, həmçinin Daşnaksutyun partiyasının üzvləri olub: "Mən Meşəli hadisəsindən bir gün sonra xəbər tutmuşam. Mən axşama qədər işləyib, ailəmə çörək qazanan biri olmuşam...".

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Xatırlatma

V.Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istədiyini bildirmişdi. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırıb, Qarabağ sakininin saxlanmasını "adam oğurluğu" adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ildən Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.

Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-nin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Azərbaycan qanunvericiliyində soyqırımı cinayətinə görə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG