Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Qırğızıstan vizasız rejimi rusiyalılar üçün də sərtləşdirib


Qırğızıstanda sərhəd keçid məntəqəsi
Qırğızıstanda sərhəd keçid məntəqəsi

Qırğızıstan Xarici İşlər Nazirliyi oktyabrın 19-da təsdiq edib ki, xaricilərin ölkədə vizasız qalması qaydalarının sərtləşdirilməsi, Avrasiya İqtisadi İttifaqına və KTMT-yə daxil Rusiyanın vətəndaşlarına da şamil ediləcək.

Bundan əvvəl bir sıra medialar oktyabrın 17-də elan edilmiş yeni qaydaların rusiyalılara tətbiq edilməyəcəyini bildirmişdilər.

Qırğızıstan Nazirlər Kabinetinin tətbiq etdiyi yeni qayda şərti olaraq “vizaran” kimi tanınan praktikanı ləğv edir.

Bu qaydadan faydalanmaq istəyənlər 90 günlük vizasız qalma müddəti bitən kimi ölkəni tərk edir və dərhal da geri qayıdırdılar. Bundan sonra yeni 90 günlük vizasız müddət başlanırdı.

Yeni qaydalar

Yeni qaydalara görə isə xarici vətəndaşlar Qırğızıstanda 180 günlük müddətdə yalnız 90 gün vizasız qala bilərlər. Bu halda ölkədən çıxan əcnəbi yenidən Qırğızıstana qayıtmaq üçün 180 gün gözləməli olacaq.

Yeri gəlmişkən Şengen zonasına daxil ölkələrdə də bura vizasız daxil olmaq hüququ olan əcnəbilərə eyni qayda tətbiq edilir.

Yeni qaydalarda deyilir ki, Qırğızıstanda 90 gündən artıq qalmaq istəyən xaricilər məskunlaşma hüququ verən sənəd üçün müraciət etməlidirlər.

Yanvarın 26-dan “vizaran” praktikasını Qazaxıstan da ləğv edəcək.

AzadlıqRadiosunun Qırğız xidməti – Azattık yazır ki, Qırğızıstan Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan, xüsusilə də Rusiyada qismən səfərbərlik elan ediləndən bəri səfərbərlik yaşında olan rusiyalıların ən çox axışdığı ölkələrdən biridir.

Qırğızıstanda “vizaran” praktikasından da daha çox onlar istifadə edirlər.

XS
SM
MD
LG