Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:49

İranda hicabdan imtina edən aktrisalara kinoya çəkilməyin qadağan olunduğu deyilir


İranda kino afişası
İranda kino afişası

İran kinematoqrafında peşəkar attestasiya və nəzarət idarəsi rəisinin müavini Həbib İlbegi IRNA dövlət xəbər agentliyinə müsahibəsində deyib ki, hicabdan imtina edən aktrisalara filmlərə çəkilmək qadağan edilib.

Amma o əlavə edib ki, belə aktrisaların iştirakı ilə indiyədək çəkilmiş filmlərin nümayişinə icazə veriləcək, çünki bu filmlərin çəkilişinə pul xərclənib.

Məmur kino prodüserlərinə xəbərdarlıq edib ki, əgər onlar hicabsız aktrisalarla əməkdaşlıq etsələr, filmlərinin nümayişi üçün lisenziya alınmasında problemləri yarana bilər.

CinemaDaily teleqram kanalında bu qadağana düşdükləri ehtimal edilən 12 aktrisanın adları açıqlanıb.

Cərimə 12 dollardan 8500 dollara qaldırılıb

İranın mədəniyyət və islamı irşad naziri Mehdi İsmaili xəbərdarlıq edib ki, “qadınlar üçün hicab qanundur və biz bu qanuna tabe olacağıq”.

Bununla belə nazir İlbeginin verdiyi məlumatı nə təsdiq, nə də təkzib edib.

Nazir yalnız bunu deyib ki, qanunu pozanlarla işləmək mümkün deyil.

İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib.

2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub.

Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər.

Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi.

Xatırlatma

İranda ötən il sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürümüşdü.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Bu arada habelə hicab qaydasını pozan məşhurlara qarşı hüquqi müstəvidə ən sərt tədbirlər görülür.

Kino və televiziya aktrisaları Əfsanə BayeqanFatimə Motamed-Aryaya qarşı ictimai yerdə hicabsız göründüklərinə görə cinayət işləri açılıb.

Tehran Polisinin informasiya bürosu mayın 2-də bildirmişdi ki, bundan əvvəl aktrisalar Katayun RiyahiPantea Bəhrama qarşı da cinayət təhqiqatına başlanıb.

Büro bildirir ki, aktrisalara qarşı işlər onların ictimai yerlərdə hicabsız görünməsinə və sosial media şəbəkələrində hicabsız fotolar dərc etməsinə görə açılıb.

İnsan haqları müdafiəçilərinin məlumatına görə İranda son etiraz aksiyalarında 600 nəfər həlak olub, 20 minədək etirazçı həbs edilib.

Bir neçə adam etirazlarda iştirakı ilə bağlı edam olunub.

XS
SM
MD
LG