Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Qarabağ erməniləri pensiya və müavinətlərini almaq üçün Ermənistan pasportu almalıdırlar


Əksəriyyəti keçmiş əsgər və zabitlərdən ibarət 100 nəfərə qədər Qarabağ ermənisi noyabrın 6-da Ermənistan Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib
Əksəriyyəti keçmiş əsgər və zabitlərdən ibarət 100 nəfərə qədər Qarabağ ermənisi noyabrın 6-da Ermənistan Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Ermənistan hökuməti bildirib ki, Qarabağ erməniləri oradan çıxanadək ödənilməmiş qalan pensiya və müavinətlərini Ermənistan dövlətindən ala biləcəklər.

Hökumət bundan əvvəl bu ödənişlərin edilməyəcəyini, əvəzində noyabr ayında hər bir köçkünə 50 min dram (125 dollar) ödəniləcəyini bildirmişdi.

Bu da xəbər verilirdi ki, köçkünlərin hər birinə oktyabr ayı üçün artıq 100 min dram ödənib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bəzi vəzifəli rəsmilərə istinadən yazır ki, Qarabağ pensiyaçıları, təqaüddə olan hərbçilər və təhlükəsizlik heyəti üzvləri və başqa kateqoriyalardan olanlara pensiya və müavinətlər ödəniləcək, amma bunun üçün onların Ermənistan vətəndaşlığı üçün müraciət etmələri lazımdır.

Bir çox müxalifət fiqurları hökumətin belə siyasətini tənqid etmiş və bildirmişdilər ki, bununla da ermənilərin Qarabağa qayıtması imkanı tamamilə aradan qaldırılır.

Hamının pensiyaları veriləcək

Hökumət bundan əvvəl Qarabağ ermənilərinə qaçqın statusu ilə yanaşı “müvəqqəti müdafiə” statusu veriləcəyini bildirmişdi.

Hökumətin bu qərarı da tənqid olunurdu. Tənqidçilər bildirirdilər ki, Qarabağ erməniləri faktiki olaraq Ermənistan pasportlarına malikdirlər.

Hökumət isə bunun yalnız “səfər sənədi” rolunu oynadığını bildirirdi. Çünki xaricə getmək istəyən Qarabağ erməniləri bir qayda olaraq Ermənistan pasportlarından istifadə edirlər.

Əksəriyyəti keçmiş əsgər və zabitlərdən ibarət 100 nəfərə qədər Qarabağ ermənisi noyabrın 6-da Ermənistan Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onların nümayəndələrini nazir müavini Davit Xaçatryan qəbul edib.

Xaçatryan etirazçıları əmin edib ki, onların hamısı pensiyalarını ala biləcəklər. Onun sözlərinə görə mülki pensiyaçıların pulları oktyabrın 26-dan hesablanacaq, hərbi heyətin pensiyaları isə qanuna müvafiq dəyişikliklərdən sonra veriləcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG