Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:18

İŞİD Kirmandakı partlayışı öz üzərinə götürdü, İran Əfqanıstan və Pakistanla sərhədləri bağlayacağını deyir


İnsanlar Kirman şəhərində general Qasım Süleymaninin ölümünü qeyd etmək üçün keçirilən mərasim zamanı partlayış baş verən yerə toplaşıblar.
İnsanlar Kirman şəhərində general Qasım Süleymaninin ölümünü qeyd etmək üçün keçirilən mərasim zamanı partlayış baş verən yerə toplaşıblar.

İran bəyan edib ki, Kirmanda törədilmiş və azı 89 nəfərin həyatına son qoymuş qoşa partlayışların ardınca Əfqanıstan və Pakistanla sərhədlərini tamamilə bağlayır.

ISNA agentliyinin daxili işlər naziri Əhməd Vahidiyə istinadla yaydığı xəbərdə deyilir ki, İranın bu iki ölkə ilə ümumilikdə 1000 kilometrlik sərhədi bağlanacaq:

“Sərhədin bağlanması hərtərəfli plandır və bir çox aspektləri var. Sərhəd təkcə divar deyil. Sərhədlərin bağlanması üçün müxtəlif tədbirlər görüləcək”.

Nazirin sözlərinə görə bu tədbirləri ölkənin silahlı qüvvələri həyata keçirəcəklər.

Vahidi vurğulayıb ki, sərhədlərin daha zəif sektorlarına xüsusi diqqət yetiriləcək.

İran bir neçə şübhəlinin həbs edildiyini bildirib

İranın Daxili İşlər Nazirliyi yanvarın 5-də Kirmanda baş vermiş partlayışlarla bağlı bir neçə şübhəlinin həbs olunduğunu bəyan edib.

Daxili işlər naziri Əhməd Vahidi bu barədə məlumatı dövlət televiziyası ilə çıxışında verib.

Nazir deyib ki, kəşfiyyat orqanları partlayışlarla bağlı “elementlərin” aşkar edilməsi üçün “əsaslı sübutlar” tapıb.

Vahidi həbs olanların kimliyi barədə heç bir məlumat verməyib.

***

"İslam Dövləti" (İŞİD) silahlı qruplaşması İranda azı 84 nəfərin ölümünə səbəb olmuş qoşa partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Qruplaşma Telegram-da yerləşdirdiyi bəyanatda bildirib ki, iki üzvü İranın elit Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin yas mərasimində partlayıcı jiletlərini işə salıb.

The New York Times: Xameneyi hərbiyyəyə “strateji təmkin” əmri verib?

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi başqa İran rəsmiləri kimi yanvarın 3-də Kirman şəhərində törədilmiş bomba partlayışları ilə bağlı sərt bəyanat versə də, konkret ölkə adı çəkməyib.

O bəyanatında “qəddar canilər bilməlidirlər ki, biz bundan sonra onlarla sərt hərəkət edəcəyik” deyib.

Bu arada The New York Times iddia edib ki, ayətüllah Xameneyi ABŞ və İsraillə hərbi eskalasiya istəmir.

Qəzet “İran hakimiyyəti daxilindəki müzakirələrlə tanış” iki mənbəyə istinadla yazır ki, ali rəhbər ölkə hərbiyyəsinin başçılarına “strateji səbir” nümayiş etdirməyi və Suriya və İraqdakı ABŞ bazalarına proksilərin hücumlarının məhdudlaşdırılması da daxil ABŞ-la böyük hərbi eskalasiyadan çəkinməyi tapşırıb.

Xəbərdə qeyd olunur ki, İran kəşfiyyatının İsraili birbaşa ittiham etməməsinə baxmayaraq, başqa İran rəsmiləri Kirman partlayışlarına görə İsrail və ABŞ-ın məsuliyyət daşıdığını bildirmişdilər.

İran partlayışlara görə İsraili, ABŞ-ı günahlandırır. ABŞ ittihamı rədd edir

İran prezidentinin köməkçisi yanvarın 3-də azı 84 nəfərin həyatına son qoymuş partlayışlara görə İsraili və Birləşmiş Ştatları ittiham edib.

ABŞ Dövlət Departamenti isə bu ölkələrdən heç birinin dünənki qoşa partlayışlarda rolu olmadığını bildirib.

Partlayışlar dörd il öncə ABŞ-ın dron zərbəsi ilə öldürülmüş keçmiş İran komandirinin yas mərasimində törədilib. Bu insident regionda münaqişənin genişlənməsi ilə bağlı qorxuları gücləndirib. İsrail hazırda Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ilə müharibəni davam etdirir. İranla müttəfiq, Yəməndə yerləşən husi yaraqlıları isə Qırmızı dənizdə kommersiya gəmilərinə hücumlar gerçəkləşdirirlər.

Kirman şəhərində 3 yanvar partlayışlarında azı 84 nəfərin həlak olduğu bildirilir. Hadisə günü ölü sayının 103, daha sonra 95 olduğu açıqlanmışdı. İzdiham İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin yas mərasiminə yığışmışdı.

Ölkədə yanvarın 4-ü matəm günü elan edilib.

Kirmanda general Qasım Süleymaninin dəfn mərasimi. 2020
Kirmanda general Qasım Süleymaninin dəfn mərasimi. 2020

ABŞ təkzib edir

"Birləşmiş Ştatların buna heç bir aidiyyəti yoxdur, hər hansı əks fikir gülüncdür. İsrailin bu partlayışda əli olmasına inanmağa səbəbimiz yoxdur", -- Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib.

İran prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi isə X platformasında yazıb ki, ABŞ və İsrail bu faciə üçün məsuliyyət daşıyır: "Aldanmayın. Bu cinayətə görə məsuliyyəti ABŞ və sionist rejimlər (İsrail) daşıyır, terrorçuluq sadəcə bir alətdir".

Ancaq Cəmşidi iddiasını əsaslandıracaq dəlil gətirməyib.

Rəisi isə deyib ki, "bu qorxaq hərəkətin arxasında duranlar tapılaraq cəzalandırılacaq".

BMT-nin Baş katibi Antonio Quterreş partlayışları pisləyib.

Əvvəlki illərdə də Süleymaninin anım mərasimləri izdihamlı keçib.

2020-ci ildə onun dəfnində basabas yaranıb, azı 56 nəfər ölüb.

Bir vaxtlar İranın ən qüdrətli adamlarından biri və Tehranın regiondakı xarici siyasətin memarı sayılan general Süleymaninin ölümü ruhani rejim üçün ağır zərbə olmuşdu.

İİKK-nin xaricdə fəaliyyət göstərən Qüds qüvvələri Birləşmiş Ştatlar tərəfindən "terrorçu təşkilat" elan edilib.

XS
SM
MD
LG