Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:53

BMT Məhkəməsi İsrailə qarşı ‘fələstinlilərin soyqırımı’ iddiasına baxıb


İsrail nümayəndəsi BMT məhkəməsində
İsrail nümayəndəsi BMT məhkəməsində

BMT-nin Beynəlxalq Məhkəməsi İsrail barəsində təcili keçid tədbirlərinə dair qərar qəbul edib, lakin eyni zamanda İsrail ordusunun ABŞ, Avropa İttifaqı və bir sıra başqa ölkələrdə terrorçu təşkilat kimi tanınan HƏMAS-a qarşı Qəzza zolağında apardığı hərbi əməliyyatda tam atəşkəs tələb etməyib.

Haaqada mənzillənən Beynəlxalq Cinayətlər Məhkəməsi İsraildən habelə Qəzzadakı fələstinlilərə qarşı “soyqırımın və başqa mümkün cinayətlərin sübutlarının məhv edilməsinin yolverilməzliyinə” dair tədbirlərin görülməsini tələb edib.

Məhkəmə qərarı İsraildən habelə Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasını tələb edir.

Associated Press yazır ki, məhkəmə İsraili ehtimalən fələstinlilərə qarşı cinayət törədənlərin aşkarlanmasına və məsuliyyətə cəlb edilməsinə çağırıb.

Qərarda deyilir ki, İsrail bu hökmlə bağlı bir ay müddətində görülmüş tədbirlər barədə hesabat verməlidir.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin soyqırım törətməsinə dair iddiaları “hiddət doğuran” adlandırıb.

Məhkəmə qərarında habelə HƏMAS-ın və Qəzzadakı başqa silahlı qruplaşmaların saxladıqları girovların azad olunması tələb edilir.

Cənubi Afrikanın iddiaları

Qərarda qeyd olunur ki, BMT Məhkəməsi Qəzza zolağı sakinlərinin “soyqırımına” dair vəsatətin araşdırılmasını davam etdirəcək. İsrailə qarşı bu vəsatət Cənubi Afrika Respublikası tərəfindən qaldırılıb.

Bundan əvvəl CAR nümayəndələri bu məsələ barəsində yekun qərar çıxarılmazdan əvvəl “vaxtsız ölümlərə səbəb olacaq zədə və hərəkətlərdən”, fələstinlilərin öz evlərindən çılxarılmasından imtinaya, habelə fələstinlilərin ərzaq, su və tibbi yardım kimi təməl ehtiyaclarının qarşılanmasına dair keçid tədbirlər barədə hökm verilməsini təklif etmişdilər.

Haaqa məhkəməsi Cənubi Afrika Respublikasının İsrailə qarşı vəsatəti əsasında işə baxılmasına 2024-cü ilin 11 yanvarından başlayıb.

Söhbət Qəzza zolağında İsrail və HƏMAS Fələstin təşkilatı arasılnda davam edən müharibədə baş verənlərədn gedir.

Cənubi Afrika nümayəndələri məhkəmənin dərhal atəşkəs barədə hökm verməməsindən narazı qaldıqlarını bildiriblər.

İsrail ittihamları rədd edir və bildirir ki, özünümüdafiə hüququna malikdir, lakin eyni zamanda beynəlxalq məhkəmənin araşdırmasında iştiraka hazır olduğunu bəyan edir. Qeyd olunur ki, bu, belə proseslər üçün misli görünməmiş haldır.

Ölənlər və girovlar

İsrail və HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də HƏMAS və terrorçu təşkilat kimi tanınan İslami cihad qruplaşmasının Qəzza zolağından İsrail ərazisinə raket zərbələri endirməsindən və silahlıların İsrail ərazisinə müdaxilə edərək girovlar götürməsindən sonra başlanıb.

İsrail bu hücuma Qəzza zolağının ağır hava bombardmanı ilə cavab verib.

İsrail ordusu oktyabrın 27-də Qəzzanın şimal hissəsinə hərbi qüvvələr yeridib.

Müharibə nəticəsində İsraildə oktyabrın 7-dən bəri 1200 nəfər həlak olub və HƏMAS tərəfindən 240-dan çox girov götürülüb.

Hərbi əməliyyatlara fasilə verildiyi vaxtlarda İsrail tərəfinə 110 girov qaytarılıb. Xəbər verilir ki, 115-i İsrail vətəndaşı olmaqla daha 126 nəfər hələ də girovluqdadır. Onlardan bəziləri İsrail tərəfindən qiyabi olaraq ölmüş elan edilib.

Qəzzada HƏMAS-ın nəzarəti altında olan səhiyyə nazirliyi bildirib ki, Fələstin tərəfindən 24 min nəfər həlak olub.

Bu rəqəmləri müstəqil qaydada təsdiq etmək mümkün deyil.

XS
SM
MD
LG