Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Paşinyan deyir ki, Azərbaycanın sülh niyyəti yoxdur


“Azərbaycanın Ermənistanla münaqişəni başa vurmaq niyyəti yoxdur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan fevralın 13-də Azərbaycanla atəşkəsin pozulmasına və nəticədə dörd Ermənistan hərbçisinin həlak olmasına reaksiya verərkən deyib.

Ermənistan baş naziri ölkədə səfərdə olan bir qrup Britaniya millət vəkilinə deyib:

“Bizim qiymətləndirməmizə görə bu, Azərbaycanın hər vasitə ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinin pozulmasına yönəlik siyasətidir. Bu həm də Azərbaycanın rəsmi şəxslərinin Ermənistana açıq ərazi iddiaları ehtiva edən aqressiv ritorikasından görünür”.

Paşinyan “qarşı tərəfdən siyasi iradənin olmadığını” deyir

Paşinyan daha sonra deyib:

“Biz əlbəttə, sülh prosesində konkret nəticələrin əldə olunması üçün hər şeyi etməliyik və edirik. Amma təəssüf ki, bunu qarşı tərəfin siyasi iradəsi olmadan etmək mümkün deyil”.

Baş nazir bəyan edib ki, siyasi iradənin olmamasını təkcə dörd Ermənistan əsgərinin həyatına son qoymuş insident yox, həm də Azərbaycanın “düşmənçiliyi dərinləşdirmək və hərbi eskalasiyaya əl atmaq niyyətləri göstərir”.

Ermənistanın Müdafiə Nazirliyi Fevralın 13-də sübh çağı Azərbaycanla sərhəddə qarşı tərəfin atəşindən dörd hərbçisinin öldürüldüyünü, birinin yaralandığını bildirmişdi.

Ermənistan fevralın 13-də səhər 5:30-dan başlayaraq cənubdakı Sünik rayonunun Nerkin And kəndi ərazisindəki mövqelərinin atəşə tutulduğunu bildirirdi.

Yerevan Bakını “bəhanə axtarmaqda” ittiham edir

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) fevralın 13-də Ermənistan silahlı qüvvələrinin "dünən törətdikləri təxribata cavab olaraq" "qisas" əməliyyatı keçirdiyini bildirib. Ermənistan ordusunun Sünik rayonunun Nerkin And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postunun məhv edildiyi açıqlanıb.

Ermənistan Müdafiə Nazirliyi baş verən insidentin araşdırıldığını bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də Bakını Ermənistan-Azərbaycan sərhədində gərginliyin artırılması üçün “bəhanə axtarmaqda” ittiham edib.

Azərbaycan XİN bu iddiaları rədd edib və Bakının sülh prosesinə sadiq qaldığını bəyan edib.

Azərbaycan rəsmiləri Ermənistanı sülh prosesini uzatmaqda ittiham edirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ( 10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının ayrılıqda vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG