Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Putin əlində sübutlar olmasa da, terror aktını Kiyevə bağlamağa çalışır


Putin Crocus City Hall hücumu qurbanlarının xatirəsini yad edir
Putin Crocus City Hall hücumu qurbanlarının xatirəsini yad edir

Rusiya prezidenti Vladimir Putin martın 25-də keçirdiyi müşavirədə “Crocus City Hall” konsert zalına hücumu Ukrayna ilə bağlayıb.

Amma o etiraf edib ki, istintaqın bu versiyanın sübut edən dəlilləri yoxdur.

Bu müşavirədə hücum nəticəsində həlak olanların sayı barədə məlumat da yenilənib. Ən son məlumata görə indi həlak olanların sayı 139 nəfərə çatıb.

Putin bu müşavirədə deyib:

"Biz bilirik ki, bu cinayət radikal islamçıların əlləri ilə törədilib...Amma biz həm də görürük ki, ABŞ öz satellitlərini və dünyanın başqa ölkələrini Moskva terror aktında Kiyev izinin olmadığından əmin etməyə, qanlı terror aktının Rusiyada qadağan olunmuş İŞİD təşkilatının üzvləri tərəfindən törədildiyinə inandırmağa çalışır. Biz Rusiyaya və onun xalqına qarşı bu şər əməlin kimin əlləri ilə törədildiyini bilirik. Bizi sifarişçi maraqlandırır”.

Putinin sözlərinə görə bu hücum Rusiyaya qarşı “neonasist Kiyev rejiminin əlləri ilə” mübarizə aparanların silsilə hücumunun zəncirində yalnız bir həlqə ola bilər.

Rusiya prezidenti bu sözləri ilə kimi nəzərdə tutduğunu açıqlamayıb. O əvvəllər müharibənin başlanmasına görə “kollektiv Qərbi” ittiham edirdi.

Putin deyib ki, istintaq kimin sifarişçi olmasına dair suala cavab verməlidir.

Hücumu radikal islamçıların etməsi Putini təəccübləndirib

O habelə radikal islamçıların Rusiyaya hücumlarda niyə maraqlı ola biləcəklərinin, niyə müsəlmanların hamısı üçün müqəddəs olan Ramazan ayında “belə vəhşiliyə və cinayətə” əl atmalarının səbəblərini öyrənməyi tapşırıb.

Rusiya prezidenti bundan əvvəl “istintaqın ilkin nəticələrinə” istinadla demişdi ki, hücumun icraçılarına Ukrayna sərhədinin təhlükəsiz keçidi vəd olunubmuş. Amma onun bu iddiası heç bir dəlillərə əsaslanmır.

Moskva ətrafındakı konsert zalına hücum üçün məsuliyyəti öz üzərinə “İslam Dövləti” radikal təşkilatının əfqan qanadı götürüb.

Təşkilat hücum edənlərdən birinin bədəninə bərkidilmiş kameranın çəkdiyi görüntüləri internetdə dərc edib.

“Əgər rusiyalılar “Krokuslarda” sakitcə ölməyə hazırdırlarsa...”

Belə bir hücumun baş verə biləcəyi barədə Moskvanı Amerikanın xüsusi xidmətləri əvvəlcədən xəbərdar etmişdi.

Məhkəmə sözü gedən hücumun dörd iştirakçısı barəsində həbs qərarı verib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris ABC News telekanalına müsahibəsində Kiyevin bu hücumla bağlılığına dair iddiaları rədd edib. Bu versiyanı Ukrayna rəhbərliyi də təkzib edib.

Ukrayna prezidenti Volodimir Zelenski martın 23-də bildirib ki, Putin baş verənlərə görə məsuliyyəti onun ölkəsinin üzərinə qoymağa çalışır:

“Əgər rusiyalıalr “Krokuslarda” sakitcə ölməyə və öz xüsusi xidmətlərinə heç bir sual verməməyə hazırdırlarsa, onda Putin bundan sonra hələ neçə belə hadisəni öz şəxsi hakimiyyətinin xeyrinə çevirməyə cəhdlər edəcək”.

XS
SM
MD
LG