Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:46

'Azərbaycanda xidmət sektorunda bir çox yerlərdə iş 10-11 saatdır'


Fəhlə bazarının günəmuzd qadınları: 'Xoş günlə yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00

Fəhlə bazarının günəmuzd qadınları: 'Xoş günlə yaşamaq istəyirəm'

Mayın 1-i Beynəlxalq Əmək Günüdür. Azərbaycanda əmək hüquqları bir sıra qanunvericilik aktlarında təsbit olunub. Ölkə 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür, onun 57 konvensiyasına qoşulub. Üstəlik, işçi hüquqlarının qorunması üçün müxtəlif təşkilatlar da yaradılıb. Amma buna baxmayaraq bu sahədə şikayətlər hələ də var.

"Deyirlər ki, xoşuna gəlmirsə, gedə bilərsən"

Bakıda paltarların quru təmizlənməsi məntəqələrinin birində qeydiyyatçı çalışan Mədinə Ələsgərova (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, iş saatı səhər saat 10-dan axşam saat 8-dək davam edir: "Əlbəttə ki, iş saatın gündə 8 saatdan çox olmaması tələbindən xəbərim var. Azərbaycanda xidmət sektorunda bir çox yerlərdə iş 10-11 saatdır. Deyirlər ki, xoşuna gəlmirsə, buyur gedə bilərsən. Mənə isə iş lazımdır".

Onun sözlərinə görə, istirahət həftədə cəmi bir gündür, məzuniyyət isə ildə bir həftə olaraq müəyyənləşdirilib.

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. Məzuniyyət müddəti isə 21 gün qərarlaşdırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabatına əsasən, 2023-cü ildə vətəndaşlardan 16 min 17 şikayət daxil olub: "... Vətəndaşlara gecikdirilmiş və ödənilməli olan 471 min 556.73 manat vəsaitin ödənilməsi təmin edilib".

Xidmətin məlumatına görə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 107 nəfər öz əvvəlki işinə bərpa edilib: "Eyni zamanda, işçilərin əmək hüquqlarının bərpası ilə əlaqədar 950 işəgötürənə icrası məcburi olan göstəriş verilib".

Fazil Mustafa
Fazil Mustafa

"Təbliğat xarakterli tədbirlər idi"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a bildirib ki, əmək hüquqları 1 May ilə qorunmur: "1 May ideoloji bir bayram idi. Sovet İttifaqında iki tip insan var idi – zəhmətkeş və qeyri-zəhmətkeş. Kimi istəyirdilər zəhmətkeş, digərləri isə qeyri-zəhmətkeş kateqoriyasına salırdılar. Bunlar hamısı təbliğat xarakterli tədbirlər idi".

Deputatın sözlərinə görə, SSRİ dağılandan və onun əsasında müstəqil dövlətlər yaranandan sonra 1 May gününün əhəmiyyəti kifayət qədər itib: "Azərbaycanda insanların əmək hüquqları Konstitusiya və Əmək Məcəlləsi ilə qorunur. Bunlara nə dərəcədə əməl olunmasından asılı olaraq məsələyə münasibət bildirilir. Məhz qanunlar vasitəsilə pozulmuş əmək hüquqlarının qorunması daha aktualdır və daha effektlidir".

Azər Quliyev
Azər Quliyev

"Bu gün ən əsas problem..."

Əmək hüquqları üzrə ekspert Azər Quliyevin isə AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda elə müəssisələr var, orada əmək qanunvericiliyinə tam, yaxud qismən əməl olunur, elələri da var ki, heç əməl etmir: "Bu, əmək müqaviləsinin bağlanmasından tutmuş, onun ləğvinə qədər məsələləri əhatə edir".

Ekspert hesab edir ki, bu gün ən əsas problem müddətli əmək müqaviləsinin bağlanması, işçilərin əmək haqları arasında ayrıseçkiliyin olmasıdır: "Elə də olur ki, təzə rəhbər gəlirsə, köhnə kadrların hamısı ilə sağollaşırlar. Digər bir problem iş vaxtının qanunda nəzərdə tutulmuş normadan artıq olmasıdır, işçilərin sığortasının olmamasıdır. Bayram günlərində işçi işə çıxırsa, ona bu günlərə görə əməkhaqqı ikiqat ödənilməlidir. Amma elə işəgötürənlər var ki, buna əməl etmir".

Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

Lazımi pensiyadan məhrum qalacaqlar...

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 727.2 min nəfərdir. Halbuki rəsmilərin açıqlamasına görə, ölkədə əməkqabiliyyətli insanların sayı 5 milyondan çox, işsizliyin səviyyəsi isə 5 faiz civarındadır.

İşsizlərin sayı ilə bağlı rəsmi statistikaya şübhə etməklə yanaşı, müstəqil iqtisadçılar vurğulayır ki, Azərbaycanda böyük bir işçi ordusunun müqaviləsiz fəaliyyət göstərməsi elə ən böyük sosial ədalətsizliyə aparır, çünki həmin şəxslər lazımı səviyyədə pensiya ala bilməyəcəklər.

Hələ illər öncə hökumət bəyan edib ki, iş yerlərinin rəsmiləşdirilməsi onun hədəflərindən biridir. Lakin hələ də rəsmi çalışanların sayında ciddi irəliləyiş müşahidə edilmir.

Xatırlama

1889-cu ildə Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 mayını mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.

XS
SM
MD
LG