Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:29

Keşiş Qalstanyan 'o bura gəlməz' demişdi, amma Paşinyan gəldi və çıxış etdi


Nikol Paşinyan mayın 28-də Sərdarabad kompleksində çıxış edib
Nikol Paşinyan mayın 28-də Sərdarabad kompleksində çıxış edib

Birinci Respublika nə qədər əziz olsa da, qısa müddət, cəmi iki il yaşayıb.

Bunu Yerevan yaxınlığındakı Sərdarabad xatirə kompleksində mayın 28-də Respublika günü münasibətilə keçirilən mərasimdə ölkənin baş naziri Nikol Paşinyan deyib:

“Ola bilsin bunun səbəblərindən biri də bu olub ki, biz erməni xalqının arzusu deyəndə daha çox özünü elita sayan qrupların arzusunu, xalq hakimiyyəti deyəndə isə, özünü elita adlandıran qrupların hakimiyyətini nəzərdə tuturuq. Bəzən xalqa idarə olunan və diktə edilən kütlə rolu ayrılıb: sözə baxan və itaətkar. Amma respublika xalq deməkdir. Bu aşağıdan yuxarıya vətəndaşlardan yaranan dövlət ittifaqıdır”.

Paşinyanın sözlərinə görə Ermənistan Respublikası insanın dövlətidir və insana xidmət etməlidir:

“Amma bu, asan yetişilən məqsəd deyil. Bu yol əzablardan, maneələrdən, çətin və ağır qərarlardan, məyusluq və anlaşılmazlıqlardan keçir. Amma bu düz yoldur və biz bu yoldan keçərək müqəddəs torpağımıza, müqəddəs respublikamıza yetişirik”.

Daha sonra Ermənistan Respublikasının dövlət himni çalınıb və yürüş başlanıb.

Baş nazir Nikol Paşinyan, ölkə prezidenti və başqa rəsmilər Sərdarabad döyüşü abidəsinə əklillər qoyublar.

Qalstanyan “Paşinyan qorxusundan bura gəlməz” demişdi

Bir aya yaxındır ki, Nikol Paşinyanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan və yüzədək tərəfdarı hələ mayın 27-dən Sərdarabad abidəsinə gəlmişdilər. Onlar gecəni orada keçirəcəklərini deyirdilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə arxiyepiskop Qalstantanyan Paşinyanın müxtəlif səbəblərdən, o cümlədən qorxusundan Sərdarabad abidəsinə gəlməyəcəyini iddia etmişdi:

"Onun bizim ölkəmizlə, onun rəmzləri ilə daha heç bir əlaqəsi yoxdur. O artıq real və tarixi Ermənistan haqqında absurd bəyanatlarını verib. Görünür bura da (Sərdarabad abidəsi – red) tarixi Ermənistandır. Bunun onun beynindəki real Ermənistanla əlaqəsi yoxdur. İkincisi, ola bilsin, ona xaricdən əmr ediblər ki, bura gəlməsin”.

Katolikosu abidəyə buraxmaq istəməyiblər

Azatutyun bunu da yazır ki, mayın 28-də hərbçilərin Erməni Kilsəsinin rəhbəri katolikos II Qareginin xatirə kompleksinə girişinə mane olduqlarını əks etdirən videolar yayılıb.

Qaregin və başqa ali ruhanilər Sərdarabad abidəsinə Paşinyan buranı tərk edəndən az sonra gəlmişdilər.

Sərdarabad xatirə kompleksində II Qareginlə polislər arasında qarşıdurma
Sərdarabad xatirə kompleksində II Qareginlə polislər arasında qarşıdurma

Xəbər verilir ki, Erməni Kilsəsinin başçısı – katolikos və əshabələri polislərlə mübahisədən sonra xatirə kompleksinə daxil olaraq abidəyə gül-çiçək əklilləri qoyublar və dualar ediblər.

Daha sonra Eçmiadzinin insidentlə bağlı yaydığı bəyanatda təhlükəsizlik qüvvələrinin “zorakı hərəkətləri” pislənib.

Bəyanatda deyilir ki, bu hadisə “hakimiyyətin rüsvayçı və antimilli fəaliyyətinin daha bir nümayişi” olub.

'Nağıl kimi Cümhuriyyət'
Gözlə

No media source currently available

0:00 0:16:45 0:00

Sərdarabad haqqında

Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan Sərdar tərəfindən təxminən 1810-cu ildə tikilib.

Qala 1928-ci ildə İrəvan xanının qızğın müqavimətinə baxmayaraq Rusiya generalı Paskeviçin nəzarətinə keçib.

Ermənistanın yeni tarixinə görə I Dünya Müharibəsi əsnasında Cənubi Qafqaza doğru irəliləyən Osmanlı ordusu ilə erməni silahlı dəstələri arasında döyüşlər 1918-ci il mayın 21-dən mayın 28-dək bu ərazidə - Sərdarabad dəmir yolu stansiyası (hazırda Armavir – red) yaxınlığında baş verib.

Bəzi tarixçilərin fikrincə məhz bu döyüşdə Osmanlı ordusunun dayandırılması Ermənistan Respublikasının yaradılmasını mümkün edib.

Ermənistan da müstəqilliyini Azərbaycanla eyni gündə - mayın 28-də bəyan edib.

XS
SM
MD
LG