Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

'İdeal'ın həbsdə olan rəhbərinin 2.5 milyon manatlıq evi əlindən belə alındı: 'Əlbir olub mənzilimi...'


İlqar İsmayılov
İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi, 3 ildən çoxdur həbsdə olan işadamı İlqar İsmayılovun evi də əlindən alınıb. Söhbət paytaxtın Nərimanov rayonundakı, dəyəri təxminən 2 milyon yarım manat olan mənzildən gedir.

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadan 16 milyon manat tələb etdiyindən sifarişlə həbs olunduğunu deyən İ.İsmayılov məhkəmədə də bildirmişdi ki, sözügedən mənzilini girov qoyub, götürdüyü krediti "İdeal" mağazalarının artırılmasına xərcləmişdi. O, həmin vaxt artıq "İdeal"ın səhmlərinin bir bölümünü Z.Həmzəyevaya satıb və onunla ortaq olmuşdu: "Razılaşmamız belə oldu ki, mən kredit götürüb şirkətin inkişafına yönəldəcəyəm. Aylıq kredit ödənişləri də şirkətin hesabına olacaq, çünki kredit mənim adıma götürülsə də, şəxsi ehtiyaclarıma yox, şirkətə sərf edilib. Əvvəlki vaxtlarda şirkətin hesabına ödənişlər olsa da, mənimlə münasibətlər korlananda ödənişi də dayandırdılar".

İ.İsmayılov bildirir ki, C.Əsgərov və xanımı şirkətdəki qalan payını da əlindən almaq üçün öz əlaqələrindən yararlanaraq 2016-cı ildə onu həbs etdiriblər. Həbsdə olarkən, şirkətdəki qalan payından da imtina edəndən sonra ev dustaqlığına buraxılıb, 2017-ci ilin yanvarında isə cinayət işinə xitam verilib.

2019-cu ildən başlayaraq İ.İsmayılov dövlət orqanlarına, məhkəmələrə Z.Həmzəyevadan şikayətlər göndərib. 2021-ci ilin aprelində yenidən həbs olunan İ.İsmayılov külli miqdarda mənimsəmədə suçlanıb. İddia edilib ki, o, "İdeal"ın kassasından şirkətin digər həmtəsisçisi Zərifə Həmzəyevanın xəbəri olmadan 680 min manat vəsait götürüb. Bu ittihamla da ona 6 il həbs cəzası kəsilib.

İ.İsmayılovun həbsindən sonra "Yapı Kredi Bank" kreditin ödənişindən ötrü məhkəməyə üz tutub. Nəsimi rayon Məhkəməsi 368 min dollar əsas borc, qalanı da faiz və cərimə olmaqla, toplam 375 min dolların bankın xeyrinə tutulması barədə qərar çıxarıb. Qərara əsasən, ödəniş Nərimanov rayonunda yerləşən 248 kvadratmetrlik 5-otaqlı mənzilə yönəldilib. Mənzilin hərracda satılması, bankın borcu veriləndən sonra qalan vəsaitin İ.İsmayılovun ailə üzvlərinə ödənilməsinə qərar verilib. Məhkəmə hərraca çıxarılacaq mülkün ilkin satış qiymətini isə 2 milyon 480 min manat həcmində müəyyənləşdirib.

İlkin satış qiyməti məsələsində qərarla razılaşmayan bank yuxarı instansiya məhkəmələrinə şikayət edib. İş Ali Məhkəmədən bir dəfə geri qayıdıb, amma apellyasiya məhkəməsi yenə qərarı dəyişməyib.

Bir neçə ay öncə İ.İsmayılovun sözügedən mənzilini "Yapı Kredi Bank"ın özü götürüb. Qiymət məhkəmə qərarında göstəriləndən xeyli aşağı – 1 milyon 581 min manat olub.

Həbsdə olan işadamı buna etiraz edir. Deyir ki, əvvəla, həmin əmlakı hərracda bank özü ala bilməzdi, ona qadağandır. İkincisi, mənzilin dəyəri təxminən 1 milyon manat aşağı salınmaqla banka verilib.

Zərifə Həmzəyeva
Zərifə Həmzəyeva

Həbsdəki işadamı nəyə etiraz edir?

İ.İsmayılov hərracın nəticələrinin qanunsuz sayılaraq ləğv edilməsindən ötrü məhkəməyə üz tutub.

Qarşı tərəf onun etirazı ilə razılaşmır. "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC iddia edir ki, ilkin hərracda ev məhkəmə qərarında göstərilən qiymətə satışa çıxarılıb, ancaq alıcısı olmayıb. Bu üzdən məcbur olub ikinci hərracda qiyməti xeyli aşağı – 2 milyon 108 min manata salıblar. Yenə də alıcı tapılmadığından növbəti hərracda bankın özünə 1 milyon 581 min manata satıblar.

İ.İsmayılov əmlakının 2 milyon 700 min manat dəyəri olduğunu deyir və vurğulayır ki, ilk iki hərracda evə alıcı tapılmaması haqda deyilənlər inandırıcı deyil və mənzilin banka verilməsinə süni əsas yaratmağa xidmət edir: "Baş verənlər göstərir ki, əlbir olub qanunun tələblərini pozaraq mənim mülkiyyətimdə olan mənzili bankın adına rəsmiləşdiriblər".

İşadamı mənzilinin daha sonra baha qiymətə satılacağını ehtimal edir.

Hərracın nəticələrinin ləğvi üçün verilən şikayəti məhkəmə təmin etməyib.

Beləliklə, mənzilin satışından əldə olunan vəsaitin təxminən 716 min manatı kredit borcuna görə banka ödənilib. 79 min manat da hərrac xərclərinə çıxılıb. Ortada təxminən 785 min manat vəsait qalıb ki, o da Nərimanov rayon icra şöbəsinin hesabına köçürülüb.

Xatırlatma

Parfümeriya məhsullarının satışı ilə məşğul "İdeal Kompani" 1999-cu ildə qurulub. İ.İsmayılov 2011-ci ildə şirkətin 50 faizini AZAL-ın keçmiş prezidentinin xanımına sataraq onunla ortaq olub. Daha sonra daha 25 faizlik pay Həmzəyevaya keçib. 2016-cı ildə - İ.İsmayılovun həbsindən sonra notarial qaydada qalan səhmlər də ona verilib.

"İdeal"ın yeni idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib. Keçmiş "İdeal" mağazaları 3 ildir artıq "Adore" kimi fəaliyyət göstərir.

Z.Həmzəyeva "Premium Bank"ın da əsas səhmdarıdır. O, kosmetik məhsullar istehsal edən "Gazelli Group"un da rəhbəridir.

İ.İsmayılov məhkəmədə bildirib ki, 2016-cı ildə şirkətdə qalan payını əlindən almaq, 2021-ci ildə isə şikayətlərinə görə onu cəzalandırmaq məqsədilə şərlənərək həbs olunub.

Məhkəmədə bir neçə dəfə Z.Həmzəyevanın çağrılıb dindirilməsi haqda vəsatət qaldırılsa da, təmin edilməyib.

XS
SM
MD
LG