Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

İranda Haniyə ilə vida mərasimi keçirilir 


Tehran, 31 iyul, 2024-cü il
Tehran, 31 iyul, 2024-cü il

Tehranda ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ekstremist qruplaşmasının siyasi lideri İsmayıl Haniyə ilə vida mərasimi başlanıb.

62 yaşlı Haniyə iyulun 31-də Tehranda qətlə yetirilib. Tehran hücuma görə İsraili günahlandırır. Bu hadisə Yaxın Şərqdə münaqişənin genişlənə biləcəyi ilə bağlı narahatləğı artırır.

İranın ali dini lideri Ayətüllah Əli Xamenei mərasimə başçılıq edir. Tehranın mərkəzinə yığışan kütlə isə Haniyənin portretlərini daşıyır. Tehran Universitetində Fələstin bayraqları asılıb.

Haniyə Qətərin paytaxtı Dohada dəfn olunacaq.

Xamenei Haniyənin qətlinə görə “ağır cəza” ilə hədələyib.

HƏMAS-ın siyasi bürosunun üzvü Muza Əbu Marzuk da intiqam vəd edir.

“Lider İsmayıl Haniyənin qətli qorxaq addımdır və cəzasız qalmayacaq”, -- Marzuk deyib.

Haniyənin öldürüldüyünü ilk açıqlamış İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) hücumun araşdırıldığını bildirib.

İsraildən rəsmi şərh gəlməyib

Haniyə iyulun 30-da Tehranda yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəndən sonra öldürülüb.

İsrail hökumətindən rəsmi şərh gəlməyib. Amma Haniyənin alnına “Məhv edildi” sözləri yazılmış fotosu hökumətin mətbuat xidmətinin Facebook səhifəsində yerləşdirilib, daha sonra heç bir izahat verilmədən çıxarılıb. Həmin postda zərbəni İsrailin endirdiyi yazılmayıb. Ancaq qeyd edilib ki, HƏMAS rəsmisi “Tehranın dəqiq zərbəsi ilə öldürülüb”.

İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə soxulmaslndan sonra bu qruplaşmanı məhv etmək vədi verib. Həmin hücumda 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb, bir qismi sonradan buraxılıb.

Girovların bir qisminin Qəzzada vəfat etdiyi, bəzilərinin sağ olduğu güman edilir. İsrail Qəzzada kütləvi əməliyyat keçirir, azı 39 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğu açıqlanmır.

Danışıqların getdiyi bir vaxtda...

Haniyənin qətlə yetirildiyi bir vaxtda Vaşinqton HƏMAS-la İsrail arasında müvəqqəti atəşkəs, girovların azad olunmasına dair razılaşma əldə etməyə çalışır. Danışıqlarda ABŞ, İsrail, Qətər, Misir rəsmiləri iştirak edir.

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqtonun Haniyənin qətlindən “xəbəri, yaxud bunda iştirakı olmayıb”, bunun regiona təsiri barədə spekulyasiya edə bilməyəcək.

Ancaq Blinken onu da qeyd edib ki, “gərginliyi azaltmağın ən yaxşı yolu” HƏMAS ilə İsrail arasında atəşkəsə nail olmaqdır.

BMT-nin Təhlükəsizlik Şurası iyulun 31-də İranın xahişi ilə təcili iclas keçirərək Haniyənin ölümünü müzakirə edib. Tehranın səfiri Əmir Səid İrəvani üzv ölkələri “beynəlxalq hüququn bu pozuntuları üçün hesabatlılığın təmin olunmasından ötrü təcili tədbir görməyə” çağırıb.

“Konflikt yeni səviyyələrə keçəcək”

Avstraliyanın Deakin universitetində tədqiqatçı, Yaxın Şərq üzrə mütəxəssis Əli Mamuri AzadlıqRadiosunun Radio Fərda fars xidmətinə deyib ki, hələlik, regionda tammiqyaslı müharibə başlamayıb, “konflikt yeni səviyyələrə keçəcək”.

İsrailin keçmiş baş naziri Ehud Olmertin Radio Fərda-ya dediyinə görə, “çox güman, iranlılar İsmayıl Haniyənin məhvinə reaksiya verməyin yolunu axtaracaqlar”.

Ancaq onun fikrincə, İsrailin rəsmən məsuliyyəti götürməməsi İranın reaksiyasının kəskinlik səviyyəsinə təsir göstərəcək.

Haniyə 2017-ci ildə HƏMAS-ın siyasi lideri olub, 2019-cu ilədək Qəzza zolağında, daha sonra Qətərdə yaşayıb.

Bəzi təhlilçilərin müəyyən nüfuz sahibi saydığı Haniyə İsrailin Qəzza müharibəsi vaxtı daha çox görünən liderə çevrilib. O, Yaxın Şərq ölkələrində münaqişə ilə bağlı danışıqlarda iştirak edib, HƏMAS-ın hələ də girov saxladığı şəxslərin buraxılmasını da müzakirə edib.

XS
SM
MD
LG