Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Hindistan raketlərinin Ermənistana bu ilin sonunadək gətiriləcəyi bildirilir


Pinaka raket sistemləri
Pinaka raket sistemləri

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Hindistanın hərbi sənaye kompleksindən yazan Indian Defense Research Wing (IDRW) saytına istinadla bildirir ki, Hindistan istehsalı Akash S1 raket kompleksləri Ermənistana bu ilin sonunadək çatdırılacaq.

IDRW saytının məlumatına görə Akash 1S kompleksləri qırıcı təyyarələrdən, qanadlı raketlərdən və dronlardan müdafiə funksiyasına malikdir.

Bu da xəbər verilir ki, Ermənistan ümumi dəyəri təxminən 720 milyon dollar olan 15 Akash kompleksini 2022-ci ildə sifariş edib.

Ötən ay Hindistan hökumətinin məlumatında silah sazişinin qiyməti 600 milyon dollar olaraq göstərilmişdi.

Rusiyanın TASS dövlət xəbər agentliyi iyulun 23-də Hindistanın Maliyyə Nazirliyinə istinadla Ermənistanın Hindistanın ən böyük silah müştərisi olduğunu bildirmişdi.

Ermənistan Hindistandan habelə Pinaka raket-zenit sistemləri almağı planlaşdırır.

Dərinləşən əməkdaşlıq

Azatutyun yazır ki, 2020-ci il müharibəsindən sonra Hindistanla Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq xeyli genişlənib.

Bu da xəbər verilir ki, Hindistan Ermənistanı təkcə Pinaka raket sistemləri ilə deyil, həm də haubitsalar, tank əleyhinə raketlər və antidron qurğuları ilə təchiz etməlidir.

Hindistan mediası ötən sentyabrda yazmışdı ki, növbəti üç ildə Ermənistana 90 ədəd haubitsa topları veriləcək.

Azatutyun yazır ki, bu ilin may ayında Yerevanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan “müdafiə məsləhətləşmələri” keçirilib.

Bu da qeyd olunur ki, tərəflərin yaratdığı “işçi qrup” 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır.

Yerevanla Nyu Delhi arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən “taktiki məşqlər” və “təcrübə mübadiləsi” daxildir.

Azatutyun yazır ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb.

Bundan başqa Ermənistan rəsmiləri 44 günlük müharibədə həm də Moskvanı mövcud kontraktlara baxmayaraq Yerevana lazımi qədər silah verməməkdə ittiham edir.

Ermənistanın silah kontraktları

2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.

2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. Yerevanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. Papikyan Parisdə fransalı həmkarı Sebastyan Lekornyu (Sebastien Lecornu) ilə Fransadan yaxınmənzilli "yer-hava" raketləri alınması üzrə Niyyət Məktubu da imzalayıb.

Yerevan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Yerevan ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG