Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

İran İsrailə vəd etdiyi hücumu niyə gecikdirir


İranın ali lideri Əli Xamenei və İslam İnqilab Keşikçiləri Korpusunun komandirləri
İranın ali lideri Əli Xamenei və İslam İnqilab Keşikçiləri Korpusunun komandirləri

İran təxminən iki həftə əvvəl İsraili vuracağını deyəndən dünya gərginlik içində gözləyir. Axı ekspertlər bu addımın dünyanı tammiqyaslı müharibəyə sürükləyəcəyini deyirlər.

İslam respublikası iyulun 31-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlindən sonra qisas vədi vermişdi. Ali dini lider Əli Xamenei deyirdi ki, qonağın intiqamını almaq İranın borcudur.

AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, son iki həftədə İranın hücumunun yarada biləcəyi təhlükə gözləntisi sosial mediada isteriyaya səbəb olub, İran və müttəfiqlərinin, o cümlədən Livanın "Hizbullah" silahlı dəstəsinin bir neçə saata hücuma keçəcəyi proqnozlaşdırılıb.

"Məncə, onlar bundan zövq qalırlar; İsrailin necə gözlədiyini, buna görə ağır iqtisadi və psixoloji bədəl ödədiyini seyr edirlər", – Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Zimmt deyir.

Amma müəllif bu gözləntinin mənfi nəticələrini ikibaşlı qılınc kimi təsvir edir, İran və müttəfiqlərinə də ziyan vurduğunu yazır.

"İsrailə dəyən mənfi təsir, ölkə daxilində stress, hərbi səfərbərlik, hətta iqtisadi fəsadlar yalnız İsraillə məhdudlaşmayacaq, İran və Livana da təsir göstərəcək", – Bəhreyndə yerləşən "Le Beck International" konsultasiya firmasının kəşfiyyat üzrə rəhbəri Maykl Horovits (Michael Horowitz) söyləyir.

Yubanmanın səbəbi

Təhlilçilərin fikrincə, İranın hücumu guya onun psixoloji təsirlərindən həzz almaq üçün yubatması fikri daha çox bəhanədir, nəinki bir strategiya.

Onlar bir məqamda razılaşırlar ki, İranın tərəddüdünün arxasında gərgin daxili müzakirələr, əlaltılarla koordinasiyanın mürəkkəbliyi, hücumun mümkün risklərinin dəyərləndirilməsi dayanır.

İsrail ABŞ-nin köməyi ilə 14 aprel hücumunda İranın dron və raketlərinin əksəriyyətini vura bilib.
İsrail ABŞ-nin köməyi ilə 14 aprel hücumunda İranın dron və raketlərinin əksəriyyətini vura bilib.

Zimmt hesab edir ki, İran böyük bir dilemma ilə üz-üzədir. Xamenei və güclü İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) İranın İsrailə qarşı çəkindirmə siyasətini bərpa etmək istəyirlər. İranda bəzi elementlər isə narahatdırlar ki, irimiqyaslı hücum İranı İsraillə, hətta, ola bilsin, Birləşmiş Ştatlar ilə müharibəyə sürükləyər.

Hətta əgər Haniyənin qətlinə cavabla bağlı qərar verilibsə belə, "Hizbullah" və müqavimət oxunun digər üzvləri ilə koordinasiya vaxt alan prosesdir. Tehranın regionda dövlət və qeyri-dövlət müttəfiqləri, proksilərinə "müqavimət oxu" deyirlər.

İranın qərar verməsinə təsir göstərə bilən digər amil isə ABŞ-nin regionda hərbi iştirakını gücləndirməsidir. Apreldə, İranın İsrailə qarşı görünməmiş dron və raket hücumundan öncə durum belə deyildi.

"İndi biz ABŞ-dən apreldəkindən daha böyük reaksiya görürük. Görünür, məqsəd təhdidin miqyası ilə ayaqlaşmaqdır, İran apreldəkindən daha böyük reaksiya verə bilər", –Horovits deyir.

Təhlilçinin fikrincə, ABŞ həm müdafiə, həm də potensial hücum qüvvələri göndərməklə qabaqlayıcı mesaj verir və indiki mərhələdə əhəmiyyətli olan da elə budur.

Diplomatiya üstün gələ bilərmi?

Tehran Qərbin təmkin göstərməklə bağlı çağırışlarını rədd edərək bildirib ki, İsrailin İran ərazisində Haniyəni qətlə yetirməsinə cavab verməkdən ötrü legitim hüququ var.

Amma yenə də yeni prezident Məsud Pezeşkian və xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri-Kaniyə telefon zəngləri belə bir spekulyasiyaya yol açıb ki, diplomatiya hücumu ertələməyə nail olub, onun qarşısını tamamilə ala bilər.

"Mən diplomatiyanın İranın mövqeyini gerçəkdən dəyişəcəyinə skeptik yanaşıram. İran marağında olanı edəcək, təmkin göstərməklə bağlı çağırış və bəyanatlara baxmayaraq", – Horovits vurğulayıb.

Ancaq İran tərəfdən belə bir ehtimal səslənib ki, fərqli bir diplomatiya onu vəd etdiyi hücumu azından yubatmağa inandıra bilər: söhbət Qəzzada İsraillə HƏMAS arasında daimi atəşkəsdən gedir.

Cenevrə Akademik İnstitutunun aparıcı tədqiqatçısı Farzan Sabet deyir ki, İran daha yüngül reaksiyanı əsaslandırmağa səbəb axtarır, Qəzzada hansısa formada atəşkəs isə ona gərəkən "diplomatik qələbə" kimi yaraya bilər.

Zimmtin fikrincə, Qəzzada atəşkəs İran üçün çox da vacib olmaya bilər, ancaq Tehranı hücumu yubatmasını həm daxili, həm də xarici auditoriya qarşısında legitimləşdirməyə bəhanə, yaxud izahla təmin edə bilər.

Onun fikrincə, atəşkəs İranı ya hücumun miqyasını kiçilməyə, yaxud cavab üçün tamam fərqli metod seçməyə vadar edər, İsrailə birbaşa hücum etməyə bilər.

Yaxşı seçim varmı

K.Şərifi yazır ki, İranın nə zaman və necə cavab verəcəyi sirr olaraq qalır, amma görünən odur ki, Tehranın o qədər yaxşı seçimləri yoxdur.

"Tehranda qərar verənlər, ola bilsin, balanslı variant axtarışındadırlar", – Sabet deyir.

Onun fikrincə, İran dilemma qarşısındadır, "elə bir cavab zərbəsi endirsin ki, simvolik, yaxud qorxuducu görünməyi təmin etməyə o qədər zəif olmasın, amma həm də daha böyük müharibəyə aparacaq güclü zərbəyə də çevrilməsin".

Yəni, Tehran ya zəif zərbə, ya da müharibə astanasını keçəcək güclü zərbə endirmək arasında qalıb.

Horovits deyir ki, hər iki variant özlüyündə ciddi risklər daşıyır. Həm İranın regional gücü, həm də xətti keçəcəyi halda, cavab zərbəsi ala bilməsi baxımından.

XS
SM
MD
LG