Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Qohumlarının Rusiya həbsxanasında girov götürülənlərin öldürülməsində əli olduğunu bilib şok oldular


Navruzi Rustamçon
Navruzi Rustamçon

Rustamcon Davlatov oğlu Navruzinin ölümünə görə yas tutur. Ancaq kədərinə şok və şübhə də qarışıb. O, hələ də 23 yaşlı oğlunun ötən həftə Rusiyadakı həbsxanada baş verən girovgötürmə insidenti ilə bağlı olduğuna inana bilmir.

"Biz burada, uzaqdayıq. O, [həbsxanada] dörd divarın arasında idi. Orada nə baş verdiyini bilmirəm. Biz nə edə bilərik ki?", - göz yaşlarını zorla saxlayan Davlatov belə deyir.

Rusiyanın müxtəlif saytlarında özlərini "İslam Dövləti"nin (İD - terrorçu təşkilatdır) döyüşçüləri kimi tanıdan və avqustun 23-də Volqoqrad vilayətindəki Surovikino həbsxanasına nəzarəti ələ keçirdiklərini iddia edən şəxslərin dəqiqləşdirilməmiş görüntüləri paylaşılıb.

Rəsmi qurumlar bu insident zamanı dörd həbsxana gözətçisinin bıçaqlanaraq öldürüldüyünü, bir neçəsininsə yaralandığını bildirir.

Əlişer Zərifi, Əmir İsoyev və Fərəngis Nəcibullanın hazırladığı məqalədə deyilir ki, Rusiya hökuməti insanları girov götürən şəxslərin adlarını açıqlamayıb. Polisin bilgisinə görə, onların hamısını xüsusi qüvvələr öldürüb.

Ancaq TASS dövlət xəbər agentliyi Davlatovun oğlu Navruzi Rustamçonun və Nazircon Toşov adlı 28 yaşlı başqa bir tacik məhbusun adını çəkib. Hücumu təşkil edənlər arasında onlardan başqa Ramziddin Toşev və Temur Xusinov adlı iki Özbəkistan vətəndaşının da adı çəkilir.

Onların üçü, o sıradan iki tacik məhbus narkotik satışında suçlanaraq həbs cəzasına məhkum edilibmişlər. Dördüncü şəxssə qətl maddəsi ilə məhkum olunub.

Rustamcon Davlatov
Rustamcon Davlatov

"O mənə dedi ki, evə dönüb evlənmək və universitetə oxumaq istəyir"

Düşənbədə sadə birmərtəbəli evdə yaşayan Davlatov girovgötürmə insidentindən üç gün öncə oğlu ilə danışdığını deyir. Onun sözlərinə görə, bu, adi bir söhbət olub və onlar oğlunun həbsdən sonrakı həyatı ilə bağlı arzularından danışıblar.

"O mənə dedi ki, evə dönüb evlənmək və universitetdə oxumaq istəyir. Məndən ona qız tapmağımı xahiş etdi. Onun gələcək üçün planları və arzuları vardı, ancaq indi onların hamısı məhv oldu", - Davlatovun AzadlıqRadiosuna dediyi sözlərdir.

Zəngin sayılmayacaq ailənin yeddi övladının sonuncusu olan Rustamçon adi tərbiyə alıb. Atasının sözlərinə görə, o, "məktəbdə yaxşı oxuyub və hamı ona hörmət bəsləyib". Əvvəllər teatr aktyoru olan atası təqaüdə çıxıb və indi dövlət keyterinq xidmətində çalışır.

İddiaya görə, Rusiyada məmurlar Rustamçonu Ukraynadakı döyüşlərə cəlb etməyə çalışıblar. "Ancaq biz həmişə ona deyirdik ki, həbsxanadakı bütün çətinliklərə dözüb [o təklifləri] qəbul etməsin", - atası deyir.

Atası bunu da deyir ki, Rustamçon cəmi 18 yaşı olanda Rusiyada işləməyə və ailəsinə pul göndərməyə gedib. O, maşınyuma yerində və anbarda çalışıb. 2022-ci ildə isə yeddi illik həbs cəzasına məhkum edilib.

Volqoqrad vilayətinin Surovikino şəhərindəki həbsxanada xüsusi təyinatlılar
Volqoqrad vilayətinin Surovikino şəhərindəki həbsxanada xüsusi təyinatlılar

"Müsəlmanları alçaldan və onlara işgəncə verənləri öldürmüşük"

Girovgötürmə insidentinin bir hissəsinin görüntüləndiyi qrafik videoda özünü döyüşçü kimi qələmə verən şəxslərdən biri bir neçə kişinin qanlı bədənini göstərərək həbsxana gözətçilərinin müsəlmanları təqib etdikləri üçün öldürüldüyünü söyləyir: "Biz müsəlmanları alçaldan və onlara işgəncə verənləri öldürmüşük. Onlar bəzilərimizin kitablarını əlindən alıb, bəzilərimizin canamazımızı".

Əlində qana bulaşmış əlcək olan başqa bir kişi də qara İD bayrağını tutub. Rusiya mediası həmin şəxsin Rustamçon olduğunu deyir.

Ancaq atası Rustamçonun namaz qılmadığını və heç dindar olmadığını deyir.

Nazircon Toşovun Düşənbədən 60 kilometr qərbdə yerləşən doğma şəhəri Tursunzodədə yaşayan yaxınları onun haqqında danışmaq istəmirlər.

Toşovun anası ölüb, atası da bir neçə il əvvəl şəhəri tərk edib. Toşovun keçmiş həyat yoldaşı 2021-ci ildə boşandıqdan sonra Rusiyaya köçüb və azyaşlı qızını da özü ilə aparıb.

Tursunzodə şəhəri
Tursunzodə şəhəri

Toşovun keçmiş həyat yoldaşının nənəsi Mehri Saidova girovgötürmə insidentinin videosunu görmədiyini deyir: "Mən bu haqda qızımdan eşitdim. Biz bilmirdik ki, hər şey belə bitəcək".

Saidova hadisədən sonra Tacikistan qurumlarının onu sorğu-sual etdiyini, ancaq Toşovun son illərdəki həyatı haqda çox şey bilmədiyini, onunla daha əlaqələrinin olmadığını deyir.

Tursunzodə şəhərindəki məmurlar AzadlıqRadiosuna açıqlama verməkdən imtina ediblər.

Avqustun 23-də Tacikistan hökuməti bildirib ki, bu cinayəti törədən "terrorçu təşkilatın digər üzvlərinin müəyyənləşdirilərək saxlanılması üçün Rusiya qurumları ilə birlikdə çalışır".

Ancaq açıqlamada Tacikistan vətəndaşlarının bu insidentdə iştirakı barədə heç bir söz deyilməyib.

Tacikistanın minlərlə vətəndaşı Rusiyadan qovulub

İnsidentdən beş ay öncə on Tacikistan vətəndaşı Moskvada "Crocus City Hall" konsert zalına 145 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə bağlı həbs edilmişdi. Bu insidentə görə məsuliyyəti İD terror təşkilatı öz üzərinə götürmüşdü.

Həmin qanlı insidentin ardınca taciklərə və Rusiyada miqrant işçi kimi çalışan digər ortaasiyalılara qarşı ksenofob hücumların artdığı bildirilir. Minlərlə Tacikistan vətəndaşı deportasiya edilib, bir çoxununsa Rusiyaya girişinə icazə verilməyib. Yerlilərin təhdid və pis münasibəti ilə üzləşdiyi üçün evə dönənlər də az deyil.

Miqrantlar Volqoqradda baş verən bu son girovgötürmə insidentinin Rusiyada çalışan milyonlarla ortaasiyalı miqrantın onsuz da ağır həyatını daha da çətinləşdirəcəyindən narahatdırlar.

XS
SM
MD
LG