Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Putin və Pezeşkian Aşqabadda görüşüblər, Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşır


Prezidentlər Vladimir Putin və Məsud Pezeşkian Aşqabadda
Prezidentlər Vladimir Putin və Məsud Pezeşkian Aşqabadda

TASS xəbər agentliyinin məlumatına görə Rusiya prezidenti Vladimir Putin Aşqabadda iranlı həmkarı Məsud Pezeşkiana deyib ki, onun ölkəsinin İranla əməkdaşlığı bütün sahələrdə genişlənməkdədir.

"Biz beynəlxalq aləmdə fəal şəkildə birgə işləyirik və bizim dünyada hazırda baş verən hadisələri qiymətləndirməmiz tez-tez üst-üstə düşür”.

IRNA agentliyinin məlumatına görə Pezeşkian qeyd edib ki, İran və Rusiya bir çox sahələrdə qaşılıqlı şəkildə köməkləşə bilərlər:

"Bizim dünyadakı mövqeyimiz bir-birinə başqaları ilə olduğundan daha yaxındır”.

Pezeşkian bundan əvvəl demişdi ki, “İsrail günahsız insanların qətllərini dayandırmalıdır”.

O əlavə etmişdi ki, ABŞ və Avropa İttifaqı İsrailin bu hərəkətlərini dəstıkləyirlər.

TASS agentliyinin məlumatına görə Putin Pezeşkiana deyib ki, Moskva və Tehran arasında iqtisadi əlaqələr inkişafdadır.

Oktyabrın 11-də Kremlin yaydığı məlumatda deyilir ki, Putin Türkmənistanda keçirilən konfransda “yeni dünya nizamının formalaşdığını” iddia edib.

O bildirib ki, yeni iqtisadi inkişaf, maliyyə və siyasi təsir mərkəzləri yaranmaqdadır.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, bugün oktyabrın 11-də Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla danışıqlar aparır.

İki lider Türkmənistanın paytaxtı Aşqabadda keçirilən konfransın əsnasında görüşürlər.

Bu, Rusiya və İran liderləri arasında planlaşdırılmış iki görüşdən birincisidir. İkinci görüş oktyabrın 22-24-də BRİCS təşkilatının Rusiyanın Kazan şəhərində keçirilən sammitində baş tutacaq.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, bu görüşdə iki ölkə arasında münasibətlər müzakirə olunacaq, amma Yaxın Şərqdəki vəziyyət də gündəlikdən kənarda qalmayacaq.

Bu görüş Pezeşkian iyulun 30-da prezident seçiləndən bəri iki lider arasında ilk görüşdür.

Moskva və Tehran arasında münasibətlər xüsusilə də Moskvanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra güclənib.

Ukrayna müharibəsinin ilk günlərindən Rusiya döyüşlərdə İran istehsalı olan Şahed və Mohaver-6 dronlarından istifadədə ittiham edilir.

Bu dronların qırıntıları Ukrayna ərazisində aşkar olunsa da, Tehran Rusiyaya silahlar verdiyini inkar edir.

Ötən ay Avropa İttifaqı bildirmişdi ki, partnyorların ötürdüyü inandırıcı informasiyaya görə Tehran Moskvanı habelə yaxınmənzilli ballistik raketlərlə təchiz edir.

Avropa İrana yeni sanksiyalar elan edəcək

Bu arada Avropa İttifaqı gələn həftənin əvvəllərində İrana bağlı bir sıra vahid və fərdləri üzərinə yeni sanksiyalar elan etməyə hazırlaşır.

Bunu AzadlıqRadiosunun müxbirinə Avropa İttifaqındakı mənbələr deyiblər.

AzadlıqRadiosunun müxbiri ilə danışan üç Avropa mənbəyi adlarının çəkilməməsi şərtilə bildiriblər ki, sanksiyaların oktyabrın 14-də razılaşdırılacağı və IranAir aviasiya şirkətini də hədəfləyəcəyi gözlənilir.

Mənbələrdən biri deyib ki, Aİ ölkələrinin səfirləri sanksiya paketinə artıq oktyabrın 9-da “yaşıl işıq” yandırıblar.

Ötən ay Birləşmiş Ştatlar, Britaniya, Fransa və Almaniya İranı Rusiyaya ballistik raketlər göndərməkdə ittiham etdikdən sonra üç Aİ ölkəsi Tehran üzərinə yeni sanksiyalar qoyulacağını bildirib.

İranın IranAir aviasiya şirkəti hazırda Frankfurt, Hamburq, Köln, Paris və Milan da daxil Avropanın bir sıra şəhərlərinə uçuşlar edir.

XS
SM
MD
LG