Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:24

Natiq Rəsulzadə "Qardaş" (Povest)


Gecə halı birdən-birə dəyişdi, hətta bir anlıq ona elə gəldi ki, ölüm ayağındadı, səhərə sağ çıxa bilməyəcək. Başı dəhşətli dərəcədə ağrıyırdı, dözülməz ağrı elə bil hardasa gicgahının altında asılıb kəllə sümüyünü deşirdi. Onunçün də ürəyi bulananda özünü ayaqyoluna çatdıra bilmədi, elə xalçanın üstünə qusdu. Arvadı tez əl-ayağa düşdü, təcili yardıma zəng vurdu, amma səhər saat dörddə birdən, birə sakitləşdi. Halı qəfildən korlandığı kimi qəfildən də düzəldi. Elə bil heç nə olmamışdı.
-Görəsən buna nə oldu belə? - arvadı Maşa qorxu içində mızıldandı. - Mən əvvəl elə bildim ki, zəhərlənib, amma axşam elə bir şey də yeməyib axı…
-Artıq içib eləməyib ki? - Yuxulu həkim onun nəbzini yoxlayaraq soruşdu. – Araqdan- filandan?
-O, ümumiyyətlə, içən deyil. - Maşa nədənsə həkimin bu sözünə əsəbləşdi.
-Bədəni gücdən düşür. - Həkim son qərarını verdi. - Başqa elə bir problemi yoxdu, bir-iki gün istirahət eləsə, pis olmaz…
Amma nəinki iki gün, heç bir gün də dincəlmək mümkün olmadı. Səhər tezdən təcili teleqramm gəldi: «Oğlum, doğma qardaşın qəflətən vəfat edib. Səhər saat dörddə keçinib».

Anasının teleqramındakı rəsmi ton onun işdəki rəhbərliyi üçün nəzərdə tutulmuşdu ki, inansınlar və Bakıya- qardaşının dəfninə gəlməyinə mane olmasınlar. Həm də bilet məsələsi var. Əldə belə teleqram olandan sonra aeroportda təcili bilet almaq da çətin olmayacaqdı.
Bu bəd xəbər onu yaman sarsıtmışdı. Bakıda yaşayan əkiz qardaşı otuz altı yaşlı sağlam, gümrah həyat eşqiylə dolu bir adam idi və birdən-birə…
Bunu heç cür beyninə sığışdıra bilmirdi. Ölüb. Qəflətən. Ö-lüb. O, bu bir kəlməni dəfələrlə beynindən keçirsə də, ölüm sözü yeyib-içmək, şənlənmək həvəskarı olan, avantüraya meylli, hay-küylü qardaşına heç cür uyğun gəlmirdi, yaraşmırdı. Qardaşı ümumilikdə mahiyyətcə onun tam əksi idi.
Bu saat hərəkət eləmək lazım idi; idarəyə dəymək, icazə almaq, bilet üçün aeroporta cummaq, Bakıya ən yaxın reysə bilet götürmək… amma o bunun əvəzinə kreslonun kənarında acizliklə oturub yanına sallanmış əlindəki teleqrama baxırdı. Elə bil ki, kreslodan yıxılmaqdan özünü çətinliklə saxlayırdı. Maşa onun bu vəziyyətini sakicə seyr etsə də, nəsə deməyə cəsarəti çatmırdı. Qadın yaxşı başa düşürdü ki, əri Bakıdakı dəfn mərasiminə gecikməmək üçün elə indi yola tədarük görməyə başlamalıdı. Yoxsa gecikə bilər.
«Dəhşətdi, əməlli-başlı dəhşətdi». O, bu sözü, deyəsən, bir az bərkdən dedi, çünki arvadı yüngülcə diksindi elə bil…
Təyyarədə möhkəm yuxuya getdi. Əkiz qardaşının ölümünü cismən yaşadığı gecə onu tamam taqətdən salmışdı və elə təyyarəyə minən kimi hiss elədi ki, heç nə barədə düşünə bilmir, yorğunluqdan gözləri bağlanır.
Yuxuda uşaqlığının bir parçasını gördü. Özünün yox. Qardaşı Azadın uşaqlığının. Mərdəkan yaxınlığındakı Sahil bağları, ayaq altında sapsarı qızmar qum, az qala yerlə sürünən alçaq meynələr, burulub əyilmiş əncir ağacı. Hər tərəf də günəşin istisinə bürünüb. İstidən əziyyət çəkən anası da artırmada durub qardaşı Azada deyir ki, bağın içində gəzəndə ehtiyatlı olsun, ayağının altına yaxşı baxsın, buralarda çoxlu ilan olur. Azad da növbəylə ayaqlarını qaldırıb dabanlarının altına baxır. Qardaşıyla onun cəmisi dörd yaşı var…
Qəfil şüşə cingiltisinə yuxudan oyandı. Gördü ki, stüardessa üstündə stəkanlar olan padnosu düz onun burnunun qarşısında tutub, içib-içməyəcəyini soruşur.
O, dodağaltı nəsə mızıldanıb sanki qeyri-ixtiyari stəkanı götürdü, içməyə başladı və qəfildən onu ağlamaq tutdu.
Sonra yenə yuxuya getdi, yenə yuxuda uşaqlıqlarını gördü. O vaxtlar Kislovodska, Pyatiqorska istirahətə getmək dəbdə idi, bu kurortlar Zaqafqaziya üçün elitar hesab olunurdu. Bir dəfə üçlükdə parkda gəzişərkən qaraçı bir qadın onların analarından zəli kimi yapışıb əl çəkmirdi, nəhayət pul alandan sonra falına baxıb dedi ki, hər iki oğlu ilin eyni günündə, eyni xəstəlikdən öləcək. Anaları da möhkəm qorxdu, əsəbləşdi, uşaqların qolundan tutub evə gətirdi, hər şeyi atasına danışdı. Atası isə məntiqi olaraq cavab verdi ki, eyni xəstəlikdən elə qocalanda da ölmək olar, əgər pul vermisənsə, heç olmasa, bunu dəqiqləşdirərdin.
İndi bunu xatırlayan kimi yuxulu-yuxulu ah çəkdi - eyni gündə, eyni xəstəlikdən - yalan danışırmış qaraçı qadın.
Bahar bu şəhərə təbii fəlakət kimi qəfildən gəlmişdi - qış ömrünü heç yaşayıb qurtarmamışdı ki, qəfildən isti külək əsdi və iki-üç gün əvvəl qara bənzər nə yağmışdısa, hamısı adamların ayaqlarının altında palçıqlı horraya dönmüşdü. Çılpaq ağaclar çiçək və tumurcuq həvəsiylə sevinc içində yırğalanırdı.
Bu şəhərdə ürəkdən gülməyi çoxdan yadırğamışdılar - düzdü, gülürdülər, amma həyasızcasına, başqalarına narahatlıq yaradacaqlarını düşünmədən gülürdülər; qəfildən varlanmış minlərlə adam həyatdan bacardıqca daha çox həzz olmağa çalışırdı, amma onların həzzi nədənsə kənardan nəcasət iyi verirdi. Həqiqi gülüşlər isə doğrudan da yox olmuşdu. Bəziləri artıq gözəlliyini itirmiş bu şəhərin nə vaxtsa düzələcəyindən əl üzərək, öz gülüşlərini də götürüb çıxıb getmişdilər. Yerdə qalanlar isə ürəkdən gülməyi çoxdan yadırğamışdılar.
O, taksinin şüşəsi arxasından şəhərə baxsa da, heç nə barədə düşünə bilmir, ümumiyyətlə, fikrini nəyinsə üstündə cəmləşdirə bilmirdi, amma təəccüblü də olsa, ətrafında gördüklərini çox parlaq şəkildə hiss edirdi - bu xəstəhal baharı da, küçədəki adamları da, ağacları da, evləri də - əvvəllər heç vaxt belə hisslər keçirməmişdi. Bu, onun özünə də təəccüblü gəldi; o əvvəldən özünə qapılmış, xəyalpərəst naturaya malik idi və ətrafı heç vaxt belə parlaq şəkildə hiss eləməmişdi. Uşaqlıqdan həmişə gələcək barədə düşünürdü və təbii ki, indi həmin gələcək reallığa çevriləndən sonra o, əksinə, keçmişi xatırlayırdı, xəyalən onu dəyişməyə çalışır, özünə qardaşı kimi qətiyyətli, sərt xarakter verməyə cəhd edir, çoxdan keçmişdə qalan hadisələrə hansı dəyişikliklər edə biləcəyini, həyatını başqa cür qurmaq barədə fikirləşirdi, düşünürdü, daşınırdı.
Bax, rəhmətlik Azad tamam başqa məsələ. O, təpədən-dırnağacan realist adam idi, hər gün konkret olaraq nəsə əldə eləməyə çalışırdı, bir günlə yaşayırdı, yerdə qalan heç nə vecinə deyildi. Gələcəyi düşünmürdü, xəyalpərəstliyi demək olar yox idi, belə şeylər onu qıcıqlandırırdı, hətta bəzən əsəbləşdirirdi.
Ev köhnəlmişdi, başqa dillə desək, üzü o yana idi, çoxdan sökülməliydi, amma məsələ ondaydı ki, bu kvartaldakı evlərin hamısı eyni vəziyyətdəydi və əgər söksəydilər, gərək hamısını sökəydilər, yaxud heç birinə əl vurmayaydılar. Beləcə, illər keçirdi, hər şey olduğu kimi qalırdı, evlər bir az da köhnəlirdi və nəhayət, yorulub yanı üstə əyilirdi. Yalnız bundan sonra rəsmi şəkildə son qərar verilirdi - ev qəza vəziyyətindədi. Hərçənd binəva artıq otuz ildi ki, bu gündəydi.
Onun anasıyla qardaşı da təxminən bu cür evdə yaşayırdılar. Həyətə girən kimi uşaqlıq xatirələri onun üstünə hücum çəkdi və elə bu xatirələrin təsiri altında, o, sanki qeyri-ixtiyari pilləkənlərlə yuxarı qalxdı, elə o saat da doğmalarının arasına düşdü. Ev qohumlarla dolu idi və o saat onun üstünə cumub göz yaşı içində öpüb qucaqlamağa, təksinlik verməyə başladılar. Həyətdə zorla eşidilən ağlamaq səsləri burada təbii ki daha da güclənmişdi, evdə ağız deyəni qulaq eşitmirdi və anası da onu qucaqlayıb nəsə danışırdı. Dəhlizdən baxanda otağın ortasına qoyulmuş ağzı açıq tabutun ayaq tərəfi görünürdü. Tabutun qapağını həyət qapısının yanına qoymuşdular ki, qonşular bu evdə kiminsə vəfat etdiyindən xəbərdar olsunlar.
Anası isə dayanmadan nəsə danışırdı və o, çətinliklə də olsa diqqətini cəmləyib anasının sözlərini anlamağa çalışdı. Məlum oldu ki, qardaşı meningit olubmuş. Üç gün xəstəxanada komada qalıb, huşu başına gəlmədən vəfat edib.
Artıq beyninin bir az açılmasına baxmayaraq, o yenə də fikrini tam cəmləşdirməyə çətinlik çəkirdi. Qəribə hisslər keçirirdi. Sanki özünə kənardan baxırdı və onu elə gəlirdi ki bu saat bu evin ortasında dayanan, anasını qucaqlayıb ağlayan, başını sığallayan adam o deyil, tamam başqasıdı.
Azadı elə həmin gün dəfn elədilər. Hələ martın sonları olsa da, hava isti və bürkülü idi, elə bil, artıq yay gəlmişdi. Qəbirstanda duranların çoxu palto və plaşlarını soyunub qollarının üstünə atmışdı, günəşin istisi az qala dözülməz həddə çatmışdı, lakin molla elə bil bütün bunları hiss eləmirdi, çox sakit bir tərzdə yasin oxuyurdu - axı belə ölümləri yola vermək onun işi idi, necə deyərlər, çörəyi burdan çıxırdı.
Qəfildən onların başları üstündən təyyarə keçdi və onun mühərrikinin gurultusu bir neçə saniyəlik mollanın duasını eşidilməz etdi.
Gecə uzun müddət yata bilmədi. Ağlamaq istəmirdi. Düşünmək qabiliyyəti artıq yavaş-yavaş özünə qayıdırdı, lakin bununla belə o heç cür anlamırdı ki, ona dünyada bu qədər yaxın olan yeganə adamı itirməyini nəyə görə ruhən hiss eləmir. Qəfildən ona elə gəldi ki, mərhum qardaşının ətrafdakı insanlara laqeyd münasibəti hiss olunmadan ona da keçib. Beləcə, yerində uzanıb yuxuya getməyə çalışırdı, amma yata bilmirdi və getdikcə onu qəfil haqlayan bu faciəni dərk etməyin çətinləşdiyini hiss edirdi. Dəqiqələr ötdükcə açıq aydın duyurdu ki, faciə onun ruhundan daha da çox uzaqlaşır, bu dəhşətli itkini dərk etmək daha da çətinləşir. Ürəyində çox qəribə hisslər dolaşırdı.
Nəhayət, çox çətinliklə də olsa, birtəhər yuxuya gedə bildi və yuxuda Fuadı gördü - hə, üç il bundan əvvəl Moskvaya köçüb orada ailə qurmuş əkiz qardaşı Fuad. Budur sağollaşarkən o, Fuada son «nəsihətlər»ini verir: - Bax a, ehtiyatlı ol, özün bilirsən necə qarışıq zəmanədi. Tez-tez zəng vur, yoxsa anamız nigaran qalacaq. Pul da lazım olsa, xəbər elə, dərhal yollayım.
Fuad başını tərpədərək razılığını bildirsə də, baxışlarında qəribə bir duman sezilirdi, hiss olunurdu ki, qardaşına qulaq assa da, fikirləri hardasa uzaqlarda dolaşır. Bu da onu yaman əsəbləşdirirdi.
-Hərif olma - o, ürəyində deyinirdi - ətrafdakılar səni hərifləməyə məqam axtarır. Yaşamağı öyrən də, nə vaxtacan belə olacaqsan?!
Birdən-birə Fuadın üzünə elə bir fağır, yumşaq, məzlum təbəssüm yayıldı ki, elə bil, onlar son dəfə görüşürdülər. Və o başa düşdü ki, qardaşı elə həmişə belə qalacaq, heç vaxt yaşamağı öyrənməyəcək, həmişə ətrafdakılar onu aldadacaq, öz məqsədləriyçün istifadə edəcək, o isə həmişə, bax beləcə, gülümsünəcək.
Birdən-birə onun ürəyi sıxıldı.
-Gəl qucaqlaşaq. - Sanki qeyri-ixtiyari dedi.
Qucaqlaşandan sonra isə, o, əlini cibinə salıb pul çıxardı.
-Uzaq yola çıxırsan. Pula ehtiyacın olacaq, -dedi.
-Yox, lazım deyil. - Fuad qardaşının pul tutan əlini ehtiyatla geri qaytarıb mızıldandı. - Anamızın da yükü sənin boynuna düşəcək. Sənin pula daha çox ehtiyacın olacaq.
-Götür deyirəm sənə. – O, qətiyyətlə pulu qardaşının cibinə dürtdü. - Sənin üçün ayırmışam. Elə də böyük pul deyil. İşə düzələnə qədər lazımın olar.
Və Fuad çıxıb getdi…
Səhər duranda hiss elədi ki, başı ağırlaşıb, həm də ürəyi yüngülcə sancmağa başlamışdı və ən təəccüblüsü də bu idi ki, gecə yuxuda gördüklərini heç cür xatırlaya bilmirdi. Birtəhər yerindən qalxıb geyindi, pencəyini əyninə keçirəndə adəti üzrə döş cibini yoxladı. Boş idi.
Ola bilməz, fikirləşdi. Axı orada min dollar pul olmalıydı. Bakıya yola düşəndə hər ehtimala qarşı şəxsən özü bu pulları döş cibinə qoymuşdu.
O başını yellədib sanki bu qarabasmanı qovmaq istədi və qeyri-ixtiyari çaşıb qaldı: - Hara yola düşəndə? Bu nə sayıqlamadı? Onun Moskvada nə işi var ki? Axı o, son on ildə Bakıdan kənara çıxmamışdı, bütün ili anasının xəstəliyinə başı qarışmışdı, həm də iş-güc o qədərdi ki… hə, yadına düşdü, bu pulları dünən kazinoda udmuşdu, dərhal da Dubaya mal almağa gedən dostuna vermişdi ki, onunçün də min dollarlıq mal gətirsin. Hə, hər şey aydın oldu.
Anası çox çətinliklə yeriyərək otağa daxil oldu. Anasına baxıb fikirləşdi ki, arvad əməlli-başlı qocalıb və elə o saat da özü-özünə əlavə etdi ki, burada da yəqin ki, qeyri-adi heç nə yoxdur, insan nə qədər çox yaşayırsa, o qədər də qocalır, bu prosesi tərsinə çevirmək təəssüflər olsun ki, mümkün deyil.
Anası bir müddət sakitcə dayanıb ona baxdı, nəhayət yavaşca dilləndi.
- Fuad…
O, təəccüblə anasına baxdı. Arvad çarpayının kənarına oturub hıçqırdı.
-Azad da əlimizdən getdi…
-Sən nə danışırsan, ay ana. - O cavab verdi, - Mən burdayam, heç yerə də getməmişəm. Niyə ağlayırsan?
Lakin anası hıçqırıq içində nəsə mızıldanaraq ağlamağında idi.
O anasına baxaraq fikirləşdi ki, arvadın xəstəliyi lap güclənib və elə o saat da xatırladı ki, bu gün səhər çox vacib bir görüşü var.
-Mən bütün gecəni yata bilməmişəm, Azad gözümün qarşısından getməyib - anası onun narahat hərəkətlərinə diqqət vermədən, sakitcə ağayaraq öz-özünə danışmağında idi. –O, məni çox əsəbləşdirirdi, həmişə qanımı qaraldırdı, elə olurdu ki, gecə səhərəcən yatmırdım, onu gözləyirdim, amma nə həmin səhər, nə də ondan sonrakı günlər gəlib çıxırdı, həftələrlə itib batırdı, mən də milis idarələrinə, morqlara, xəstəxanalara zəng vururdum - anası birdən-birə hönkürdü. - Təki elə indi də belə olaydı. Harda olsa da biləydim ki, oğlum sağdı, salamatdı.. - anası bir müddət susub ona baxdı, davam elədi. – Eh, oğul, o, sənin kimi deyildi, sənin tam əksin idi, elə bil, nəinki əkiz, heç ümumiyyətlə qardaş deyildiz, sən sakit uşaq idin, ağıllı, kamallı, amma o.. yəqin yadındadı, onun əlindən o vaxtlar bütün küçə dad eləyirdi, o, bayıra çıxan kimi hamı gizlənirdi, bilirdilər ki, Azad küçəyə çıxdısa, mütləq nəsə bir hoqqa çıxaracaq...Fuad, oğlum, hara gedirsən?..

***

Bu iki nəfər onu vədələşdikləri yerdə - şəhərin mərkəzi küçələrinin birindən kor bağırsaq kimi ayrılan uzun bir dalanda gözləyirdi. Onu görən kimi yaxınlaşdılar və içi dolu bir kulyoku ona uzatdılar. O da heç nə demədən kulyoku açıb içinə baxdı - kulyokda pul idi. İki ədəd iri büküm yaşıl əskinas.
-Danışdığımız qədərdir. - Oğlanlardan biri dedi, - Sayacaqsan?
O, etiraz əlaməti olaraq başını yellətdi.
-Narahat olma, - o biri oğlan əlavə elədi, - qəpiyinəcən düzdü.
-Yaxşı, sağ ol. Sonra zəngləşərik - birinci oğlan sözünü bitirdi və onlar çıxıb getdilər.
O isə bir müddət oğlanların ardınca baxıb kulyoku qoltuğuna vuraraq dalandan çıxdı. Ayaqları sanki qeyri-ixtiyari onu Lalənin yaşadığı binanın yanına gətirdi. Binaya yaxınlaşanda başını qaldırıb evin fasadına, ikinci mərtəbədəki pəncərələrə nəzər saldı, bloka daxil olan kimi isə burnuna dəyən kəskin, ağır iylər ona elə bil nəyisə xatırlatdı.
Gör nə vaxtdı buralara yolum düşmür, fikirləşdi və qəfildən Lalənin isti ağuşunu, onun yataqdakı iniltilərini xatırladı.
Lalə qapını açıb onu kandarda görcək qəfildən qışqırıb geri çəkildi. Qadının görkəmindən bilinirdi ki, həddən artıq yorğundur.
-Sənsən? - Anlaşılmaz bir dəhşət içində qadın dilləndi.
-Məgər başqa kimisə gözləyirdin? - O içəri keçib cavab verdi. - Mənim gəlişimdə qeyri-adi nə var ki?
-Yox … - Qadın özünü itirmiş halda mızıldandı. - Amma mənə…mənə..
-Nə sənə? - deyib otağa keçərək divana çökdü. - Dillən də. Səsin batıb?
-Mənə dedilər ki, sən…guya sən ölmüsən…- nəhayət qadın cavab verdi.
-Doğrudan? Əladı ki.. - o gülümsünüb Laləni təpədən dırnağa kimi gözdən keçirdi və qəfildən içindən bu qadına qarşı dəhşətli bir ehtiras hissi keçdi. - Başqa təzə xəbər yoxdu? - deyib cəld ayağa qalxdı, arxadan qadını qucaqlayıb divana yıxdı və kobudluqla soyundurmağa başladı. Qadının qışqırıqları elə bil ona xüsusi ləzzət verirdi…
Hər ikisi divanda təngnəfəs düşüb qalandan sonra o soruşdu.
-İndi inandın ki, mən ölməmişəm?
-Hə, - qadın gülümsünüb dilləndi - inandım. Əməlli- başlı inandım ki, ölməmisən.
-Bu gecə yəqin ki, burada qalacam - qadına dedi, - Bəlkə sabah da qaldım. Anama da nəsə olub, qəribə sözlər danışır axır vaxtlar …
- Necə olub? - Qadın elə bir nəvazişlə soruşdu ki, onun halı dəyişdi, bu barədə danışmağına da peşman oldu.
Katyanın da yanına getmək lazımdır, fikirləşdi, yoxsa bir də gördün burnunu lazım olmayan yerlərə soxdu.
-Nə bilim, qəribə aparır özünü -Könülsüz də olsa cavab verməli oldu. -… Məni Fuadla çaş salır, elə ümumiyyətlə..
-Elədisə, indi arvadın üstündə göz olmalısan.
-Xalam yanında qalır da. Allaha şükür, qohum-əqrəbadan boluq. Mən dəhşət yorğunam. dincəlməliyəm, arvadsa axır vaxtlar bütün günü sarsaq suallar verib məni əsəbləşdirir.
-Bəs sən özün necəsən, özünü necə, normal hiss edirsən, - qadın soruşdu.
-Yox, normal deyiləm. Eşqim donbalıb, bütün günü qadın istəyirəm, - deyib yenə də Laləni qucağına çəkdi.

***

Səhər evlərinə zəng vurub anasıyla danışdı.
-Ana, mənim vacib işlərim çıxıb, iki-üç gün olmayacam. Sona xaladan xahiş elə, gəlib yanında qalsın.
-Fuad, əzizim, hardaydın? - anası onun səsini eşidib nə dediklərinə fikir vermədən, deyinməyə başladı. - Mən əməlli-başlı narahat olmuşdum. Dünən Maşa Moskvadan zəng eləmişdi, səni soruşurdu. Mən də bilmədim nə cavab verim.
-Yaxşı, ay ana, indi işim var, axşam zəng vuraram. Xalaya zəng vurmağı unutma...- deyib dəstəyi yerinə qoydu.
«Arvadın, deyəsən, əməlli-başlı çarxı çönüb - Lalənin evindən çıxandan sonra küçə boyu addımlayaraq düşünürdü - məni Fuadla səhv salır. Yaxşı, bəs Maşa? Görəsən, niyə məni axtarırmış? Nəyinə lazımam ki onun? Qəribədir, elə bil bütün dünya tərsinə çönüb. Ondansa gedib öz ərinin qayğısına qalsın. Deyəsən, axır vaxtlar heç yola da getmirlər. Üç ilə bir uşaq da dünyaya gətirə bilməyiblər.»
-Ey..
Qışqırıq onun bütün bədənindən titrətmə keçirən görüntüylə üst-üstə düşdü. Sanki, qeyri-şüuri olaraq hiss elədi ki, məhz onu çağırdılar və çağıran adam tələsik addımlarla ona yaxınlaşır.
Qəfildən elə bil bədənindən üşütmə keçdi. Yerində durub birdən-birə təyyarədə uçmağını, ona padnosu uzadan stüardessanı və yanında oturub ayaqqabılarını soyunmuş adamın ayaqlarının iyini, təyyarənin spesifik soyuğunu xatırladı. «Mən təyyarədə neynirdim ki, - fikirləşdi. Mən orda neyləyə bilərdim ki? Yox, ağılsızlıqdı, fikirləşdi, yox, mən orda olmamışam, ola da bilməzdim. Yəqin ki, keçmiş hisslərdi, beynimdə ilişib qalıb».
-Ey, - onu çağıran adam sanki öz səsini də ötüb keçməyə çalışaraq tələsik ona yaxınlaşdı. Elə bil qorxurdu ki, o, camaata qarışıb gözdən itəcək.
-Nədi? -O, çönüb soruşdu.
-Necə yəni nədi? Hələ soruşursan da? - Gələn adam əsəbləşib özündən çıxdı. - Üç aydı səni axtarıram. Borcun nə tez yadından çıxdı…
-Niyə ki. Yadımdadı. – O, sakitcə cavab verdi.
-Onda tez ol, ver o iki mini. Allahına da şükür elə ki, faizləri istəmirəm səndən..
-Çox sağ ol - deyib kuylokun içindəki pullardan iyirmi dənə yüzlük əskinas çıxarıb tanımadığı bu qəzəbli oğlana uzatdı. Oğlan pulları görüb bir az sakitləşdi, kefi düzəldi.
-Düzünə qalsa, dünən kazinoda eşitdim ki, sən ölmüsən. Hə, Azad, adamların ağlına daha nələr gəlmir ki? Dedilər ki, guya meningit olmusan. Əslində heç inanmadım, başa düşdüm ki, yalan söhbətdi. Sənin kimilər adətən öz əcəliylə ölmür. Əgər desəydilər ki, səni hardasa bıçaqlayıb öldürüblər, onda yüz faiz inanardım.…
-Yaxşı, pulları aldın. -O fasiləsiz olaraq danışan həmsöhbətinin sözünü kəsdi. - Mənlik başqa işini yoxdu ki?
-Yox, hesabımızı çürütdük, başqa elə bir işim yoxdu, - həmsöhbəti razı halda dedi.
-Onda gərək mən də səninlə haqq-hesabı çürüdüm. -Bunu deyib qəfildən kişinin ağzının üstündən möhkəm bir yumruq ilişdirdi. Kişi divara çırpılıb yer çökdü və özünə gəlib çətinliklə də olsa qalxmağa çalışdı. Amma o, hadisələrin davamını gözləmədən üzünü çevirib yoluna davam elədi.
Küçə boyu addımladıqca, qarşısına çıxan adamlara diqqət edirdi və fikirləşirdi ki, heç əvvəllər də bir o qədər sevmədiyi doğma şəhərin zahiri görkəmi son vaxtlar pis tərəfə dəyişib.
Bir qədər fikirləşəndən sonra, o yenə də yoluna davam elədi; ara-sıra yanından keçən qızlara diqqətlə baxırdı, fikirləşirdi ki, allah saxlamışlar gör nə qədərdilər, yüz il də işini-gücünü atıb gecə-gündüz bunlarla məşğul olasan, yenə axırlarına çıxmaq olmaz, adamın vaxtı çatmaz.
Qəfildən nədənsə Fuadı xatırladı, yadına saldı ki, qardaşı saatlarla divanda hərəkətsiz oturub vaxt öldürərək xəyallara dalırdı, əlçatmaz şeylər barədə düşünürdü. Fuadın bu hərəkətini heç cür anlaya bilmirdi, hərçənd əkiz qardaş idilər, uşaqlıqda eyni vaxtda xəstələnirdilər, eyni vaxtda sağalırdılar, hətta ayaqyoluya da eyni vaxtda gedirdilər, eyni rəngləri sevirdilər - yaşıl və sarı; bir-birini sözsüz başa düşürdülər, heç anaları da ruhən onlara bir-biri qədər yaxın deyildi. Beləliklə, xarakterləri də üst-üstə düşməliydi. Amma belə olmadı, böyüdükcə xasiyyətlərinin bir-biriylə əks qütbdə durduğu məlum oldu. Əkiz qardaşı Fuadın bu xəyalpərəstliyini, real aləmdən xülyalara qaçmaq cəhdlərini o heç cür başa düşə bilmirdi. Onun isə enerjisi həmişə aşıb-daşırdı, hərəkətsizliyi anlamırdı, boş xəyallara vaxt sərf eləməyi sadəcə bacarmırdı, belə şeylər onu əsəbləşdir, hətta özündən də çıxarırdı.
Küçədəki avtomat telefondan evə, anasına zəng vurdu. Anasının xəstəhal səsi elə bil bir az da batmışdı, yəqin çox ağlamaqdan belə olmuşdu.
-Ana, - o dedi, - mən bayaqdan şəhəri dolaşıram, camaat elə bil zəncirdən qırılıb, deyəsən, bütün şəhər ancaq alverlə məşğuldur.
-Fuad, - anası həyəcanlı səslə dedi, - sənə nə olub? Nə olub sənə axı? Tez ol evə qayıt. Bu gün Azadın üçüdür. Biri gün də cümə axşamı. Qohum-əqraba bizə yığışır, hamı səni soruşur, mən də bilmirəm, nə deyim. - anası qəfildən hönkürdü. Nəhayət bir az özünə gəlib davam elədi. - Maşa da gündə üç dəfə Moskvadan zəng vurub səni soruşur.
-Ona nə lazımdı axı?
-Necə yəni nə? Necə yəni nə lazımdı? - Anası özündən çıxdı. - O sənin arvadındı, yoxsa yox? Deyirsən, yəni narahat olmasın sənə görə? Başımıza belə faciə gəlib. Öz dərdim özümə bəsdi, bir tərəfdən də sənin fikrini çəkim. .. tez ol evə gəl. Xahiş edirəm.
-Bəsdi, ay ana, ağlına gələni danışma. - O anasının sözlərinə fikir vermədən, onu yarımçıq, kəsdi. - Hər şey qaydasındadı, sadəcə vacib işlərim var. Özünü ələ al, başa düşürəm, vəziyyətin ağırdır. İşlərimi qurtaran kimi evə gələcəm. - Anasının etirazını dinləmədən dəstəyi asdı.
Amma evə getmədi, bir neçə gün ərzində həyatda hər şeyi unudaraq qumara girişdi, gündüzlər kazinoda, ora bağlanandan sonra isə dost-tanışların evində oynamağa başı qarışdı, əli də gətirirdi, bu bir neçə gündə xeyli pul udmuşdu, indi əlində böyük məbləğdə pul vardı, bu qədər pulu ora-bura daşımaq isə mümkün deyildi. Onunçün də maraqlı oyun prosesinə müvəqqəti də olsa fasilə verib beş dəqiqəlik evə dəydi və anasının qəribə sorğu-sualından kobudluqla yayınaraq öz otağına keçdi, pulları heç kimin bilmədiyi gizli yerdə gizlətdi: kaminin yanındakı iki kərpici çıxarıb pulları ora qoydu, sonra kafeli də səliqəylə yerinə otuzdurdu. Kənardan baxan olsaydı, heç kimin ağlına gəlməzdi ki, burada seyfə bənzər nəsə gizli bir yer var.
Pulları yerləşdirəndən sonra cəld evdən çıxdı, lakin qapını örtəndə arxadan anasının səsini eşitdi:
-Maşa Bakıya gəlməyə hazırlaşır…

davamı
XS
SM
MD
LG