Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:18

Sumqayıtda zorla abadlıq işləri


Sumqayıtsayağı abadlaşdırma
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

Şəhərin görkəminin gözəlləşdirilməsi adı ilə dükanları sökürlər. Maarif Çingizoğlunun videosu.

Sumqayıt şəhər sakini Mehman Hüseynzadənin 12 il əvvəl özəlləşdirdiyi, yaşayış binasına bitişik obyekti martın 30-da ağır texnikanın köməyi ilə sökülüb. Bütün sənədləri qaydasında olmasına baxmayaraq ona sökülən obyektin əvəzində heç bir şey təklif edilməyib. Mehman Hüseynzadə 1968-ci ildə daşdan tikilən həmin obyektin 30-40 min manat qiyməti olduğunu deyir.

«HANSI QAPIYA GEDİRSƏN HEÇ KİM QƏBUL ETMİR»

«Hələ 10 il bundan qabaq 20 min verdilər satmadım. Dəhşət orasındadır ki, kimə müraciət edəsən bilmirsən, hansı qapıya gedirsən heç kim qəbul eləmir. Heç vecinə alan yoxdur ki, nə necədir. Bilmirəm bu nə qanunsuzluqdur, nə işdir başım çıxmır».

Mehman Hüseynzadə kimi mağazaları, ticarət köşkləri sökülənlər hamısı hər hansı əvəz ödənilmədən obyektlərin sökülməsini ədalətsizlik hesab edirlər.

Məmmədnəbi İsmayılovun da iki özəlləşdirilmiş mağazası sökülüb.

«BU MƏNİM ÖZƏL MAĞAZAMDIR, DAHA DOĞRUSU İDİ»

«Bu mənim özəl mağazamdır, daha doğrusu idi. İndi yerini də şumladılar. Heç kim də demir ki, nə olacaq, pul veriləcək, yer veriləcək. Səhər prezidentə və Mehriban Əliyevaya teleqram vurmuşam gedib çatıb, amma hələ ki bir nəticə yoxdur»

Sumqayıtda yaşayış binalarının kənarındakı ticarət köşklərinin, mağazaların sökülməsinə martın 29-dan başlanılıb.

İKİ GÜN ƏRZİNDƏ 40-a YAXIN TİCARƏT KÖŞKÜ VƏ MAĞAZA SÖKÜLÜB

Ərazidə olan şəhər icra hakimiyyəti memarlıq şöbəsinin müfəttişi Kənan Babayevin AzadlıqRadiosuna dediyinə görə, söküntü işləri şəhərin abadlıq planına uyğun aparılır: «Şəhər abadlaşmasında «qırmızı xətt» deyilən bir şey var, ona uyğun olaraq binaların qarşısında olan müvəqqəti xarakter daşıyan köşklər yığışdırılır. Daşdan olan tikinti quraşdırmalara hələ ki, dəyilmir».

dediyinə görə, ticarət obyektləri sökülənlərə bəzi güzəştlər ediləcək, amma bu güzəştlər hamıya şamil edilməyəcək.

«ŞƏHİD AİLƏLƏRİ, QARABAĞ MÜHARİBƏSİ VETERANLARINA...»

«Obyektləri sökülən şəhid ailələri, Qarabağ müharibəsi veteranlarına əlavə yer verilməsi məsələsinə baxılacaq».

Sökülən köşk və mağazaların hamısının sənədi olsa da icra hakimiyyətinin rəsmisi deyir ki, sahibkarlara həmin obyektlərin köçürüləcəyi ilə bağlı hələ 6 ay bundan qabaq, sonuncu dəfə isə bir həftə əvvəl xəbərdarlıq edilib. Kənan Babayevin sözlərinə görə, ümumiyyətlə 6-9 kvadratmetrlik köşklərin hamısı müvəqqəti tikililər hesab edildiyindən şəhərin baş planına uyğun olaraq hansısa müddətdən sonra götürülə bilər.

«Bu da sərəncamda yazılıb verilib. Bəzi vətəndaşlar buna riayət edib, bəziləri isə etməyib, qeyri- qanuni tikinti- quraşdırma işləri aparıb».

Kənan Babayevin sözlərinə görə, abadlıq işləri şəhərin mərkəzindən sonra kənarda da aparılacaq.

SAHİBKARLAR TƏKZİB EDİR

Sahibkarlar isə 6 və ya bir həftə əvvəl onlara xəbərdarlıq edilməsi ilə bağlı deyilənləri təkzib edirlər. Deyirlər ki, xəbərdarlıq söküntü işlərinə başlamazdan bir gün əvvəl edilib. Onlar bunun qarşısını almaq üçün heç bir hüquqi addım ata bilməyiblər. Sahibkarlar hesab edirlər ki, məhkəmə qərarı olmadan ticarət köşklərinin sökülməsi qanunsuzdur.

Şəhər icra hakimiyyəti memarlıq şöbəsinin əməkdaşı Kənan Babayev isə hesab edir ki, məsələnin məhkəmə çıxarılması vaxt itkisinə səbəb olur ki, bu da abadlıq işlərinin aparılmasını yubadır.

Şəhərin abadlaşması baxımından səliqəsiz hesab edilən ticarət köşklərinin sökülməsini müsbət qiymətləndirənlər də var. Amma bu nəticəyə gələnlər də hesab edirlər ki, dəyən ziyanın əvəzi ödənilməlidir.

Ticarət köşklərinin sökülməsini kənardan müşahidə edən Abdul Eminova görə, indi yaranmış vəziyyət vaxtilə yuxarıların törətdiyi korrupsiyanın nəticəsidir.

«Bu yuxarıların qanunsuzluğudur. Hakimiyyətdə qanun bu gün belə, digər gün isə başqa cür olur».

«DƏYƏRİ ÖDƏNİLMƏKLƏ VƏTƏNDAŞ MÜLKİYYƏTİNDƏN MƏHRUM EDİLƏ BİLƏR»


Hüqüqşünas Ənnağı Hacıbəyli hesab edir ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanuna görə vətəndaşlara kompensasiyalar ödənilməlidir. Hüquqşünasa görə, əgər həmin şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlər yoxdursa o halda sahibkara həmin obyektlərin sökülüb köçürülmə xərcləri ödənilməlidir.

«Ümumiyyətlə şəhərin abadlaşdırılması ilə bağlı qanunvericilikdə müdaxilə nəzərdə tutulmayıb».

Ənnağı Hacıbəyli deyir ki, hər bir halda mülkiyyətçi ilə qarşılıqlı razılaşma əsasında, razılaşma olmazsa məhkəmənin müəyyən etdiyi qiymət əsasında qabaqcadan bazar dəyəri ödənilməklə vətəndaş mülkiyyətindən məhrum edilə bilər.

Hüquqşünasa görə, qalan hallarda vətəndaşın mülkiyyətinə müdaxilə ciddi qanun pozuntusu hesab edilir.
XS
SM
MD
LG