Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:55

İsa Qəmbər: «Polis şüşə sındıranı yox, şüar deyəni tutub aparır»


«SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI TƏMİN EDİLMƏLİDİR»

«Yaxşı olardı ki, 2 aprel mitinqi zamanı qeyri-qanuni saxlanan aksiya iştirakçılarının döyülməsi, işgəncələrə məruz qalması faktı üzrə cinayət işi qaldırılsın». Bunu Müsavat partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna Bakı şəhər Prokurorluğunun beş nəfər barəsində cinayət işi başlaması ilə bağlı məlumatını şərh edərkən deyib.

Bakı şəhər prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddə ilə cinayət işi açıb. 2 aprel aksiyası zamanı bir qrup şəxs bəzi yerlərdə mağazaların şüşələrini sındırıb.

Müsavat başqanı deyir ki, əvvəldən də onlara aksiya zamanı təxribat törədiləcəyi məlum idi: «Bizim əlimizdə mağazanın şüşələrini sındıranların video-foto görüntüləri var. Polis şüşə sındıranı yox, şüar deyəni tutub aparır. Hakimiyyət elə düşünməsin ki, biz bu məsələləri qaldırmayacayıq. Hakimiyyət strukturlarının dünən yol verdiyi qanunsuzluqlarla bağlı məhkəmələrə müraciət edəcəyik».

İsa Qəmbər hesab eləyir ki, hakimiyyət xalq etirazından narahat olub və bu narahatlığı göstərən amillərdən biri də açılan cinayət işləri, mitinq iştirakçılarına qarşı zorakılıqdır:

«Hakimiyyət xalqın etirazından nəticə çıxarıb ciddi addımlar atmalıdır. Birinci addım kimi İctimai Palatanın sərbəst toplaşmaq azadlığını təmin etməli, sonrakı addım kimi isə qurumun sessiyalarında ortaya qoyulan haqlı tələblərə əməl eləməlidir».

«DƏYİŞİKLİK HAVASI AZƏRBAYCANA DA GƏLİB»

AXCP sədri Əli Kərimli də bildirir ki, xüsusi qruplar tərəfindən təxribatlar törədilib və hakimiyyət də bunu bəhanə gətirib fakta görə cinayət işi qaldırılıb: «Bunun hamısı başlanmış xalq hərəkatının qabağını almaq üçün repressiv addımlardır. Amma belə addımlarla nə nümayişlərin qarşısını almaq, nə də partiya funksionerlərini qorxutmaq mümkündür. Dünənki aksiya da göstərdi ki, dəyişiklik havası Azərbaycana da gəlib çatıb və yaxın günlərdə növbəti aksiyanın müddətini elan edəcəyik».

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN AÇIQLAMASI...

Daxili İşlər Nazirliyi və Prokurorluğun bəyanatında bildirilib ki, İctimai Palatanın qeyri-qanuni aksiyaya cəhdi zamanı şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində polis və məhkəmələr tərəfindən inzibati tənbeh tədbirləri tətbiq edilib. Fakt üzrə Bakı şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü və 315-ci maddəsi ilə cinayət işi başlayıb.

İctimai Palata 2 aprel mitinqində saxalananlarla bağlı məlumat yayıb.
XS
SM
MD
LG