Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:29

Üzeyir bəy Hacıbəyli. Biz nə tövr iş görürük?


Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.

O şey nәdir?

O şey nәrdivandır!

Necә yәni nәrdivan? Nәrdivan nәdir?

Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.

Bu belә! Bundan başqa, bir dә biz hәmişә başımızdan yekә iş görürük.

Amma bunun sәbәbi var. Sәbәbi dә budur:

Qonşularımız siçan boyda işlәr gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu, amma biz yatmışdıq. Vә camış dönüb dәvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nә vaxt ki, qonşularımız fil boyda işlәr görmәyә başladılar.

Qәrәz, gözümüzü ovxalayıb dedik ki, nә var? Biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.

Axırı nә oldu?

Axırı belә oldu:

Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tәzәdәn başlayaq, ancaq burasını iqrar elәyirik ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә, dәvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq, başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?

Camışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildәn yuxarı çıxırlar.) Deyirik ki, eşşәk boyda iş görmәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini. Görürük yox, keçiyә dә tab gәtirә bilmirik. Onda mәslәhәti qoyuruq siçan üstünә.

Amma onda da görürsәn ki, içimizdәn bir pişik çıxdı vә siçanı yedi!...

Biz belә iş görürük.
XS
SM
MD
LG