Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:01

Üzeyir bəy Hacıbəyli. Müxtəlif qəzetlərimiz


Әgәr әhalimizdәn hәr sinfin özünәmәxsus bir qәzeti olsaydı, onda onların hәrәsinin mәzmunu bu yolda olardı ki, әrz olunur:

RUHANİLӘR QӘZETİ

T e l e q r a f. Tehran. Ağayi-әcәlli-әkrәm, balacah ... daati-tәәidatihüm onların kömәyi ilә, bugünkü günlәrin şәrәfli günlәrindәn bir günüdür vә o günün şәrafәti barәsindә әazimi-şüәrayi islamdan çox kimsәlәr gözәl qәsidәlәr inşad buyurubdular. Balayi-mәnbәrә süud buyurub müsәlmanlığın әvvәlminci әlamәtlәrindәn olan saqqala na vәzndә hәna yaxmaq vә nә miqdarda rәng sürtmәk keyfiyyәtini tamam hüzzarә fәsih vә bәliğ bir zәban ilә tәbliğ buyurdular vә tamam haziruni feyziyab etdilәr.

M ә q a l ә -- O vaxtdan ki, allah-tәala insanı yaratdı, insan cәmi mәxluqatın әfzәli oldu. Mәsәlәn, әgәr sizin içinizdәn birisini götürüb at, eşşәk, qoyun, xoruz vә sair bu kimi heyvanlarla bәrabәr tutsaq, yәni tәrazuyi-mәnәvi ilә çәksәk vә adamı tәrazu daşı mәqamindә qoyub cәmi heyvanatı da o biri gözә sığışdıra bilsәk, onda görәrik ki, haman insan onların hamısından ağır gәldi.

Yәni ağır gәldi, nәinki bu mәnada ki, insanın cismi dәmirdәn yaranıb ağır çәkir; xeyr, bәlkә, әqli, zәkavәt, bәlağәt, fәsahәt, hәmaqәt, kәmalat cәhәtincә insan sair mәxluqatdan artıqdır vә o sәbәbdәndir ki, dünya yaranandan bәridir ki, o vaxtdan yetmiş min il keçib vә bundan sonra da yetmiş yeddi min il keçәcәkdir, heç yerdә vә heç bir vilayәtdә görünmәyib ki, bir at vә ya bir eşşәk insanı yәhәrlәyib onun üstünә minsin, bәlkә hәr yerdә vә hәr zamanda insan at ilә eşşәyin üstünә minibdir. Bәs belә olan surәtdә, o kәslәr ki, deyirlәr insana elm lazımdır, nә üçün bu boş sözlәrlә insanı zәlalәtә salırlar? Halbuki insan oxusun-oxumasın cümlә mәxluqatdan әfzәldir vә qeyrәz әzin әlavә, әgәr, bütün insanlar elm dalısına düşüb biz hәqirlәr kimi elm yolunda otuz-qırx il sәrf etsәlәr, aya o surәtdә kim bizim üçün hamballıq elәr, kim bizim üçün başmaq tikәr, kim bizim üçün xörәk hazır edәr? Heç kim! Çünki hamı deyәr ki, mәn mollayam, axundam vә hamı molla vә axund olan surәtdә "mәn ağa, sәn ağa, bәs inәklәri kim sağa?" mәsәli--mәşhuri üz verib dünya bәrbad olar.


İNTELLİGENTLӘR QӘZETİ

T e l e q r a f. Peterburq. İntelligentlәr klubunda klub çlenlәrinin birisi ikicә saatın prodolceniyasında 23 min 894 manat pul vıiqrat elәyib, gecә poyezdilә Amerikaya otpravitsa oldu. O pulu proiqrat elәyәn әvvәlcә istәyib zastrelitsa olsun, amma sonra istәmәyibdir.

İ s t a t y a. Ay bizim bu müsәlmanlar qanmazdırlar ha? Çesnislovo, adam ruslar yanında az qalır ki, utandığından yerә girsin. Birdәn sluçay olur ki, bir rus kavaleri vә ya bir rus damasılә qulyaniyaya çıxırsan, bir dә görürsәn ki, qabağına bir adam çıxdı: başı qırxıq, saqqal qırmızı, әl hәnalı, ayağındakı başmaqlarının da taqqıltısı bir verstdәn eşidilir. Gәlib sәnin yanından keçdiyi bәs deyil, hәlә arsızlığına salıb, onların yanında sәnә bir salam da verir. Az qalır ki, dişin bağırsağını kәssin. Bununla belә dә bәzi liberallar çıxıb deyirlәr ki, bizә şkol lazımdır. Daha onu başa düşә bilmirlәr ki, bu müsәlmanlar bir bәdbәxt tayfadır ki, allah hәmişә bunları başıqapazlı yaradıbdır, çünki ona da layiqdirlәr. Әşi.... Nә deyim, vallah. Allah insaf versin Әhmәd bәy Ağayevә ki, Peterburqdan belә gedib gәzmәklә, adam görmәklә, qәzet yazmaqla qoymadı ki, bu qanmaz tayfanı hökumәt vıselit elәsin k çortu. Nahaq yerә başımızı tovladılar.


ӘSNAF QӘZETİ


T e l e q r a m. İsfahan. Burada bir seyid zühur edib, bir ocaq açıb vә bir ziyarәtgah qayırıb, arvad-uşaq hamısı başı-açıq, ayaqyalın onun hüzuruna gedib nәzir verirlәr. İki nәfәr mәlun bu qurban olduğuma şәkk gәtirdiklәri üçün, birinin gözü kor oldu, o biri dә ayaq üstә qurudu.

M ә q a l ә. Din әldәn getdi, müsәlmanlıq mәhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlәrini qırxdırdı!

Himmәt yox, hәmiyyәt yox, namus getdi, qeyrәt qalmadı. Papaq bizә haram olsun! Xalq bizi aldatdı. İttifaq yox, ittihad yox, heç utanmırıq, heç qızarmırıq. Din әldәn getdi, müsәlmanlıq mәhv oldu. Hәmiyyәt yox, namus getdi, qeyrәt qalmadı, iman süst oldu.

Papaq bizә haram olsun! Qaradavoy gәldi, qaç.


CAVANLAR QӘZETİ

T e l e q r a m. Parij. Burda tәzә bir zad ... camaat yox, cәmiyyәt yox, әcmәiniyyәt yox, yox, әşi, obşestvo әmәlә gәlibdir. Onun zadı ... belә nişanı yox, zad ... hә, mәqsәdi yaxşı-yaxşı işlәr görmәkdir. Amma biz bәdbәxt müsәlmanlar ... daha nә deyim!

Qabaq bizim müqәddәs vәzifәmiz odur ki, camaat içindә yaxşı-yaxşı işlәr görәk vә razı olmayaq ki, bizim camaat pis-pis işlәrә mәşğul olsun. Biz molodyoc, yox ... biz cavanlar gәrәk çoxlu-çoxlu yığılaq, orada söhbәt elәyib, camaatımızın dәrdinә yaxşı-yaxşı dәrman hazırlayaq. Biz gәrәk bu yolda çoxlu-çoxlu iş görәk vә razı olmayaq ki, hamı irәlidә olsun, amma bizim bәdbәxt camaatımız dalda qalsın....

Bu saat bizim camaat bir quyunun içindәdir, o quyu ki, onun adına rus dilindә nevecestvenni, amma bizim dilimizdә xәcalәt quyusu deyirlәr. İndi bizim borcumuz o quyunu darmadağın elәmәkdir vә ... vә....

İ d a r ә d ә n:--Vә boş-boş sözlәr danışmamaqdır.
XS
SM
MD
LG