Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:32

Üzeyir bəy Hacıbəyli. Opera dramın evini yıxdı


Deyirlәr ki, opera dramanın evini yıxdı....

Qәrәz, sözümüz bunda deyildir vә bәhsimiz dә özgә şey üstündәdir.

Mәqsәdimiz budur ki, oxucularımıza bir qәdәr dә teatr "mәlumatı" verәk. Çünki yәqinimdir ki, bizim oxucularımız: "Drama, komediya, tragediya, opera" sözlәrini özgә cürә başa düşürlәr. Halbuki bu sözlәrin mәnaları oxucularımızın bildiyi kimi deyildir.

Ay oxucu, tәqsir sәndәdir. Hәrgah keçәn cümә günü teatra gedib, "Qәzavat" dramasına baxsaydın, o halda yuxarıdakı sözlәrin әsl mәnasını öyrәnәrdin.

İndi ki, sәn getmәyibsәn, onda qulaq as, deyim.

Deyirlәr ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlәrin buraya dәxli yoxdur. Birdәn-birә fikrimә gәlib dedim. Bәli, keçәk mәtlәbә.

Gedib teatrda әylәşirsәn, pәrdә qalxır, oyun başlanır, tamaşa edirsәn. Birdәn görürsәn ki, artist sözünü qurtarıb, o yana-bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nә elәsin; utanır, tәrlәyir, dodaqlarını gәmirir, camaat da gözlәrini bunun üzünә dikib gözlәyirlәr ki, görәk oyunun dalı necә olacaqdır. Binәva artist yalvarıcı bir nәzәrlә gah qapılara, gah sәhnә dalına, gah suflyor hininә göz dolandırıb, amma heç bir yerdәn kömәk görmür. Bu binәvanı camaat qabağında belә bir çәtin hala salan onun öz yoldaşıdır ki, gәrәk vaxtında çıxıb, o da sözünü deyәydi, amma yoldaşı bivәfalıq edib çıxmaq istәmir.... İndi sәhnәdә naәlac qalmış olan bu artistin әhvalına deyәrlәr d r a m a.

Bәli, deyirlәr ki, opera dramanın evini yıxdı.... Ax, yenә bu söz dilimә gәldi, dedim. Zәrәr yoxdur. Söhbәtin dalına qulaq as.

Teatrda әylәşib tamaşaya qulaq asırsan. Birdәn görürsәn ki, söhbәtin şirin yerindә pәrdә düşdü. Camaat qaldı mәәttәl, sonra pәrdә qalxdı, sonra yenә endi, sonra yenә qalxdı, sonra yenә endi, bu işin adına deyәrlәr k o m e d i y a.

Deyirlәr ki, opera dramanı.... Әşi tulla bu sözü. Onsuz da bu barәdә dörd-beş ildir ki, danışırlar, qulaq as.

Bәli, teatrda artist sәhnәdә mәәttәl vә tamaşaçılar da oyunun dalına müntәzir qalıb, pәrdә dә gah enir, gah qalxır, gah enir, gah qalxır. Camaat bu komediyadan xoşlanmır, ovqattәlxlik әmәlә gәlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binәva başı alovlu, ora yüyürür, bura yüyürür. Ona yalvarır, buna yalvarır, axırda naәlac qalıb, iki әlilә başının tüklәrini yolur: Bunun da bu halına deyәrlәr t r a g e d i y a.

* * * * *

Camaat görür ki, işlәr şuluqdur. Durub yavaş-yavaş dağılırlar vә gedә-gedә yolda bu havanı "heyratı" üstündә oxuyurlar:

"Әvvәldәn bilseydim, almazdım bu bileti:

Dramaçılara allahdan ağıl istәrdim".

Buna deyәrlәr o p e r a. (....)

* * * * *

Bunlar hamısı keçәndәn sonra qәzet oxuyanlardan vә qәzet oxuyanlara qulaq asanlardan vә qulaq asanların söhbәtinә yığışanlardan qәrәz, müsәlmanların hamısından tәvәqqә olunur ki, qurban dәrilәrini cәmiyyәti-xeyriyyәyә versinlәr ki, Kars fәlakәtzәdәlәrinin ehtiyacına sәrf olunsun, başqa tәmәnnamız yoxdur.
XS
SM
MD
LG