Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Cəlilabaddakı qətl siyasi rəng alır


Aprelin 5-də Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə qətl hadisəsi baş verib. 10-cu sinif şagirdi Cavanşir Həsənli bıçaqla qətlə yetirilib. Cəlilabad şəhər Polis şöbəsinin rəis müavini Eldar Səfərov Azadlıqradiosuna bildirib ki, bu qətlə görə, həmin məktəbin 8-ci sinif şagirdi Vasif Mirələmli şübhəli şəxs qismində saxlanılıb.

ŞAGİRD ŞAGİRDİ NİYƏ QƏTLƏ YETİRDİ?

Vasif Mirələmov AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin oğludur. Təzəxan Mirələmli 2 aprel aksiyasında döyülməsi nəticəsində Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Oğlunun həbs olunması xəbərini də xəstəxanada olarkən eşidib. Təzəxan Mirələmli:

«Rayonla əlaqə saxlayıram, deyirlər ki, insident baş verib, uşağı da tutub aparıblar. Ölən özündən yuxarı sinifdə oxuyan uşaqdır, onu bilirəm ki, polis oğludur. İki gündür ki, uşaqla gəlib savaşırmış, uşaq da 8-ci sinifdə oxuyur. Bu gün aralarında yenə insident olub, bıçaq kimin əlində olub, bilmirəm, deyirlər ki, polisin oğluna bıçaq dəyib, ölüb».

«AKSİYADAN GÖRÜNÜR Kİ, BU HADİSƏ ƏVVƏLCƏDƏN PLANLAŞDIRILIB»

Təzəxan Mirələmli deyir ki, hadisədən sonra onun evinin qarşısında aksiya təşkil olunub:

«Aksiyaya rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov başçılıq edir. Başqa- başqa kəndlərdən müəllimləri yığıb gətirirlər ora».

Partiyanın Cəlilabad şöbəsinin üzvü Əlipənah Rzayev isə deyir ki, orta məktəb şagirdləri arasındakı hadisə əvvəlcədən təşkil olunub:

«Hökumət Təzəxan Mirələmlinin evinin qarşısında aksiya təşkil edib, rayonun təhsil şöbəsinin müdiri müəllimləri, şagirdləri yığıb ora, hətta kəndlərdən də müəllimlər gətirilib, icra hakimiyyətinin nümayəndələri də ordadır. İndi orda müxalifətə lənətlər səsləndirirlər, Əli Kərimlinin, İsa Qəmbərin ünvanına. Bu da ona dəlalət edir ki, deməli bu iş əvvəlcədən hakimiyyət tərəfindən planlaşdırılıb, o uşağı qısqırdıblar bu uşaqların üstünə, Təzəxanın da oğlu götürüb onu vurub».

Təzəxan Mirələmli
«MƏN NƏ BİLİM KİM YIĞIŞIB ORA»


Cəlilabad şəhər təhsil şöbəsinin müdiri Ədalət Əsgərov isə deyir ki, Təzəxan Mirələmlinin yaşadığı ünvandakı aksiyadan xəbərsizdir:

«Mənim məlumatım yoxdur. Təzəxan Mirələmli Cəlilabadda müəllimlər binası var, orda yaşayır, orda ancaq müəllimlər olurlar. Mən nə bilim ora müəllim gəlib, şagird gəlib, tələbə gəlib, mən Cəlilabadda təhsil şöbəsinin müdiriyəm, indi də başqa kənddə tədbirdəyəm, mən nə bilim kim yığışıb ora?».

«ÖLƏN GƏLİB ONA ŞİLLƏ VURUB, O DA BIÇAĞI ÜRƏYİNƏ SOXUB»

Cəlilabad şəhər polis şöbəsinin rəis müavini Eldar Səfərovun verdiyi məlumata görə isə, qətl hadisəsi saat 11.15-də orta məktəbdə baş verib:

«Orta məktəbdir də. Dalaşıblar, ölən gəlib ona bir şillə vurub, o da gedib evdən bıçaq gətirib, soxub ürək nahiyəsinə, o da ölüb. Hadisə budur. Sonradan uşağın yerini müəyyən eləyib gətirmişik, şöbəmizdədir. Prokurorluq dindirir».

Rəis müavini Təzəxan Mirələmlinin bu hadisənin əvvəlcədən təşkil olunması ilə bağlı dediklərini qəbul etmir: «Təzəxan belə şeydən də alver eləyir. Oğlu adam öldürüb, indi siyasiləşdirmək istəyir hadisəni».

Rəis müavini həmçinin deyir ki, mərhumun atası indi polisdə işləmir. O, 10 il əvvəl polisdən xaric edilib.

Cavanşir Həsənlinin əmisi Əmməd İstər AzadlıqRadiosuna bildirib ki, hadisədə siyasi motiv axtarmağa dəyməz: «Uşaqlardır, sözləri çəp gəlib, dalaşıblar, hadisədir, baş verib».

Əhməd İstər Təzəxan Mirələmlinin evinin qarşısında aksiya keçirilməsindən xəbərsiz olduğunu bildirib.
XS
SM
MD
LG