Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:43

Mirzə Ələkbər Sabir. Hə, de görüm, nə oldu bəs?















Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların....
Yoxsa qanıb da eybini boşlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?

Sən demədinmi, sağlamam, yox bədənimdə bir mərəz?
Mən demədimmi, nəfsinin əslinə hirs olur ərəz?
Sən demədinmi, şəxsimə əl tapa bilməyib qərəz?
Та ki, olundu imtəhan, mən deyən oldu, olmadı?

Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki
Verməyəcək riza gələ ölkəmizə Ətabəki?!
Noldu ki, tez boşaldı bəs iş görən əncüməndəki?
Köhnə qapı, haman daban, mən deyən oldu, olmadı?

Sən о deyilmidin, dedin: dumdur ümidgahımız?
Mən demədimmi, var buna dumduru iştibahımız?....
Bakı vəkili getdimi, oldumu dadxahımız?
Get, hələ xamsan, dolan, mən deyən oldu, olmadı?

Sən demədinmi, dumada rəf olur ehtiyacımız?
Mən də dedimmi, çox yemə, tez pozular məzacımız?....
Qara bulutlar oynaşır, indi nədir ilacımız?
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?

Sən о deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna etimadımız....
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız....
Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?
XS
SM
MD
LG