Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:46

Dövlət ev tikmir, özəl şirkətsə ev alanın gözünü yolda qoyur


«PULUMUZA TİKİLƏN EVİ BİZƏ VERMƏK İSTƏMİRLƏR»

«Alyans-NN» şirkəti ilə müqavilə bağlamışıq, 5 nəfər qeyri-yaşayış, 65 nəfər mənzil sahəsi üçün. Hər bir mənzil üçün, qeyri-yaşayış sahəsi üçün 2007-ci ildə 50 faiz ilkin ödəniş kimi ödəmişik, qalan hissəsini də öhdəlik əsasında 1 il ərzində ödəmişik. Ödənişi tam etmişik, heç bir borcumuz qalmayıb, maliyyə arayışı da verilib bizə. Bizim pulumuzla tikilən evi indi bizə vermək istəmirlər».

Bu, «Alyans-NN» Mənzil Tikinti Kooperativi tərəfindən aldadıldığını iddia edən 70 nəfərdən biri- Müslüm Bayramovdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək üçün aprelin 8-də növbəti dəfə İcra Hakimiyyəti binasının qarşısına yığışan bir qrup adam iddia edir ki, 2007-2008-ci illərdə «Alyans NN» Mənzil Tikinti Kooperativinə mənzil almaq üçün müqavilələr əsasında ödənişlər ediblər, ancaq indi şirkət onlara çatacaq mənzili vermək istəmir. Onların sözlərinə görə, 2009-cu ildə şərikli şirkət rəhbərlərinin öz aralarında işgüzar əlaqələrə son qoyması mənzil alanları bəlaya salıb.

«KİM KİMİNLƏ ŞƏRİKDİR, MƏNİ MARAQLANDIRMIR»


Başqa bir şikayətçi Novruz İbrahimov şirkətə 2 mənzil üçün 100 min manatdan artıq pul ödədiyini deyir: «Mən ordan 2 mənzil almışam. 2008-ci ildə pullarını ödəyib qurtarmışam. Mən mənzil alanda mənə deməmişdilər orda kim kiminləsə şərikdir. Heç məni maraqlandırmır da. Mən şirkəti tanıyıram, şirkətdən də evimi tələb edirəm, vəssalam».

Müslüm Bayramov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şikayətçiləri qəbul etdi və bildirdi ki, məsələni yoluna qoymaq üçün şirkət rəhbərləri ilə yenə danışacaq. Hacıbala Abutalıbov danışıqlar üçün şikayətçilərdən aprelin 12-nə qədər möhlət istəyib. Ancaq şikayətçilər deyirlər ki, bundan əvvəl iki dəfə də Hacıbala Abutalıbovun qəbulunda olublar və eyni sözləri eşidiblər.

İCRAÇI DİREKTOR ŞİKAYƏTÇİLƏRLƏ RAZILAŞMIR


«Alyans NN» MTK-nın icraçı direktoru Şirin Əzizov isə APA agentliyinə deyib ki, şikayətçi şəxslərin müqavilələri saxtadır. Onun sözlərinə görə, həmin şəxslər 2007-ci ildə şirkətlə müqavilə bağlayıblar. O vaxt şirkətdə satış şöbəsinin rəhbəri olan şəxs vəfat edib. Şirin Əzizov deyib ki, ev aldıqlarını iddia edənlərin adları firmanın sənədlərində yoxdur.

Şikayətçilər isə iddia edirlər ki, pulları satış ofislərindən birinin rəhbəri Araz Rəhimov adlı şəxsə ödəyiblər.

Şirkətin keçmiş işçisi Araz Rəhimov AzadlıqRadiosuna şikayətçilərin haqlı olduğunu söyləyir: «Müqavilələri mən bağlamışam, pulları mənə veriblər, o adamlar haqlıdırlar, sənədləri də qanunidir. Pullarını ödəyib maliyyə arayışlarını da alıblar. Əgər şirkət o pulları qəbul etməyibsə kassaya, o möhür o sənədlərə necə vurulub ki? Hansı şirkət pulu qəbul etmədən öz möhürünü vurar sənədə? Orda direktorun da imzası var, satış şöbəsinin müdirinin də».

«EVİMİZİ İSTƏYİRİK»

«Biz evimizi istəyirik. Nə evimizi verən var, nə də pullarımızı. 8 aydır istintaq gedir, 8 aydır küçələrdəyik. O buna buyurur, bu ona, ortalıqda da heç nə yoxdur».

Bunu isə «Muray» şirkəti tərəfindən aldadıldıqlarını iddia edənlər deyir. Onlar indi Bakı Şəhər İcra Hakimiyyətinin yox, Prezident Aparatının qarşısına yığışmağı daha effektiv hesab etdiklərindən bura toplaşırlar.

«Muray» şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi üzrə cinayət işi başlanıb. Rəsmi məlumata görə, tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıb.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyir ki, dövlət ev tikintisi ilə məşğul olmur, ev almaq istəyənlər də özəl şirkətlərə üz tutmaq məcburiyyətində qalırlar. Onun sözlərinə görə, özəl şirkətlə alıcı arasında ev alqı-satqısına dövlət nəzarəti olmadığından aldığı mənzilin açarını əldə etmək əksər hallarda alıcının ya sağlamlığını itirməsi bahasına başa gəlir, ya da o, külli məbləğdə pul ödəsə də, sonda evsiz qalır:

«BÜTÜN MÜQAVİLƏLƏR NOTARİUSDA TƏSDİQLƏNMƏLİDİR»


«Dövlət yalnız tikintinin keyfiyyətinə, tikintidə normativ qaydalara əməl olunmasına, müvafiq icazələrin alınmasına, lisenziyalaşdırmaya, tikintidə əmək qanunvericiliyinin qaydalarının pozulmasının qarşısının alınmasına nəzarət edir. Təəssüflər olsun ki, dövlət tikinti şirkətləri ilə vətəndaşlar arasındakı alqı-satqı münasibətlərinə qarışmır. Bunların həll olunma mexanizmi yalnız məhkəmə qaydasındadır».

Ramil Osmanlının sözlərinə görə, tərəflər arasında bağlanan müqavilə mütləq notarius tərəfindən təsdiq olunmalıdır: «Yəni dövlət bu müqavilənin doğruluğuna təminat verməlidir. Ancaq bu müqavilələr notariatda təsdiq olunmur, tərəflər arasında bağlanır. Nəticədə hər hansı problem qarşısında şirkətin qanunvericilik baxımından o mənzillərə sahib çıxmaq imkanları istehlakçı ilə müqayisədə 80-90 dəfə artır», Ramil Osmanlı belə deyir.

Tikinti şirkətləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində tez- tez müxtəlif məhkəmə prosesləri keçirilir. Məhkəmə qarşısına çıxarılan tikinti şirkətlərinin rəhbərləri əsasən dələduzluqda – konkret desək, şirkətlə müqavilə bağlayan adamları aldatmaqda təqsirləndirilirlər. «GEN» MMC tikinti şirkəti ilə bağlı məhkəmə bu qəbildən ən səs-küylüsü idi. Şirkət rəhbərliyi 373 vətəndaşın külli məbləğdə pullarını mənimsəməkdə ittiham olunurdu. Şirkət rəhbərlərinə 11 iləcən iş kəsildi.
XS
SM
MD
LG