Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Sumqayıtda «yenidənqurma» işləri davam edir


«Bizə aprelin 11-də Memarlıq və Şəhərsalma İdarəsindən Şəhərin planına uyğun gəlməyən obyektlərdə fasad dəyişikliyi edilməsi barədə bildiriş gəlib. Biz aprelin 12-si bununla bağlı idarəyə müraciət etmək istəyərkən artıq çayxanamızın qarşısında polislər və ekskavator var idi. Onlar çayxananın icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı göstəriş verildiyini dedilər. Bu ərazidə «İmperial» banket zalı da var idi. Bizim çayxana ilə birgə onu da əllərində heç bir sənəd olmadan sökdülər»

Bunu sökülən çayxana sahibi Ramil Abuşovun qardaşı Ayaz Abuşov deyir. O qeyd edir ki, bununla bağlı İcra hakimiyyətinə müraciət etsələr də onları qəbul etməyiblər.
Yeri gəlmişkən martın 29-dan Sumqayıt şəhərində abadlıq işləri adı altında binalarının kənarındakı ticarət köşklərinin, mağazaların sökülməsi ilə bağlı çoxsaylı şikayətlər eşidilməkdədir. Həmin şikayətlərdə son günlər Sumqayıtda 40-a yaxın obyektin söküldüyü bildirilirdi.

Aprelin 12-də oxşar aqibətlə üzləşdiklərini deyən Ayaz Abuşovun sözlərinə görə, onların çayxanaları isə Sovet dövründən tikilib və babasının adına olub. 1996-1997-cı ildə özəlləşdirilib. 2010-cu ildə isə Daşınmaz əmlakın Dövlət Reysteri tərəfindən Ramil Abuşova məxsusluğu təsdiqlənib.

İcra Hakimiyyəti Memarlıq şöbəsinin müfəttişi Kənan Babayev isə AzadlıqRadiosuna deyib ki, qeyd edilən işlər Bələdiyyə parkının abadlaşdırılması ilə bağlıdır:

««İmperial» banket zalının 173 , onun yanındakı kafenin isə 25 kvadratmetr sənədsiz sahəsi var, onlar sökülüb. Parkın quraşdırılması məqsədilə abadlıq işləri görülür. Bu səbəbdən oradakı bütün obyektlər ölçülür-biçilir. Hansı obyektlərin sənədləri qaydasında olarsa yenidən layihə ilə müasir üslubda düzəldiləcək»
XS
SM
MD
LG