Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Zəlimxan Yaqub: Müxalifət mitinq məsələsini qoysun sandığa, ağzını da bağlasın!


Mənbə: "Yeni Müsavar"

Əslində biz ölkədə yüksələn xətlə gedən gərginlikdən səmimi şəkildə narahat olduğumuzdan ötrü bir ziyalı sözünə ehtiyac duyurduq.

Çoxları yaxşı başa düşür ki, cəmiyyətdəki parçalanma, ziddiyyətlərin gündən-günə dərinləşməsi millət və dövlət olaraq xeyrimizə deyil.

Belə zamanlarda isə adətən ziyalı sözünə, ağsaqqal məsləhətinə ehtiyac olub ki, meydana çıxıb qarşı duran tərəfləri bir masa arxasında əyləşdirsin, onlar arasında vasitəçi olsun.

Dünən bu məqsədlə bir neçə tanınmış ictimai xadimlə əlaqə saxladıq. Amma təəssüf ki, söhbətimiz baş tutmadı.

Xalq şairi Zəlimxan Yaqub isə çoxdan bəri qəzetimizə embarqo qoyduğundan onunla müsahibənin baş tutacağına, doğrusu, əmin deyildik. Ancaq alındı.

Baxmayaraq ki, xalq şairi özü də etiraf etdiyi kimi, çox aqressiv idi, müxalifətə, onun mətbuatına qarşı, çox qəzəbli idi.

- Zəlimxan bəy, ölkədəki durumu yəqin ki, izləyirsiniz. Son vaxtlar dialoqun zəruriliyindən çox danışılır. İqtidar və müxalifəti bir araya gətirmək üçün təşəbbüslə çıxış etmək niyyətiniz yoxdur ki?

- Əzizim, mən arzu edərdim ki, müxalifət düşərgəsi malı mala qatmasın. Liviya ilə, Misirlə, Sudanla Azərbaycanı eyniləşdirməsin.


"Azərbaycan xalqının heç bir yaxşı adamı olmadımı? Bir damcı işıq yeri yoxdurmu? Bir ağsaqqal yoxdurmu? Elə hamısı pismi oldu? Kim bu dövlətçiliyi müdafiə edir, hamısı pisdir. Kim müxalifətlə küçəyə çıxır, yaxşıdır. Bu mövqedən əl çəkin, qardaş!"
Oradakı şeylərə şirnikməsinlər. Müxalifətdəkilər də bu xalqın oğullarıdır, iqtidardakılar da. Ona görə mən arzu edərdim ki, mitinq məsələsini təmiz yaddan çıxartsınlar.

Əgər doğrudan da müxalifət Azərbaycan xalqının, Azərbaycan dövlətinin yaxşı olmağını istəyirsə, zəhmət çəksin iqtidar nümayəndələrini dialoqa dəvət eləsin.

- Dəfələrlə dəvət edib, bəy.

- Dəvət edib çox yaxşı. İqtidar da gəlsin, müxalifət də. Bu xalqın oğullarıdır. Düşmən obrazı yaratmayın bir-birinizdən.

Bu xalq təzə azad olub, təzə nəfəs alır. Təzədən dağıtmaqmı istəyirsiniz bu ölkəni?

Ona görə mən Zəlimxan Yaqub olaraq iqtidarla müxalifətin dialoqunu tələb edirəm. Çünki heç biri Amerikadan gəlməyib. Heç biri başqa məmləkətin vətəndaşı deyil.

Hansı problemləri var, hansı məsələlər həll olunmalıdır, nələrdə çətinlik çəkilir, hansı səhvləri düzəltmək lazımdır? Bunu küçəyə çıxıb həll etmək olmaz. Müxalifətçilər qışqırır “Azadlıq”, “Azadlıq”.

Hansı azadlıq, nə azadlıq? Bunun bir mahiyyətini açın ki, nə deməkdir? Müxalifətə sözüm bundan ibarətdir - indi mənim sözüm necə qarşılanacaq, bu, onların işidir - mitinq məsələsini birdəfəlik qoysunlar sandığa, ağzını da bağlasınlar.

Çünki dünyada heç bir mitinq heç bir dövlətə, heç bir xalqa xeyir verməyib.

Doğrudan da əgər siz sözün həqiqi mənasında xalqı, dövləti qorumaq istəyirsinizsə, iqtidarla dil tapmalısınız, bir məxrəcə gəlməlisiniz. Küçədə qışqırmaqla sənin səsin hara gedib çıxacaq? O xarici ölkələrin, o xarici səfirliklərin guya bizə canı yanır?

Əgər mənə canı yanırsa, 20 ildir BMT-nin 4 qətnaməsi var, niyə bir dəfə səsini qaldırmır? Burda bir adam döyülən kimi, bir adam qışqıran kimi dünyanı dağıdır.

Bəs mənim 1 milyon qaçqınım-köçkünüm var, beynəlxalq aləm onunla bağlı niyə səsini qaldırmır? Guya onlar məni çox istəyir? Onlar məni çox istəmir. Onlar öz maraqlarını istəyir.

Müxalifətin Bakının mərkəzində mitinqi. 2 aprel 2011
Xarici qüvvələr Azərbaycanı dağıtmaq istəyirlər. Ona görə də müxalifət qüvvələrindən xahiş edirəm, hay-küyü yığışdırsınlar, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi ilə dialoqa gəlsinlər. Bir məxrəcə gəlsinlər, bu dövlətin başına yenidən faciə, müsibət gətirməsinlər.

Özü də ağılları başqa dövlətlərə, başqa yerlərə getməsin.

Bunu Afrika ilə, başqa ölkələrlə qarışdırmaq lazım deyil. Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir. Mən demirəm ki, hamı süd gölündə üzür. Elə şey yoxdur. İşsizlik var? Var! Rüşvətxorluq - var! Dünyanın hansı ölkəsində işsizlik yoxdur?

Amma əgər istəyirsənsə ki, bu işsizliyi qaldırasan, bu qapı-pəncərəni niyə sındırırsan, o binaları niyə dağıdırsan? O gözəl şəhəri niyə sən zibil yeşiyinə döndərirsən?

Ona görə də sözüm ondan ibarətdir ki, müxalifət bəzi şeylərə şirnikməsin. Mən bilmirəm, kim nə alır, nə verir, elə şeylərə getməsinlər. Bu xalq yazıqdır. Onu yenidən yaman günə qoymasınlar.

- Əslində ziyalının missiyası arbitr rolunda çıxış edərək hər iki tərəfə sözünü deməkdən ibarət olmalıdır. Əgər irad, tənqid varsa da hər iki tərəfə ünvanlanmalıdır.

- Tamamilə doğrudur. Mən iqtidara da deyirəm, müxalifətə də.

Bir misal var. Deyir ki, atlı ilə piyada görüşmək istəyəndə atlı başını bir az aşağı əyir, piyada da dabanını qaldırır, görüşürlər.

Vay o gündən ki, nə atlı başını aşağı əyir, nə də piyada dabanını qaldırır. Onda qiyamət qopur. Ona görə də sözümü iqtidara da deyirəm, müxalifətə də. Hər iki tərəf bu xalqın övladlarıdır.

Ona görə bu xalqla bağlı yaxşı iş görmək istəyirsinizsə, ortaq məxrəcə gəlin. 50 dənə televiziya kanalı var, bir-birinizi dəvət edin, hörmətlə, ehtiramla. Düşmən obrazı yaratmayın.

- Elə müxalifət də bunu deyir ki, hətta İctimai Televiziyada belə ona efir vaxtı verilmir. Həmçinin toplantılarını keçirmək üçün yer ayrılmır...

- (Əsəbi halda) Necə yer ayrılmır? Müxalifətə yer ayırırlar e. Dövlət sənə icazə verir. Ancaq sən deyirsən ki, yox, mən Fəvvarələr meydanına getməliyəm. Qardaş, Fəvvarələr meydanı mitinq yeridir?

Bura xarici qonaqlar gəlir, görürlər ki, bu bir dövlətdir, gözəl bir şəhərdir.

Sən bunu niyə qırıb-dağıtmalısan? Harda yer verirlər, get orda sözünü de də. Gərək hökmən şəhərin ortasında deyəsən?

- Zəlimxan bəy, hələ istintaq özü də pəncərələrə daş atan naməlum şəxslərlə bağlı araşdırmaları davam etdirdiyini deyir. Ortada videokadrlar da var. Ona görə də qəti qərar verməyə tələsməyin...

- Naməlum şəxslər oldu-olmadı, qardaş, fakt budur ki, bu, mitinqlə bağlı olub. Sən mitinq eləməsən, kimsə sui-istifadə etməz.

Mənim bir sualım var. 20 ildir mitinq edirlər. Bu 20 ildə müxalifət nəsə irəli gedib, dövlətin, xalqın xeyrinə bir iş görübmü? Bu mitinqlər kiməsə xeyir verməyib!

Ona görə də mitinqlə məsələ həll olunan deyil. 21-ci əsrin 10 ili keçib. Sivil yollar var, dünyanın mötəbər təşkilatlarında, böyük məclislərdə, tribunalarda gedən söhbətlərə fikir verin.

- Elə böyük dövlətlər, beynəlxalq təşkilatlar da çağırış edirlər ki, ki, Azərbaycanda islahatlara gedilməlidir...

- Mən yüz faiz inanıram, Amerikanı da, Rusiyanı da yaxşı tanıyıram. Onların hamısı Azərbaycana düşmən qüvvələrdir, hamısı Azərbaycanın ziyanına işləyir.

Bu gün xarici ölkələrdə kimlər ki, hay-küy qopardır ki, ay Azərbaycanda dünyanı dağıtdılar, onlar hamısı bu xalqın, müstəqil dövlətimizin düşmənləridir.

Təzəcə bu dövlət müstəqil olub, qardaş. Sənin dövlətin müstəqildir. Heç olmasa bunu gözünün qabağına gətir ki, bu müstəqilliyin qədrini bilmək lazımdır.

- Bu gün müxalifətdə olanların, həbs edilənlərin bəziləri elə Azərbaycanın müstəqilliyinə səs verən, müstəqillik uğrunda, bayraq uğrunda mübarizə aparan, bu yolda həbsxanalardan keçən şəxslərdir...

- Bu müstəqilliyə səs verən şəxslər zəhmət çəksin müstəqilliyin qədrini bilsin. Hay-küylə yox, savadla, intellektual səviyyə, ziyalı mədəniyyəti ilə...

Ən yüksək səviyyədə oturub söhbət etmək olar. Şübhə etmirəm ki, sizin cəbhədə səviyyəli adamlar var. Oturub söhbət etsinlər ki, bu vəziyyət kimə xeyir verir.

- Eşitdiyimizə görə, siz də vaxtilə Müsavat Partiyasının üzvü olubsunuz...

- Mən heç vaxt, anadangəlmə heç bir partiyanın üzvü olmamışam, heç bir partiya tanımamışam, heç bir partiyaya ərizə yazmamışam.

Mən deputat olan dövrdə deyirdilər ki, Zəlimxan Yaqub YAP-çıdır, filandır, yalan-yalan yazırdılar. Sonra da məlum oldu ki, belə deyil. Bu, qəhrəmanlıq deyil, mən onunla öyünmürəm. Mən Azərbaycanın tanınmış xalq şairiyəmsə, mənim partiyamın adı xalqdır.

Mənim harda, hansı düşərgədə olmağımdan asılı olmayaraq, öz marağım var. Mənim marağım Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasıdır, xalqımızın rahat yaşamasıdır.

Mitinqlə xalqı rahat yaşatmaq olmaz. Əksinə, onu daha böyük bəlalara düçar edərsən.

Bu mitinqləri aparmaq bizi istəməyən xarici qüvvələrin əlinə ilgək verməkdir ki, barmaq keçirsin, bəhanə eləsin, ağzına gələni danışsın, gündə bizim ünvanımıza söyüş, təhqir yağdırsın.

- Elə küçələrə çıxanlar da bu xalqın nümayəndələridir. Onlarla normal, qanunlara uyğun davranmaq olmazmı?

- Bütün mitinqlərin, çıxışların, haray-həşirlərin, bütün o “Azadlıq” deyə, bağıranların hamısının əleyhinəyəm. Kim barəmdə nə fikirləşər, nə yazar, özü bilər.

Mənim bir sifətim, bir əqidəm var. 20 sifətim yoxdur ki, kiməsə xoş gəlmək üçün üzdə bir, arxada başqa söz deyim. Mövqeyim açıq-aşkar xalqın qarşısındadır.

Mən sədaqətlə Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin, İlham Əliyev səngərinin tərəfində dayanıram. Adi bir şeyə görə milçəyi fil edib ağızlarına gələni yazırlar. Nəyə lazımdır bunlar? Naziri, deputatı, prezidenti düşmən edirlər.

Bunlar hamısı bu xalqın oğullarıdır. Mən gedib Amerikadan bura nazir gətirəcəyəm?

- Siz yəqin ki, iqtidar qəzetlərinə, telekanallara da baxırsınız və müxalifətdən düşmən obrazının yaradılmasına göstərilən cəhdləri müşahidə edirsiniz. Bəs onlara necə, bir iradınız yoxdur?

- Sözüm odur ki, onlar daha güclü işləməli, sizinlə söhbət eləməli, iş aparmalıdırlar. Bu müxalifət bir bəla, bir xəstəlikdir. A kişi, təsəvvür elə, ədəbiyyatda da iqtidar-müxalifət var. Şairləri bölüblər bu, iqtidardır, bu, müxalifət.

Hər şeyi bölüblər, bölünməyən yoxdur. Şiə-sünni davasından betər ediblər.

Ayıbdır, a kişi. 21-ci əsrdir. Məsləhət deyil belə şeylər, xeyir verməyəcək. Bu yaxşıdırmı kimlərsə döyülüb. İnsan öz şəxsiyyətinə hörmət etməlidir. Axı sən niyə döyülürsən, qardaş?

- Əslində bu sual döyənə ünvanlanmalıdır ki, sən vətəndaşı niyə döyürsən?

- Özünü döydürürsən, sonra da deyirsən məni döydülər, mən olum millət qəhrəmanı. Millət qəhrəmanı olmaq üçün gedirlər cəbhədə şəhid olurlar.

- Siz özünüz də parlamentdə olubsunuz. Elə bu qurumda "Sərbəst toplaşma haqqında" Qanun qəbul olunub...

- Sərbəst toplaşma qanunu var. Amma deyir ki, şəhərin filan yerini sənə vermişəm. Get, orda nə qədər sözün var, de. Sən də deyirsən yox, mən Fəvvarələr meydanında deyəcəyəm.

Axı görürsən şəhərdə maşınların nə qədər çətinliyi yaranır. Qarışqadan çox maşın var.

- Hər halda, fikirlərinizə hörmətlə yanaşırıq. Ancaq ölkədə gərginliyin yüksələn xətt üzrə getməməsi üçün vasitəçilik etmək niyyətiniz varmı? Fakt budur ki, səlahiyyət sahibi hakimiyyətdir və müxalifəti danışığa dəvət edə bilər...

- Əminəm ki, həmin o səlahiyyət sahibləri sizi dialoqa dəvət edəcək. Siz də çox yüksək mədəniyyətlə o dialoqa getməlisiniz və oturub söhbət eləməlisiniz.

- Bəs sizin təşəbbüsünüz olacaqmı?

- Yəqin olacaq. Niyə olmur ki. Elə dediyim kimi, mən dövlətin, dövlətçiliyin tərəfdarıyam, prezidentin də sağ tərəfindəyəm.

- Adətən ölkədə ziyalı qıtlığından danışılır...

- Ziyalı qıtlığı yoxdur. Nə qədər desən, gözəl ziyalılar var. Düzdür, 20 ildir sizin o müxalifət qəzetləri Üzeyir bəy qalmadı, Mirzə Fətəli Axundov, Səməd Vurğun, Nərimanov, Rəsul Rza qalmadı...

Bir dənə hörmətli adam qoymadınız, hamısını ləkələyirsiniz, özü də deyirsiniz ziyalı yoxdur.

Niyə yoxdur ziyalı? Bütün sahələrdə gözəl ziyalılar var. Müxalifət mətbuatı gündə biri haqqında ağzına gələni danışır, dönə-dönə hörmətli şəxsiyyətləri ləkələyir.

Özü də məndən müsahibə istəyir. Məşədi İbad demişkən, mənə meymun dediyin bəs deyil, hələ salam da verirsən?! Müxalifət qəzetinin mənə zəng eləməyə ixtiyarı yoxdur.

Bir dənə adam göstərin ki, siz bu illər ərzində onu hörmətdən salmayıbsınız. Hara gedirsiniz bununla? Belə şey olmaz axı. Məni indi də təhqir edir müxalifət mətbuatı.

Bir dənə cəmdəyinə tüpürmədiyiniz ziyalı qalmayıb. Hamısını məhv edibsiniz.

İndi də ziyalı tələb edirsiniz. Ziyalını qoyursunuz ki, ziyalı kimi qala, indi də ondan nəyisə tələb edəsiniz?

- Zəlimxan bəy...

-... Bir az gözünüzü açın, Azərbaycan xalqını yaman günə qoymayın. Bu xalqın çox yaxşı ziyalıları, siyasət xadimləri də var.

Sadəcə “nənəm mənə kor deyib, hər gələnə vur deyib”... Müxalifət qəzetlərini açırsan, Allah göstərməsin, adam deyir, görən, bu dünyanın axırıdırmı, Azərbaycan xalqının heç bir yaxşı adamı olmadımı?

Bir damcı işıq yeri yoxdurmu? Bir ağsaqqal yoxdurmu? Elə hamısı pismi oldu? Kim bu dövlətçiliyi müdafiə edir, hamısı pisdir.

Kim müxalifətlə küçəyə çıxır, yaxşıdır. Bu mövqedən əl çəkin, qardaş!

- Zəlimxan bəy, elə danışdınız, 2 aprel mitinqini dağıdanlardan daha aqressiv təsir bağışladınız...

- Bu, mənim vətəndaş mövqeyimdir, ola bilər aqressivdir. Yenə deyirəm, qardaş, özünü döydürmə! Sən insani yolla hərəkət elə.

Ola bilər, biri vurar, deyərsən ki, “sağ olma!” Amma bir də var ona bir mənalı baxasan, deyəsən “çox sağ ol”. İkincinin təsir qüvvəsi haray-həşirlə deyilən sözdən çox güclüdür. Mənim yeganə idealım müstəqil Azərbaycan dövlətini qorumaqdır.

Görürsən necə qırırlar. Guya Amerika İraqa yaxşılıq gətirirdi. Bu gün də qan su yerinə axır. Əfqanıstan da elə. Misir də, Liviya da, Sudan da, Yəmən də.

Onumu istəyirsiniz ki, Amerika, Rusiya gəlib bu xalqı öz tankının altına qoysun, siz də kef çəkəsiniz?

- Bəy, rus qoşununu bu ölkədən çıxaran elə sizin tənqid etdiyiniz bugünkü müxalifətçilər olub. Onlar bu ölkənin müstəqilliyini az istəmir...

- Nə isə, mən sözümü dedim, qardaş.

- Yeri gəlmişkən, oğlunuz Gömrük Komitəsindən işdən çıxarılmışdı. Bərpa etdirə bildinizmi?

- Mən sizin suallarınıza cavab verdim. İctimai məsələlərdən şəxsi məsələlərə keçməyin. Vəssalam...

Elşad PAŞASOY
"Yeni Müsavat"
XS
SM
MD
LG